Mahmudəli Çöhrəqanlı: " Milli iradənin blokadaya salınması durumuna bir son demək gərəkdir"
Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurultayına dəvət alan Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlının Türkiyəyə buraxılmaması hələ də müzakirə mövzusudur. Çünki istər Azərbaycanın, istərsə də Türkiyənin millətçi kəsimi olayı birmənalı qarşılamışdı. Bundan sonra Almaniyaya qayıdan Çöhrəqanlı, daha sonra ABŞ-a dönməli oldu. Maraqlıdır, bunun əsl səbəbi nə idi? Bundan başqa, GAMOH-un hansı planları var? Bu və digər məsələlərə GAMOH lideri Mahmudəli Çöhrəqanlı "Vətəninfo.az"a müsahibəsində aydınlıq gətirib.
- Təəssüf ki, 7 il yasaqdan sonra Türkiyəyə təkrar girişimizə izin verilmədi və deportasiya edildim. Milliyyətçi Hərəkət Partiyasının (MHP) dəvəti ilə gəldiyimiz qardaş ölkə olan Türkiyəmizin Ankara Əsənboğa Hava limanında viza almamıza baxmayaraq, sərhəddən içəri buraxılmadın.
Bu hadisə şəxsim, təmsil etdiyim milli hərəkət, və millətimiz adına üzücüdür və millətimizə qarşı olanları sevindirdi. Biz ümid edirdik ki, Türkiyə İranın ona qarşı yürütdüyü əks siyasətə görə mənə problem yaratmayacaq. Amma bunun əksini gördük. Beləliklə, yaşanan hadisə daha bir maraqlı məqamı ortaya çıxarır ki, bu da sevindirici haldır. Yəni hərəkatımız o səviyyəyə çatıb ki, artıq İran bizdən çəkinir, bunun nəticəsində də Türkiyəyə girişimizdən narahat olur.
- Digər millətçi təşkilatların məsələyə reaksiyaları sizi qane etdimi?
- Biz, bu hadisəni yanlış anlaşılma kimi qəbul edirik. Türkiyə bizim öz yurdumuz və vətənimizdir. Türkiyəmizin adı, varlığı və dövləti bizim üçün müqəddəsdir. Onun üçün canımızı da qürban verməyə hazırıq. Ancaq Güney Azərbaycan türkləri olaraq ümid edirik ki, gələcəkdə bu cür yanlış anlaşımlar yaşanmayacaq.
- Rastlaşdığınız əngəllər GAMOH-un fəaliyyətinə ciddi təsir göstərirmi?
- 2006-cı ildə üzləşdiyimiz deportasiyalar nəticəsində hərəkatımız mənfi təsirlərə məruz qaldı və zərbələr aldı. 7 il sürən bu yasaqlar nəticəsində haqq səsimiz və harayımızı qardaş Quzey Azərbaycan və Türkiyə ictimai rəyi və medialarında qaldırmaq haqqından belə məhrum edilmişik. Artıq bu mənasız və düşmənlərimizi sevindirən yasağa və milli iradənin blokadaya salınması durumuna bir son demək gərəkdir.
- Türkiyədə sadəcə qurultaya qatılmaq üçün gəlmişdiniz, yoxsa müəyyən planlarınız da var idi?
- MHP-nin 10-cu qurultayı münasibətilə Güney Azərbaycan adına bu tarixi konqresə dəvət olunmuşdum. Qardaş Anadolu türk millətçilərinin dəstəyi ilə Türkiyəmizdə millətimizin harayını duyurmaq üçün meydana çağırıldım. Biz MHP-nin dəvəti və millətimizin istəyi ilə qardaş Türkiyəmizə gəldik. Qardaş Türkiyə dövlətinin bu tarixi sürəcə xoşgörüylə yanaşacağına inanırdıq. Bu cür yanlış anlaşılmaların 7 il sonra bu şəraitdə təkrarlanmasını düşünməyi belə biz özümüzə yaraşdırmırdıq. Amma nə edək ki, Ankara Əsənboğa Hava Limanında yaşanmaması gərəkən xoşagəlməz hadisələr iki qardaş arasında baş verdi. Biz bu xoşagəlməzlikləri unutmağa hazırıq. Yetər ki, millətimizin iradəsi ciddiyə alınsın.
- Ümumiyyətlə, Türkiyə hökumətinin fəaliyyətinizlə bağlı mövqeyi sizi qane edirmi?
- Türkiyəmizdən deportasiya olmağımız və öz yurdumuza girişimizin yasaqlığı əlbəttə bilirik ki, nə Türkiyə hökumətini, nə də türk xalqını sevindirə bilməzdi. Türkiyəmizin də durumunu göz önündə tutaraq, Güney Azərbaycan türklüyü olaraq qardaşımızın milli maraqlarına zərər gəlməsini arzu etmərik. Ancaq Türkiyə dövlətinin də həm dövlət, həm də Birləşmiş Millətlər Təşkilatının (BMT) bir üzvü olaraq önəmli və kritik məsuliyətləri var. Onlardan biri təməl insan haqları tapdalanan şəxs və ya millətləri mudafiə etmək və bu zülmü edənin qarşısında durmaqdır. Türkiyə dövləti bilməlidir ki, qulağının dibində 35 milyon qardaşı ən ibtidai insan haqlarından məhrum edilib. Türkiyə dövləti qardaşlarının problemlərini görməzdən gəlməməlidirlər. Umid edirik ki, qardaş Türkiyə dövləti yaxın gələcəkdə bu strateji məsələləri bir daha dərindən düşünəcək.
- GAMOH-un fəaliyyətində hansı yeniliklər var?
- Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH), Güney Azərbaycanda millətin övladları tərəfindən başlandığı gündən bəri 17 ildir ki, fəaliyyət göstərir. Oyanış missiyası sürətlə sürdürülməkdədir. Çox şükür, bu gün millətimiz öz kimliyini mənimsəyərək və eyni zamanda tarixini yenidən öyrənib önəmsəyərək gələcəyə əmin addımlarla yürüməyə hazır və qadirdir. Bu gün GAMOH və milli ruh Güney Azərbaycanımızda hər küçə, hər kənd, hər qəsəbə və hər şəhərdəki bütün soydaşlarımız və onların yaratdığı yüksək mənəvi atmosfer içindədir. Milli ruh canlanır və millətə birlik, ortaq düşüncə, yurda bağlılıq və psixoloji üstünlük olaraq geri qayıtmaqdadır. Güney Azərbaycan Milli Hərəkatı heç olmadığı qədər bu gün soydaşlarımızın ürəyində və beyinlərində yer almaqdadır. Eyni zamanda, güneyimizdən gələn bir çox nəhəng milli fəallar "içəridəki" (İrandakı - Ə.Z) atmosferi quzeyimizdə və Türkiyəmizdə heç olmadığı qədər inamlı, iradəli və bacarıqlı şəkildə dünyaya çatdırmaqdadırlar. Güney Azərbaycanımız, apardığımız fəaliyyətin nəticəsi olaraq, gün keçdikcə haqq etdiyi gündəmi və önəmi qazanmaqdadır.
Əkbər Əlioğlu