Ramiz Əmirli: "Tanınmış hüquqşünas İlham Rəhimov Ramilin işinin beynəlxalq hüquq qanunları çərçivəsində həllini tapması üzərində çalışır"
Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyətinin rəhbəri Ramiz Əmirli ilə müsahibə
- Ramiz bəy, Macarıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun vəziyyəti necədir?
- Əvvəla, fürsətdən istifadə edib bütün millətimizə uzaq Macarıstanda yaşayan soydaşlarımızın səmimi salamlarını çatdırıram. Qaldı buradakı Azərbaycan diasporunun vəziyyətinə, düzü, Macarıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun vəziyyəti heç də ürəkaçan deyil. O mənada ki, daha qüvvətli diaspor yarada və fəaliyyətimizi daha da qüvvətləndirə bilərik. Məsələyə burada soydaşlarımızın az yaşaması böyük təsir edir. Amma bununla yanaşı, türk qardaşlarımızla birgə addımlar atırıq. Hesab edirəm ki, hər zaman bu məsələdə birgə addımlar atmalıyıq. Hamımız türkük və diaspora işində də birgə fəaliyyət göstərməyimiz birgə maraqlarımıza cavab verir. Mən istərdim ki, diaspora işində həmin ölkədə ölkəmizi təmsil edən səfirliklər daha cox yardımçı olsunlar. Cünki səfirlik və diaspora birlikdə cox işlərə nail ola bilərlər.
- Bir müddət öncə xəbər yayıldı ki, Macarıstan parlamentində Xocalı faciəsinin tanınması ilə bağlı məsələ gündəmə gətirilib. Bu haqda nə deyə bilərsinz?
- Bəli, belə bir təklif səsləndirilmişdi. Bunu Macarıstanda son zaman qüvvətlənən YOBBIK Partiyasının sədri Vona Qabor tərəfindən səsləndirmişdi. Bu partiya macar xalqını özünü tanımağa, öz kökünə qayıtmağa səsləyir. Onlar "mənim vətənim mənim qalamdır" prinsipi ilə yaşayırlar. Macar xalqı da eynilə biz azərbaycanlıların yaşadığı bir çox faciəli tarixi yaşamışlar. Macarıstanın bir dövlət olaraq neçə hissəyə parçalanması buna misaldır. Necə ki, tarixi vətənimiz İran-Rusiya arasında paçalanıb.
Bildiyiniz kimi, macarlar əslən hunlardır. Onlar bir zamanlar Altay dağlarından, Qazax, çin, Xəzərin sahillərində yaxın bir ərazidə yaşamışlar. Atillanın imperatorluğu dövründə bütün Avropanın mərkəzi olan Romaya kimi yerləri fəth edə bilmişlər.
Ona görə də YOBBIK Partiyası və onun sədri Vona Qaborun ideyası xalqını onunla doğma olan xalqlarla isti münasibət qurmağa çağırır. Avropa macarlara heç nə verməyib. Şengen dövlətlərinə qəbul olmaq isə macarları daha ağır vəziyyətə salıb. Ona görə də baş nazir Orban Viktor ölkəsini bu ağır vəziyyətdən çıxarmaq üçün bütün var qüvvəsi ilə çalışır. çünki bundan öncəki hökuməti təmsil edən sosialistlər Avropa İttifaqından alınan kreditlərlə millətini ağır vəziyyətə salıblar. Baş nazir Orban Viktor ölkəni ağır vəziyyətdən çıxarmaq üçün üzlərini şərq ölkələrinə çevirməyin vacibliyini dərk edir.
Diasporumuzun qüvvətlənməsi bizə çox lazımdır, hava su kimi. Bu işdə bizə hökumətimiz də dəstək verməlidir. Belə olan halda, macar parlamentində çox şeyə nail olmaq mümkündür.
- ümumiyyətlə, Macarıstan-Azərbaycan əlaqələrini necə dəyərləndirirsiniz?
- Dövlətlərimiz arasında əlaqəni çox yüksək qiymətləndirirəm. Macarıstanın bas naziri Orban Viktorun Azərbaycana səfəri və prezident İlham Əliyevlə görüşünü misal çəkə bilərik. Son zamanlar iki ölkə arasında yüksək səviyyəli görüşlərin təşkil edilməsi münasibətlərimizin daha da inkişafına səbəb olur. Hesab edirəm ki, iki ölkə arasında təyyarə uçuşlarının da təşkili əlaqələrimizin qüvvətlənməsinə səbəb ola bilər. Heç olmasa, həftədə1-2 uçuş həyata keçirilsin. Bu, əvvəl-axır edilməlidir. çünki Azərbaycan da günü-gündən inkişaf edir. ölkədə turizm potensialı inkişaf etdiyi üçün bunu etmək lazımdır.
- Azərbaycan iş adamları bu ölkəyə yatırım qoymaqda maraqlıdırlarmı?
- Bu gün Macarıstana sərmayə qoymaq lazımdır. Bu işdə istənilən azərbaycanlı iş adamına lazımi yardımı göstərməyə hazıram. Məşhur iş adamı və çox hörmət etdiyim professor İlham Rəhimovun Macarıstana səfərini təşkil etmişdim. İlham müəllim bir çox iş adamları və yüksək cinli hökumət adamları ilə görüşdü. Ola bilsin ki, İlham müəllim Budapeştdə bəzi böyük biznes layihələrində iştirak edəcək. Nəzərə almaq lazımdır ki, Macarıstan gözəl ölkədir. Bura sərmayə qoymaq istəyən hər bir azərbaycanlını səbrsizlikə gözləyirəm.
- Bu gün macar cəmiyyətində Azərbaycan haqqında təsəvvürlər necədir?
- Macarıstanda çox fəal səfirimiz olan hörmətli professor Vilayət Quliyevin fəaliyyəti böyükdür. O, bir səfir olmaqla yanaşı, eyni zamanda tarixçi olaraq ölkəmiz haqqında müsbət fikirlərin formalaşmasında müstəsna rol oynayır. Bütün tədbirlərimizdə xalqımızın dəyərləri haqqında geniş məlumat verir. Bu yaxınlarda ASAIF-in (Xarici ölkələrdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin) sayca 2-cı olan beynəlxalq Forumu keçirildi. İki minlik yeri olan zal demək olar ki, tam dolmuşdu. Burada səfirimiz başda olmaqla, təhsil nazirimiz, idman və gənclər nazirimiz iştirak edirdi. Müxtəlif çıxışlar oldu. Azərbaycandan gələn sənətçilərin zəngin çıxışı macarları heyran etdi. Muğam ifasından caz musiqisinə qədər mahnılar ifa olundu. Eldar və Nigarın, Səbinə Babayevanın, Tünzalə Ağayevanın, çingizin ifası alqışlara səbəb oldu. Macarlar bizim musiqimzə öz heyranlıqlarını bildirməyə bilmirdilər.
- Bəs, erməni diasporunun fəaliyyəti hansı səviyyədədir?
- Artıq zaman və insanlar dəyişib. Erməni lobbisinin yalanlar üzərində qurulması və iç üzü açılmaqdadır. Onlar bu yalan, ikiüzlü lobbi fəaliyyətlərilə xeyli vaxtdır ki, dünya millətlərini aldada və türk dünyası əleyhinə təbliğat qura bilmişlər. Onu da bildirim ki, bunu hiyləgərliklə ediblər. Deyə bilmərəm ki, Macarıstanda erməni lobbisi qüvvətlidir. Amma biz həmişə qüvvətlənməyimiz haqqında fikirləşməliyik. Qeyd etdiyim kimi, Türkiyə lobbisi ilə birgə addım atırıq və çox gözəl ünsiyyətimiz var. Mən şəxsən son illər Avropada Tale Heydərdovun lobbiçilik fəaliyyətini yüksək dəyərləndirirəm. Yaxşı nailiyyətlər əldə olunub. Ona özümün və cəmiyyətimizin adından minnətdarlığımı bildirirəm. Tale bəy nə qədər gənc olsa da, Avropada onun rəhbərlik etdiyi lobbiçilik öz əsk-sədasını verməkdədir. İnanıram ki, Macarıstana diqqət yönəldəcək. Macarıstanda daha sıx işləməliyik.
- Macarıstan həbsxanasında ömürlük həbs cəzası çəkən Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla görüşürsünüzmü? Yaxın illərdə onun Azərbaycana ekstradisiyası mümkündürmü?
- İlham Rəhimov Macarıstana səfərində ordumuzun zabiti Ramil Səfərovla da şəxsən görüşdü. Bu görüşdə mən də iştirak edirdim. Tanınmış hüquqşünas İlham Rəhimov Ramilin işinin beynəlxalq hüquq qanunları çərçivəsində həllini tapması üzərində çalışır. Biz inanırıq ki, ona da nail olacaq.
Ramil hamımızın fəxr edəcəyi bir oğuldur. Bəli, mən onunla görüşmüşəm, mənə də tez-tez zəng edir və söhbətləşirik. Onun hər cür şəraiti var. Dövlətimiz və səfirliyimiz nə lazımdır edir. Ramil hər bir qeyrətli türkün edəcəyini edib. İnanırıq ki, dölvətimiz bütün imkanlarından istifadə edərək, qeyrətli zabitimizin ölkəmizə ekstradisiyasına nail olacaq və qalan cəzasının yarısını ölkəmizdə çəkə bilsin. Biz buna inanırıq. çünki bizi hələ Qarabağda savaş gözləyir. Bu savaş öz doğma yurdumuzu rəzil və amansız düşmənlərdən təmizləmək savaşıdır. Biz buna hamılıqla hazır olmalıyıq.
Elnur Eltürk