Samvel Babayan: "Azərbaycan dünyada ən güclü raketdənmüdafiə sisteminə malik dörd ölkədən biridir"

Samvel Babayan:

"Mən Qarabağa hansısa siyasi post tutmaq üçün gəlməmişəm, keçmiş vəzifələrim məni maraqlandırmır”. Miq.az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu qondarma "DQR”in keçmiş "müdafiə naziri”, ötən bazar günü Xankəndinə qayıdan Samvel Babayan jurnalistlərə deyib.

"Samo” bildirib ki, əsas məqsədi erməni ordusunun müdafiə sisteminin möhkəmləndirilməsinə kömək etməkdir. Onun fikrincə, Azərbaycan ən azı il yarım-iki il ərzində irimiqyaslı müharibəyə başlamayacaq, ona görə də müdafiə sistemini möhkəmləndirməyə hələ vaxt var.

Samvel Babayan bundan əvvəl Ermənistan mətbuatına müsahibəsində ordunun təchizatında əsas diqqəti hava və raket müdafiə sistemlərinə yönəltməyin vacibliyi haqda fikirlərinin tənqid olunmasına da münasibət bildirib. "Birincisi, gərək ağıla malik olasan ki, mənim təkliflərimi qəbul edəsən. İkincisi, mən bir daha təkrar edirəm: Azərbaycan İsrail istehsalı olan raketdən müdafiə sisteminə malikdir. Mənə məlumdur ki, Azərbaycan özünün Havadan Müdafiə Sistemini təkmilləşdirmək üçün 4 divizion "Dəmir günbəz” alıb və yerləşdirib. Mən hətta onların Azərbaycan boyu harada yerləşdirildiyini də deyə bilərəm. İndi mənim informasiyam köhnəlib, yoxsa onların?”-Samvel deyib.

"Əgər həmin adam deyirsə ki, dünyada belə sistemə malik olan cəmi üç ölkə var, o zaman mən də deyirəm ki, Azərbaycan dördüncü ölkədir. Və indi kim köhnəlib, mən yoxsa onlar? Əgər onlar belə sadə şeyləri bilmirsə daha nədən danışasan? Ya bilib sizi aldadırlar, ya bilmirlər və deməli parazitlik edirlər”-o əlavə edib.

Babayan deyib ki, bu kimi məsələləri "DQR hakimiyyəti” ilə müzakirə etmək istəyir, ancaq hələlik planlaşdırılmış görüş yoxdur. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az