Aprelin 14-də Gənclərə Yardım Fondunda AzeBookNet şəbəkəsinin və "Idea Youth Club"-ın dəstəyi ilə Budapeşt məhkəməsinin qərarı nəticəsində ömürlük həbs cəzasına məhkum olan Azərbaycan ordusunun zabiti Ramil Səfərovun növbəti tərcümə kitabı - “Pal küçəsinin oğlanları” əsərinin təqdimatı keçiriləcək.
Bu barədə “Veteninfo.az”a tədbirin təşkilatçıları bildiriblər.
“Tanınmış macar yazıçısı Ferens Molnarın dünya şöhrətli bu əsəri R.Səfərovun macar dilindən ana dilimizə sayca ikinci tərcüməsidir. Ötən il “Ozan” nəşriyyatında işıq üzü görən kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlidir. Kitabın nəşr edilməsində isə “Azərbaycan bayrağı” ordenli xeyriyyəçi – Şahid Həbibullanın xüsusi köməyi olub.
Kitabı ictimaiyyətə yenidən tanıtmaq üçün AzeBookNet şəbəkəsi və "Idea Youth Club"-ın təşəbbüsü ilə keçirilən bu təqdimatda “Pal küçəsinin oğlanları” əsərinin satışı da təşkil olunacaq. Satışdan əldə olunan bütün məbləğ Ramil Səfərovun hesabına yatırılacaq. Toplanan vəsait müəllifin növbəti tərcümə kitablarının çap edilməsinə sərf ediləcək. Yalnız tədbir günü kitabın qiyməti 5 azn-dir”-deyə,təşkilatçılar qeyd ediblər.
“Əsərin əhəmiyyətini kitabın girişində vurğulayan Ramil Səfərov bildirib ki, gənc məktəblilərin vətənpərvər ruhda tərbiyə olunması baxımından bu tərcümə əvəzsizdir: “Bir çox müştərək dəyərlərə sahib çıxan macar və Azərbaycan xalqının bir-birini daha da yaxından tanıması istiqamətində atılan addımlara bu tərcümə kiçik bir töhfə olacaq”. Müəllif kitabı Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun, “İgidliyə görə” medalı ilə təltif edilən Əhməd Abdullayevin, Fərid Əhmədovun, eləcə də Qarabağ savaşında həlak olan bütün şəhidlərin əziz xatirəsinə ithaf edib”.
Qeyd edək ki, Azərbaycan ordusunun zabiti Ramil Səfərov macar ədəbiyyatını orijinaldan ana dilimizə tərcümə edən ilk müəllifdir. Onun macar dilindən tərcümə etdiyi ilk kitabı isə tanınmış macar yazıçısı Maqda Sabonun (1917-2007) “Qapı” romanı olub. Səfərov kitabı 2009-cu ilin oktyabrında dünyasını dəyişmiş anası Nübar xanımın xatirəsinə ithaf edib.
Elnur Eltürk