Rusiyanın bölgədəki iki əsas hədəfi – Azərbaycan və Gürcüstan...
Kreml Qafqazın işğalına yönəlik
son hazırlıqlar içində - şok gəlişmə; Moskva ilk dəfə olaraq
Ermənistanda ən böyük hərbi və kəşfiyyat təlimlərinə başlayır; geniş
miqyaslı gizli təlimlərin məqsədindən ABŞ da xəbərdardır və
tərəfdaş-müttəfiqləri xəbərdar edib...
Rusiya
özünün perimetri boyu "Yaxın xaric” ölkələrində hərbi cəhətdən
möhkəmlənmək kursunu heç bir iqtisadi sanksiyaya məhəl qoymadan davam
etdirir. Bu proses indi təkcə ilhaq edilən Krımda, Gürcüstanın işğal
altındakı Abxaziya və Cənubi Osetiya bölgələrində, Dnestryanı ərazidə
yox, həm də və ən önəmlisi, Güney Qafqazda - Ermənistanda, 102 saylı
Gümrü hərbi bazasında intensiv şəkildə gedir.
Rusiya
bu ərazilərdə hərbi parkını ən müasir sistemlərlə təzələyir, canlı
qüvvə və texnikanın sayını artırır, çağırış sistemindən muzdlu orduya
keçir.
Ötən
sayımızda rusiyalı generalların - Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının (KTMT) sədri Nikolay Bordyuja və Rusiya Silahlı Qüvvələri
Baş Qərargah rəisinin müavini, Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor
Serqunun bir-birinin ardınca İrəvana səfər etməsinin mümkün motivləri
haqda yazmışıq. Bu səfərlərdə aparıcı leytmotivin Rusiyanın işğal
faktından istifadə edərək təkcə Ermənistanda deyil, bütövlükdə Cənubi
Qafqazda möhkəmlənmək, Qərbi önləmək, ona hər hansı şans saxlamamaq
olduğunu qeyd eləmişik. Həmçinin "İsgəndər” taktiki raket-komplekslərini
Ermənistanda yerləşdirmək planlarının eyni hədəfə hesablandığını
vurğulamışıq.
***
Belə görünür,
Kreml strateqləri xarici siyasətin ənənəvi effektli və ən etibarlı
vasitəsi kimi, xaricdə hərbi mövcudluğu gücəndirmək xəttinə heç vaxt
olmadığı qədər önəm verməyə başlayıb.
"Bu
gün Rusiya üçün əsas hədəflərdən biri Gürcüstan və Azərbaycandır”. Bu
fikri axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov
deyib. Onun sözlərinə görə, Rusiya bütün tərəfləri provokasiyaya çəkmək
istəyir.
Sitat: "Rusiya
üçün Cənubi Qafqaz dövlətlərinin müstəqilliyi qəbuledilməz olaraq
qalır. Bu isə o deməkdir ki, Moskva növbəti addımını atmaq üçün sadəcə,
zamanın gəlməsini gözləyir. Bu gün Rusiyanın əsas hədəflərindən biri
Gürcüstan və Azərbaycandır. Biri Avropa, digəri isə Asiya qapısı olan bu
coğrafi bölgə ondan ötrü strateji önəm daşıyır. Rusiya beynəlxalq
güclərlə mövqe mübarizəsində çox gerilədiyi üçün daxilinə çəkilərək,
köhnə postsovet məkanında güclənmək istəyir. Bunun yolunu isə işğalda
görür. Bizdə olan informasiyaya görə, Rusiya tarixdə ilk dəfə olaraq
Ermənistan ərazisində ”Qafqaz 2015-2016" kod adı altında ən böyük hərbi
və kəşfiyyat təliminə hazırlaşır. Bu yeganə təlimdir ki, orda, sadəcə,
Müdafiə Nazirliyi əsgərləri deyil, həmçinin Federal Təhlükəsizlik
Xidməti (FSB) və Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlı kəşfiyyat qrupları,
Daxili İşlər Nazirliyinə tabe qoşunlar iştirak edəcək".
Ekspertin əminliyinə görə, təlimlərdə bir məqsəd var: "Cənubi Qafqazı işğal etmək. Rusiyanın bu təlimi öz ərazisində deyil,
məhz Ermənistanda keçirməsi buna işarədir. Bunun iştirakçı sayına görə
ən böyük təlim olacağı da deyilir. Qərb artıq təlimlər barədə
məlumatlıdır və Gürcüstan dövlətinə xəbərdarlıq edilib ki, istənilən
təxribatçı addımdan uzaq dursunlar. ABŞ istəyir ki, Gürcüstanı bu
təhlükələrdən qorumaq üçün onun Alyansa qəbulunu sürətləndirsin. Bu baş
verəcəyi halda Rusiyanın Cənubi Qafqazı işğalı mümkünsüzdür. Rusiya isə
Gürcüstanı alyansa qəbulundan öncə işğal etmək niyyətindədir. Artıq
tərəflər açıq şəkildə prosesdən xəbərdardırlar. Əgər 2016-cı ildə NATO
Gürcüstanla bağlı əsaslı qərar qəbul etməsə, o zaman Rusiyanın müdaxilə
imkanı genişlənəcək”.
***
Qeyd edək ki, bu arada Gürcüstanın müdafiə naziri Tina Xidaşeli Gürcüstanın
NATO-ya üzv olmayacağı təqdirdə bunun Tiflis üçün əsl faciəyə
çevriləcəyini bildirib. "Bir sıra islahatları və öhdəlikləri yerinə
yetirməsinə baxmayaraq, Gürcüstan hələ də NATO-ya üzvlüklə bağlı Qərbdən
dəqiq cavab almayıb. Gürcüstan NATO-ya üzv olmasa, bu, onun üçün faciə
demək olacaq. Ukraynadakı hadisələrin inkişafı nikbinlik üçün əsas
yaratmır. Rusiyanın təhdidləri təkcə Tiflisə, Kiyevə, Bakıya və ya
İrəvana yox, Vaşinqtona, Brüsselə, bütövlükdə Qərbə qarşı yönəlib” -
bildirib Xidaşeli.
Nazir
əlavə edib ki, Rusiya Ukrayna ilə kifayətlənməyə hazırlaşmır, "ona görə
də NATO və Avropa Birliyi bu gün hərəkət etdikləri kimi hərəkət edə
bilməzlər”. Müdafiə naziri alyansın gələn il Varşavada keçiriləcək
sammitində Tiflisin Qərbdən "dəqiq cavab” gözlədiyini də vurğulayıb.
Maraqlıdır
ki, bir neçə gün öncə gürcü ekspertlərindən biri erməni portalına
müsahibəsində gürcülərin Gümrü hərbi bazanı ölkənin müstəqilliyinə
arxadan real təhlükə saydıqlarını və bu bazaya görə narahat olduqlarını
bildirmişdi.
Onu
da yada salaq ki, bu günlərdə Rusiyanın dəstəyi ilə Gürcüstanın iki
kəndi alınaraq Cənubi Osetiyaya qatılıb. Nəticədə Qərbin layihəsi olan
Bakı-Supsa neft kəmərinin bir hissəsi Cənubi Osetiyanın tərkibinə daxil
olub, rusların nəzarəti altına düşüb. Eyni vaxtda Ermənistan özünə aid
istiqamətdə Gürcüstanın 10 hektar ərazisini zəbt edib. Əksər
analitiklərə görə, Moskvanın bu addımlarında da məqsəd Gürcüstana
təxribata çəkib işğal eləməkdir.
***
Rusiya
hətta öz satelliti və forpostu Ermənistan sarıdan da arxayın deyil.
İrəvanda son kütləvi etirazlar zamanı Gümrüdəki hərbi bazanın Ermənistan
rəhbərliyinə xəbərdarlıq eləmədən ətraf ərazilərdə hərbi təlimlərə
başlaması bunun bir anonsu idi.
Hər şeydən, o
cümlədən ekspertlərin SOS siqnalından göründüyü kimi, Kreml deyəsən
Güney Qafqazın tam işğalına yönəlik son hazırlıqlar içindədir. Əsas
hədəf də Gürcüstan və Azərbaycandır.
Sonda
əlavə edək ki, bənzər xəbərdarlıqlarla nüfuzlu amerikalı politoloq və
sovetoloq Zbiqnev Bzejinski də dəfələrlə çıxış edib.
musavat.com