Keçmiş gəmi maşinisti, həqiqi dövlət müşavirinin yubileyidir
Modern.az saytının məlumatına görə, bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ad günüdür, onun 75 yaşı tamam olub.
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Ənvər oğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub. O, 1957-ci ildə Bakı Dənizçilik məktəbini bitirir və "Xəzər neftdonanma" idarəsinin gəmilərində maşinist işləyir.
Dörd ildən sonra, 1961-ci ildə gəmi maşinisti işləyən Ramiz Mehdiyev sənədlərini Azərbaycan Dövlət Unversitetinə verir və Tarix fakültəsinə daxil olur.
1965-ci ildə ali təhsilini başa vuran Ramiz Mehdiyevi Naxçıvana göndərirlər. Ramiz Mehdiyev 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləyir.
O, 1968-ci ildə M.V.Lomonosov adına MDU-nun fəlsəfə fakültəsinin aspiranturasına daxil olur. 1977-ci ildə MDU-da fəlsəfə elmləri namizədi elmi dərəcəsi alır. 1972-ci ildə vaxtilə oxuduğu ali məktəbdə işə düzəlir. ADU-nun “Elmi kommunizm” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyir.
O, 1974-cü ildə Azərbaycan KP MK-nın aparatında təbliğat-təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunur. 1976-cı ildə Azər.KP MK-nın elm və təhsil müəssələri şöbəsinə müdir təsdiq olunur. 1978-ci ildə isə Bakının 26 Bakı komissarı (indiki Səbail) rayon Komitəsinin birinci katibi təyin edilir. İki il burada işlədikdən sonra R.Mehdiyev yenidən Mərkəzi Komitəyə qayıdır. 1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir təyin olunur. 1981-ci ilin yanvarında isə onu Azərbaycan KP MK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin edirlər. 1988-ci ildə Ramiz Mehdiyev Milli Elmlər Akademiyasına gəlir. 1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutuna şöbə müdiri işləyir. 1993-cü ildən fəlsəfə elmləri doktorudur.
1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev 1994-cü ilin fevralında Ramiz Mehdiyevi Prezident Aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edir. 2007-ci ildə Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilib.