“Şahinlər” Hərbi Vətənpərvərlik düşərgəsi

“Şahinlər” Hərbi Vətənpərvərlik düşərgəsi

Bu günlərdə Bakı şəhər Səbail Rayon İcra Hakimiyyəti 250-yə yaxın yeniyetmə və gəncləri Azərbaycanımızın dilbər məkanlarından olan Quba rayonunda yerləşən “Şahinlər” Hərbi Vətənpərvərlik Düşərgəsinə15 günlük istirahətə göndərdi.

Qeyd edək ki, bu düşərgə 6 ildir ki, fəaliyyət göstərir və burda yeniyetmə və gənclər asudə vaxtlarını səmərəli keçirməklə yanaşı, eyni zamanda hərbi sirlərə də yiyələnirlər. “Şahinlər” Hərbi Vətənpərvərlik Düşərgəsinin fəaliyyətində Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun və Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin xidmətləri danılmazdı və bu gün 250 yeniyetmə və gənclər gözəl istirahətə sahibdirlərsə, buna görə onlara bu şəraiti yaradan hörmətli Asif Əsgərov və Mübariz Ağayev cənablarına təşəkkürlərimizi çatdırırıq. Qeyd edim ki, düşərgənin fəaliyyət göstərdiyi müddətdə “Şahinlər” HVD-nin bütün təminatı Quba rayon İcra Hakimiyyəti tərəfindən qarşılanır.

““Şahinlər”istirahətdən çox Vətəni düşünürlər”

“Vətəninfo.az” olaraq həm Səbail Rayon İcra Hakimiyyətinin, eyni zamanda da Quba rayon İcra Hakimiyyətinin  humanist və Azərbaycanımız üçün mühüm önəmə sahib bu addımları danılmaz olduğu kimi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanlığının da yeniyetmə və gənclərə hərbin sirlərin öyrədilməsindəki xidmətləri danılmazdı. “Şahinlər” HVD-nin rəisi Faiq Qurbanovla düşərgədəki vəziyyət, yeniyetmə və gənclərin düşərgədə özlərini necə aparmaları, valideynlərin düşərgə haqqında ümumi fikirləri haqqında qısa da olsa danışa bildik.

““Şahinlər” Hərbi Vətənpərvərlik Düşərgəsində bu gün 250-yə yaxın yeniyetmə və gənclər istirahət edir ki, burda onlar üçün lazım olan bütün şərait yaradılıb. Səhər gimnastikası ilə həyəcanlı və maraqlı başlayan düşərgə həyatında yeniyetmə və gənclər müəyyənləşmiş proqram çərçivəsində gün ərzində müxtəlif yarışlarda və oyunlarda iştirak edirlər. Təbii ki, bizim üçün mühüm olan amil yeniyetmə və gənclərimizə bu yaşlarında hərbin müəyən sirlərini öyrətməkdir. Artıq düşərgədə olan yeniyetmə və gənclər demək olar ki, müəyyən hərbi sirləri öyrənə biliblər. Misal üçün salamlaşmaq, sırada durmaq, mahnı sədaları altında addımlamaq, və s. Bunun özü sevindirici bir haldır”. 

Biz düşərgəyə  gedib oradakı həyatla bağlı məlumatlara sahib olmaq və internet media vasitəsi ilə gördüklərimizi cəmiyyətə çatdırmaq istəyimizi Səbail rayon İcra Hakimiyyətinə bildirəndə müsbət cavab aldıq və düşərgəyə çatanda da artıq Faiq müəllim gələcəyimizdən məlumatlı idi. Amma biz düşərgəyə Quba rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidovla birlikdə getdik. Yusif müəllim bildirdi ki, o naharı uşaqlarla etmək istəyir və bizim gəlişimiz də elə onun arzusunun reallaşması üçün bir stimul verir. Düşərgədə ilkin olaraq nahar fasiləsindən öncə yeniyetmə və gənclər müəyyənləşmiş bölüklər üzrə sıraya düzülərək ilkin olaraq mili hərbi musiqi sədaları altından tribuna önündə düzülürlər. Elə bu dəfə də belə oldu. Həmişəki kimi yenə də mahnı sədaları altında sıra ilə meydançada düzülən bölüklər qarşısında Y.Abidov qısa çıxış etdi və onları salamladı. Sonra “Vətəninfo.az” internet portalının təsisçisi və baş redaktoru, Qarabağ Müharibəsi qazisi Nahid Canbaxışlı çıxış edərək, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərova, eyni zamanda burda yeniyetmə və gənclərə yaradılan şəraitə görə Quba İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevə, Daxili Qoşunlar Komandanlığına təşəkkürlərini çatdırdı və yeniyetmə və gənclərimizi vətənin müdafiəsində lazım olacaq hərbi sirlərin öyrənilməsi üçün fədəkar olmalarını arzuladı. 

“Şahinlər”in mətbəxi zəngindi

“Şahinlər” Hərbi Vətənpərvərlik Düşərgəsinin rəisi Faiq Qurbanovla birlikdə nahar fasiləsində biz də “Şahinlər”in mətbəxində onlarla birlikdə nahar etdik. Məqsədimiz eyni zamanda uşaqlara verilən qidanın keyfiyyəti ilə maraqlanmaq idi. Nahar yeməyi plovdan və dovğadan ibarət idi. Quba rayon İcra hakimiyyəti başçısının müavini Y.Abidov nahara əlavə nələrin veriləcəyi ilə maraqlandı. Faiq müəllim nahar yeməyi və şam yeməyində davamlı dəyişikliklər edildiyini bildirdi. Faiq müəllim maraqlı bir fikir də səsləndirdi ki, düşərgədə şahinlərə qaynanılmış su verilir ki, bu da yeniyetmə və gənclərin sağlamlığı üçün mühüm amildi.

“Şahinlər” İbad Hüseynovla görüşdü

“Şahinlər” Hərbi Vətənpərvərlik Düşərgəsinin budəfəki qonaqları sırasında Azərbaycanımızın qəhrəman oğlu, Azərbaycan bayrağı ordenli, Milli Qəhraman İbad Hüseynov və hərbi marşların əsəs müəlliflərindən olan Şəmistan Əlizamanlı da vardı. “Şahinlər”qarşısında çıxış edən İbad Hüseynov onlara keçdiyi döyüş yolu, düşmənə qarşı savaşda Azərbaycan əsgərinin qəhrəmanlığından danışdı.

İ.Hüseynovun yeniyetmə və gənclər qarşısındakı çıxışı gənclər üçün mühüm əhəmiyyətə malikdi. Qeyd edək ki, “Vətəninfo.az” internet portalının təsisçisi və baş redaktoru Nahid Canbaxışlı da məhz İbad Hüseynovla birlikdə döyüşüb və Xocəvənd rayonunun ermənilərdən qorunması uğrunda düşmənə birlikdə sinə gəlib. Muğanlı, Kuropatkino, Əmiralılar kəndləri uzun müddət düşmənə müqavimət göstəribsə bu, İbad Hüseynov, onun böyük qardaşları Eyvaz Nüseynov, mərhum İlyas Hüseynov, Əbülfət Hüseynov, Fizuli Hüseynov kimi qəhrəman bir ailənin fədakar döyüşcülük ruhu ilə olub. Bu mübarizədə  itkilər də olub və Muğanlı özünü müdafiə batalyonu Rövşəni, Əfqanı, Akifi və neçə-neçə qəhrəman oğullarımızı itirib. Allah şəhidlərimizə rəhmət eləsin. Bu görüşdə də şahinlər qarşısında bu ağır döyüşlərin canlı əfsanəsi İbad Hüseynov keçilən çətin və şərəfli yol haqqında danışdıqca, şahinlər “biz vətənimiz üçün çanımızdan keçməyə hazırıq” deyirdilər. Bu yeniyetmə və gənclər sabahın əsgərləri, vətənimizin mübariz keşikçiləridirlər.Onların vətənpərvərlik ruhunda böyümələri ən gözəl arzumuzdu.

Biz “Şahinlər” HVD-dən ilkin reportajımızı elə bir fikirlə tamamlayırıq. Nə qədər ki, bu vətənin mərd oğulları var Azərbaycan yaşayacaq və var olacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az