Rusiyada 31 yaşlı qadın üzünü görmədiyi azərbaycanlı atasını axtarışa verdi - FOTO
16 yaşında müsəlmanlığı qəbul etmiş Məryəm: "Çox istəyirəm ki, atam Vüqar Əsgərovu tapıb 3 doğma nəvəsi ilə də tanış edim...”
Rusiyanın Çuvaşıstan Respublikasında yaşayan və Rusiya vətəndaşı olan bir xanım heç vaxt üzünü görmədiyi doğma müsəlman atasını axtarır.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, 31 yaşlı qadın bəlkə də doğma atasının onun varlığından xəbərsiz olduğunu düşünür. 15 il öncə -16 yaşında İslamı qəbul edərək müsəlman olmuş bu xanım adını da dəyişərək Məryəm qoyub. Yalnız 4 il sonra - 20 yaşında o, təsadüfən anasından öyrənib ki, onun əsl, bioloji atası azərbaycanlı Vüqar Əsgərovdur.
Məlum olub ki, 1986-ci ilin payızında Məryəmin anası kartof yığımı mövsümündə Çuvaşıstana göndərilmiş azərbaycanlı əsgər Vüqar Əsgərovla tanış olub. Tezliklə əsgərləri hərbi hissəyə qaytarıblar və az sonra qadının hamilə olduğu bilinib. İlk vaxtlar Vüqarla yazışıblar, amma sonra Vüqar məktubları cavablandırmadığından əlaqə kəsilib. 1987-ci ilin yayında isə rus qadının 16 ildən sonra Məryəm adını alacaq qızı dünyaya gəlib...
Maraqlıdır ki, bu qız, qeyri-adi şəkildə, yəni hələ bioloji atasının kimliyini bilməmiş onun dinini qəbul edib. Məryəm mütləq atası Vüqarı tapmaq və onu üç uşağı - yəni doğma nəvələri ilə tanış etmək istəyir.
Məryəmin atası haqda məlumatı o qədər də çox deyil. Vüqar Əsgərov böyük ehtimalla 1965, yaxud 1966-ci ildə anadan olub. 1985-1986-çı illərdə Rusiyanın Qaraçay-Çərkəz Respublikasının (əvvəllər Stavropol diyarının tərkibində olub-S.L.) Zelençuk rayonunun Storejevaya kəndindəki 52563 saylı hərbi hissədə qulluq edib.
Həmçinin, Vüqarın ordu foto-şəkli də qalıb. Fotoda soldan ikinci Vüqar Əsgərovdur. Vüqar rus sevgilisinə - Məryəmin anasına yazdığı məktubda qalıb.
Müsəlman qız öz atası haqqında məlumatı və ya onunla tanışlığı olan, bir yerdə hərbi xidmət keçmiş hər kəsdən şəxsi elektron poçtuna yazmağı xahiş edir:
[email protected]. Məryəm onu da düşünür ki, yəqin ki, Azərbaycanda qardaş-bacıları da var və atalarını fotolarında tanıyacaqlar – qoy əlaqə yaratsınlar...
Bildiyiniz kimi, İslamda valideynlər və uşaqlar arasında rabitəyə çox böyük önəm verilir. Peyğəmbərimiz Məhəmməd (sallallahu aleyhi və səlləm) əbəs yerə Qiyamət günü insanların öz atalarının adları ilə çağırılacaqlarını söyləmir...
Miq.Az