AXCP-dən sonra Milli Şurada da “Yeni Müsavat” qəzetinə hər hansı açıqlama və müsahibə vermək qadağan olunub. Bununla bağlı qəzetin yaydığı məlumatda bildirilir ki, Milli Şuranın partiya mənsubiyyəti olan və olmayan üzvləri “Yeni Müsavat”la əməkdaşlıq etməmək haqqında göstəriş aldıqlarını deyiblər.
"Göstərişin AXCP sədri Əli Kərimlidən gəlməsinə heç bir şübhə yoxdur", - məlumatda qeyd olunur.
Vətəninfo.az xəbər verir ki, Teleqraf.com məsələyə aydınlıq gətirmək üçün “Yeni Müsavat”ın təsisçisi Rauf Arifoğluna müraciət edib.
Rauf Arifoğlu bildirib ki, siyasi partiya rəhbərinin jurnalistin sorğusuna cavab verməkdən imtina etmək hüququ yoxdur: "Bu qanunlara da, demokratik prinsiplərə də zidd addımdır. Amma bizim bununla bağlı harasa müraciət etmək niyyətimiz yoxdur. Məsələni ona görə işıqlandırdıq ki, biz Əli Kərimli və onun ətrafındakıların necə bir zəkaya sahib olduğunu göstərək. "Yeni Müsavat" qəzetində bunlar təbliğ olunub, dəstəklənib, necə lazımdırsa, görünüblər. Biz təmənnasız olaraq bunlara informasiya dəstəyi vermişik. Dəstəyə necə "dözümlü" olmuşdularsa, tənqidə də dözməli idilər. Göründüyü kimi, belə bir zəkaya sahib deyillər".
R.Arifoğlu qeyd etdi ki, "Yeni Müsavat"a qarşı qəbul edilən qərar Milli Şuranın əslində AXCP və konkret olaraq onun sədri Əli Kərimlidən asılı olduğunu, onun iradəsi ilə hərəkət etdiyini göstərir: "Milli Şuranın rəhbərliyində təmsil olunan dostlarımız bizimlə söhbətlərində üzrxahlıq edirlər və qeyd edirlər ki, onlar AXCP-nin virtual məkandakı dayaqlarının hədəfinə tuş gəlmək istəmirlər. Və bizdən xahiş edirlər ki, onlardan açıqlama almayaq".
R.Arifoğludan AXCP sıralarından istefa verən sədr müavini Razi Nurullayevə qarşı aparılan kampaniyaya da münasibət öyrəndik: "Bu, partiyanın daxili işidir. Mənim bu məsələyə qarışmağım düzgün olmaz. Razi Nurullayev Azərbaycanın dəyərli ziyalılarındandır. Vicdanlı, sözün düzünü deyən insanlardandır. Təəssüf ki, Razi bəy də AXCP-də olanda "Yeni Müsavat"a qarşı tətbiq edilən sanksiyada iştirak edib. Mən ondan bunun səbəbini soruşmaq istəyirəm".
Bununla belə R.Arifoğlu bildirdi ki, onun AXCP rəhbərliyi haqqında düşüncələri R.Nurullayevin fikirləri ilə yüzdə-yüz üst-üstə düşür: "Razi Nurullayevin Əli Kərimli barədə düşüncələrini bölüşürəm".