"Rusiyanın köməyi ilə dövlət çevrilişi də edə bilərlər...”-İddia

"Rusiyanın köməyi ilə dövlət çevrilişi də edə bilərlər...”-İddia

Vəfa Quluzadə: “Onları yaxşı tanıyıram"

Moskvada bir qrup nüfuzlu azərbaycanlı oliqarxın birləşdiyi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) ilə bağlı yaranmış siyasi qalmaqal səngimir. Əksinə, belə görünür ki, o daha da böyüyəcək. İttifaqı quranlar əvvəlcə Bakıdan onlara verilən neqativ reaksiyalara yumşaq üslubda cavab verməyə, bu qurumun Azərbaycan hakimiyyətinə və onun prezidentinə qarşı olmadığını inandırmağa çalışsalar da artıq üslubu dəyişirlər.

Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə də  "Musavat.com"-un məlumatına görə,  “Azadlıq” radiosunun “İşdən sonra” proqramında “milyarderlər ittifaqı” ilə bağlı firkirlərin açıqlayıb.

" “milyarderlər ittifaqı” Rusiyanın, konkret olaraq prezident Putinin istəyi ilə yaranıb"-deyən   V.Quluzadə  daha sonra əlavə edib : “Rusiyada bir neçə azərbaycanlı milyarder qrup yaratmaq istəyir. Mən hesab edirəm ki, onlar bunu Rusiya prezidenti Putinin əmri ilə edirlər”.


Keçmiş dövlət müşaviri bunun səbəbini də izah edib: “Putin Azərbaycanda nəsə əldə etmək istəyir. İstəmir ki, Azərbaycan əldən çıxsın. Amma Putin o qədər güclü deyil ki, Azərbaycanda hər nə istəyirsə, onu etsin. Qəbələ RLS-i bağlayırıq. Neyləyə bilir? Həmin ”Moskva ittifaqı"nı yaratmaqda məqsəd odur ki, onlar Azərbaycanda iş aparıb Azərbaycanı Rusiyanın xeyrinə çevirsinlər. Yəni 5 güclü milyarder Azərbaycanın iqtisadiyyatına güclü təsir edə bilərlər, arxalarında Rusiya dayansa. Burdan icazə versələr, təbii ki, çox böyük işlər görə bilərlər. Dövlət çevrilişi də edə bilərlər Rusiyanın köməkliyi ilə. Bu da təhlükəli tendensiyadır. Azərbaycan rəhbərliyi də düzgün olaraq buna sərt reaksiya verib. Bizə yenidən Rusiya hökmranlığı lazım deyil".
Bəs həmin “Milyarderlər ittifaqı” bu qədər irəli gedə bilərmi? V.Quluzadə bu suala cavab olaraq bunları deyib: “Mən onların hamısını tanıyıram. Çoxu ilə əlaqəm var. Hamısına da hörmət edirəm. Bir yerdə də işləmişik. Amma onlar əjdahanın caynağındadır. Onlar başqa rəy deyə bilməzlər, onun rəyini deməlidirlər. Başqa söz desələr, yerləri Xodorkovskinin yanındadır. Rusiyada hüquqi dövlət yoxdur. Ona görə də Rusiyadakı bütün kapitalları müsadirə olunacaq, qeyri-qanuni elan olunacaq. Həmin ”AST Telman" yadınızdadır? O, Çerkizov bazarını neylədilər? Darmadağın edib əlindən aldılar. Özünü də tutacaqdılar, qaçdı. Aldadıb Moskvaya gətirmək istəyirdilər, ağıllı oldu, təyyarəni boş göndərdi, “spetsnaz” hücum edəndə gördü heç kim yoxdur. Rusiya belədir, Rusiyanı tanımaq lazımdır".

"Vətəninfo.az"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az