Rəsul Quliyevin istefa tələbinə cavab verildi

Rəsul Quliyevin istefa tələbinə cavab verildi

Mehman Cavadoğlu: “Müxalifət liderləri dedikdə Rəsul Quliyev özünü də bu sırada nəzərdə tuturmu?”

Fuad Qəhrəmanlı: “Müxalifət partiyalarının sədrləri saxtalaşdırılmış seçkilər vasitəsilə seçilməyiblər”

Eks-spiker, ACP lideri Rəsul Quliyev növbəti dəfə müxalifət liderlərini istefa verməyə çağırıb. Mətbuata müsahibəsində eks-spiker müxalifətin də demokratik olmadığını, bəzilərinin uzun illər partiya sədri postunda qaldığını deyib. Sitat: “Əlbəttə, partiya rəhbərlərinin 10 illərlə partiya sədrliyi vəzifəsindən dördəlli tutub istefa verməmələri avtoritarizmdən başqa bir şey deyildir. İstənilən bir seçkini - istər saxtalaşdırılmış, istər düzgün keçirilən seçkini - uduzan partiyanın sədri istefa verməlidir, istefa vermirsə, istefaya göndərilməlidir. İndi başa düşmək olmur, bu Azərbaycanda nə baş verməlidir ki, kimsə, o cümlədən partiya liderləri istefa versinlər. Bilirsiniz, problem ondadır ki, onlar, sadəcə olaraq, istefa verərlərsə, nə işlə məşğul olacaqlarını bilmirlər”.

Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu  Rəsul Quliyevin fikirlərinin ilk növbədə onun özünə də aid edilməli olduğunu deyir: “Əlbəttə, əgər özünü müxalifət sayırsa. Müxalifət liderləri dedikdə Rəsul Quliyev özünü də bu sırada nəzərdə tuturmu? İlk növbədə bunu dəqiqləşdirmək lazımdır. Mən biləni R.Quliyev özü də müxalifət liderliyinə iddia edən bir şəxsdir. Və artıq neçə ildir ki, bu ada iddia edir. Müsavat Partiyasının siyasi xətti ölkədə demokratiya quruculuğuna, azad və ədalətli seçkilərin keçirilməsinə nail olmaqdır. Belə bir siyasi xətti yürüdən və ölkədə demokratiyanın bərqərar olmasında maraqlı olan təşkilat və partiyalarla bizim münasibətlərimizdə ciddi fikir ayrılığı yoxdur”. 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı müxalifət partiyası sədrlərinin azad və ədalətli keçirilən seçkilər vasitəsilə seçildiklərini və partiya üzvlərinin etimadını doğrultduqları müddətdə bu postu tutduqlarını deyir. Eyni zamanda o, hazırkı situasiyada diqqəti bu cür mövzulara yönəltməyin tərəfdarı olmadığını deyir: “Müxalifət partiyalarının sədrləri saxtalaşdırılmış seçkilər vasitəsilə seçilməyiblər, onlar partiya üzvlərinin etimadını qazanaraq demokratik prosedurlarla partiyalara rəhbərlik edirlər. Nə zaman partiya üzvləri onların sədr postunda qalmasını istəməsələr, o zaman yeni sədr seçilməsi ilə bağlı müstəsna səlahiyyət yenə də o partiyanın üzvlərinə aiddir. O baxımdan düşünürəm ki, indi bu kimi mövzulara vaxt ayırmaqdansa, Azərbaycanda rejim dəyişikliyinə nail olmaq üçün çalışmaq lazımdır. Hazırda bu kimi polemikalara hər hansı bir əsasın olduğunu düşünmürəm”.

“müsavat.com”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az