"Zəngin mütaliə dairəsi olan gənc oxucuların yetişməsi sevindiricidir”

"Zəngin mütaliə dairəsi olan gənc oxucuların yetişməsi sevindiricidir”

Gənc yazar Cəlil Cavanşirin "Vətəninfo.az"a müsahibəsi

“Az da olsa, keyfiyyətli, intellektual və zəngin mütaliə dairəsi olan gənc oxucuların yetişməsi sevindiricidir”

Sizcə indiki dövrdə niyə kitab oxumurlar? Bunun səbəbi maraqlı kitabların yazılmamasıdır yoxsa  kitaba marağın azalmasıdır?
- Mən yazar olaraq oxucuların kitaba münasibətindən təbii ki, narazıyam. Amma nəzərə almaq lazımdır ki, son dövrlər oxucuların sayı yavaş-yavaş artır. Düşünürəm ki, bu artım davam edəcək . Məncə yaxşı kitablar yazılır. Çünki, ən azından mən oxumaq üçün çox maraqlı və məzmunlu əsərlər tapa bilirəm.
Kitabların qiyməti sizi qane edirmi? Kitab qiymətlərinin baha olması oxucu sayına nə qədər təsir edir?
- Məncə kitab oxunmamasının səbəblərindən biri də, kitabın qiymətinin baha olmasıdır. Kitaba qoyulmuş ƏDV kitabın bahalaşmasına səbəb olur. Düşünürəm ki, dövlət bu vergini ləğv etməklə oxuculara və kitab həvəskarlarına böyük dəstək verə bilər. Şəxsən mən bu verginin ləğv olunmasını səbrsizliklə gözləyirəm.
Sizcə hansı yaş qrupu insanlar kitab oxumağa maraq göstərir? Hansı mövzuda yazılmış kitablara təlabat çoxdur?
- Daha çox gənclərin kitab oxuduğunu deyə bilərəm. Çünki kitablarıma və tərcümə etdiyim əsərlərə daha çox gənc nəsil maraq göstərir. Kütləvi satılan kitablar içərisində Elxan Elatlı, Çingiz Abdullayevin dedektivlərin, Varisin kədərli ovqatda yazdığı romanlar üstünlük təşkil edir. Amma ciddi mütaliəyə meyl göstərən gənclər, xüsusilə ictimai sektordakı gənclər Pərviz Cəbrayılı, Seymur Baycanı, Əli Əkbəri oxuyur.
Tərcümələrə oxucular maraq göstərirmi?
- Eyni zamanda tərcümə olunan əsərlərə ciddi maraq var. Xüsusilə Markesin romanları çox populyardır. Ümumiyyətlə hər oxucunun öz sevdiyi və bəyəndiyi yazar var. Şəxsən mən Azərbaycan ədəbiyyatını maraqla oxuyuram. Yeni çıxan bütün kitabları almağı özümə borc bilirəm.
Bir yazar olaraq hansı yazıçı və şairlərin əsərlərini oxuculara tövsiyə edərdiniz?
- Dedektiv romanları nəzərə almasaq mən Pərviz Cəbrayılı, Şərif Ağayarı, Əli Əkbəri, Seymur Baycanı, Qan Turalını tələb olunan yazar hesab edirəm. Sadaladığım yazarların əsərlərinə tələbatın olması çox sevindiricidir. Mən oxuculara Səfər Alşarlını, Fəxri Uğurlunu, Xanəmiri də oxumağı tövsiyyə edirəm.

Könül İbrahim



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az