Vətəninfo.az futzal üzrə Avropa çempionatının
pley-off mərhələsinin ilk oyunu çərçivəsində Slovakiya ilə qarşılaşan və
3:1 hesabı ilə qələbə qazanan Azərbaycan yığmasının kapitanı Rizvan
Fərzəliyevin apasport.az saytına müsahibəsini təqdim edir:
- Fərqli hissələr izlədik. Oyununuz niyə belə alındı?
- Matçın gərgin keçəcəyi bilinirdi. Ancaq özümüzü bu gərginliyə hazırlamışdıq. İlk saniyələrdə epizodumuz oldu, amma qol vura bilmədik. Halbuki bu qol olsaydı, oyunun axarı dəyişəcəkdi. Ruhdan düşmədik, qolumuzu vurduq. Təəssüf ki, adi səhvdən rəqib də cavab qolunu vurdu. Ancaq bu səhvi böyütmək, şişirtmək düzgün deyil. Bir həftədən sonra cavab oyununa çıxacağıq. Ona qədər bu matçı təhlil etmək, səhvlərimizi düzəltmək üçün vaxtımız olacaq.
- Azarkeşlərin əksəriyyəti fasilə zamanı zalı tərk edib getdilər. Bu da oyundan narazı qalmalarına işarə idi. Niyə bu qədər zəif təsir bağışladız?
- Heç vaxt oyunun taleyini birinci 20 dəqiqədə həll etmək mümkün deyil. Rəqib də güclüdü. Onlar da yaxşı hazırlaşmışdılar. İkinci hissədə məqsədimiz o idi ki, qapımızdan top buraxmayaq, bacardıqca çox qol vuraq. Buna nail olduq, qollarımızı vurduq. İnşallah, ikinci oyunda da üstünlüyümüzü qoruyacağıq.
- Bu nəticə cavab oyunu üçün yetərli ola bilərmi?
- Bu haqda danışmaq tezdi. Ən azı ilk oyunu təhlil etməli, zəif tərəflərimizi bilməliyik. Çünki rəqib də bizi yaxşı tanıyır və zəif cəhətlərimizi öyrənib. Baş məşqçimiz də cavab oyununda istifadə etmək üçün onların boşluqlarını təhlil edəcək.
- Slovakiyanın əsas güclü tərəfi hansıdır?
- Deməzdim ki, dəhşətli dərəcədə üstün tərəfləri var. Mübariz komandadı. Gözləyəcəklər, bizim səhvlərimizdən yararlanmağa çalışacaqlar. Zəif və ya güclü olmaları bir yana, ən azı rəqibimiz olduğuna görə qiymətləndirməliyik. Onların oyunlarını kifayət qədər analiz etmişdik. Qələbəmiz gec alındı, amma oldu.
- Daxili çempionatın gec başlaması oyun təcrübəsi baxımından axsamaların olduğunu göstərirdi…
- Hazırlıq müddətində 4 yoxlama oyunu keçirdik. Türkmənistan və Belarus yığmalarının hərəsi ilə 2 dəfə qarşılaşdıq. Çempionatın tez başlaması komandanın formalaşmasına kömək edir. Ancaq bu qədər yoxlama oyunu keçirmişiksə, oyun praktikası baxımından axsamanın olduğunu düşünmürəm. Zəif tərəflərimiz var, bunu danmıram.
- Etiraf edək ki, yığmanın oyunundakı əvvəlki estetik gözəllik bu dəfə yox idi. Bu, nəsil dəyişməsi ilə bağlıdı?
- Heyətdə bir qədər dəyişiklik olub. Taktikamız fərqlidi. Baş məşqçinin istədiyi oyunu göstərməyə çalışırıq. Ancaq buna hələ tam hazır deyilik. Bu gün deyə bilmərəm ki, biz onun istəyini 100 faiz yerinə yetiririk. Buna vaxt lazımdı. Çətinliklərimiz var, ancaq ikinci oyunda da qələbə qazanıb, final mərhələsinə yüksələcəyik.