Sədərək hadisələrinin gizlinləri

Sədərək hadisələrinin gizlinləri

Naxçıvandakı Demokratiyaya Dəstək və İnsan Hüquqları Resurs Mərkəzinin direktoru Məlahət Nəsibova və onun əri İlqar Nəsibovun da içində olduğu “demokrat və sahibkar”ların üzləşdikləri “gömrük problemi”nin arxasında hansı niyyətlərin olduğu apardığımız jurnalist araşdırması zamanı tam təfsilatları ilə ortaya çıxıb. Gömrük məntəqəsində törədilən hadisənin baş verməsi ardıcıllığı bu insidentin əvvəlcədən hazırlanmış təxribat olmasından xəbər verir.

Sədərək gömrüyündə Məmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədov tərəfindən törədilən hadisənin təfərrüatları olduqca maraqlıdır. Beləki hadisənin törədilməsindən bir gün əvvəl Məmməd Qurbanova məxsusu avtomobildə bir araya gələn İlqar Nəsibov, Həkimeldostu Mehdiyev, Elman Abbasov, Nadir Məmmədov Sədərək gömrüyündə törədiləcək insidentin senarisini hazırlayıblar. Nəyin bahasına olursa olsun hər hansı bir süni yaradılan problemlə ölkə gündəminə gəlmək tapşırığı almış “hüquq müdafiəçiləri” əvvəllər də təkrarlanmış köhnə Məmməd Qurbanov hekayəsi üzərində razılığa gəliblər.  Lakin bu dəfə Məmməd Qurbanovla birgə onun kürəkəni Nadir Məmmədova daha aqressiv olmaları tapşırılıb. Nadiri keçən illərdə mətbuatın “qəhrəmanına” çevirdiklərini və Məmməd Qurbanovun kürəkəni olduğunu nəzərə alan “jurnalist”lər bu dəfə də onlara insidentdən təmiz çıxacaqları zəmanəti veriblər. Məmmədi artıq müəyyən dairələrdə “tanınan biznesmen” olduğuna, Sədərək gömrüyündə qəsdən salınacaq mübahisə zamanı heç kimin ona bata bilməyəcəyinə də inandırıblar.

Baş verəcək insidentin senarisi hazırlanarkən göstəriləcək “teatr”ın ictimaiyyətə sırınması və təbliğatı üsulları da unudulmayıb: Elman Abbasov, Həkimeldostu Mehdiyev, İlqar Nəsibov müxalifət qəzetlərində ardıcıl xəbərlərlə çıxış etməyi öz üzərlərinə götürüblər. Elə oradan telefonla Məlahət Nəsibova ilə hadisədən sonra səfirlikləri məlumatlandırmağı, Yafəz Əkrəmoğlu ilə də “Azadlıq radiosu” vasitəsi ilə ajiotaj yaratmağı razılaşdırıblar. Hətta qərara alınıb ki, Elman, İlqar, Nadir və Məmməd Sədərək gömrüyünə girər-girməz RATİ-nin əməkdaşı İdrak Abbasov da öz Facebook səhifəsindən həyəcanlı xəbərlər verməyə başlasın və bildirsin ki, “elə indicə Sədərək gömrüyündə jurnalistlərə təzyiq edirlər”. Bu barədə isə İdark Abbasovu Elman Abbasov razı salıb.  Elə belə də olur. Əvəllcə İ.Abbasov Facebook-da razılaşdırılmış radələrdə “təzyiqlər” barədə ilkin məlumatlar yaymağa başlayır. Sonra isə müxalifət mətbuatındakı məlum “hay küy” başlayır.

Dekabrın 8-də plan üzrə Sədərək gömrüyünə daxil olan Nadir Məmmədov heç bir səbəb göstərmədən gömrükçülərə gətirdiyi mallara dair sənədləri verməyəcəyini bildirib və onlarla mübahisəyə başlayıb. Gömrük əməkdaşları isə onun sənədləri təqdim etmədiyini gördükdə lazımi prosedur tətbiq ediblər. Bu zaman Nadirin qaynatası Məmməd Qurbanov, Elman Abbasov və İlqar Nəsibov özlərini ora yetiriblər. Hər şeyin sakit tərzdə cərəyan etdiyini görən “jurnalistlər” Nadir və Məmmədə bir az aktiv olmağı işarə ediblər. Bu zaman isə Nadir Məmmədov bıçağa əl ataraq qarşısındakı gömrükçüyə zərbə vurmağa cəhd edib.  Aldığı sifarişi yerinə yetirərkən qanun və insan həyatını belə heçə sayan Nadirin cəhdi uğursuz olub. Qətl məqsədi ilə endirilən bıçaq zərbəsi fəhlələrdən birinin əlini yaralayıb. Ardınca isə Məmməd Qurbanov ona  verilən “vur” əmrini yerinə yetirib. Hadisə günü “jurnalistlər və sahibkarlar”ın birlikdə Sədərək gömrüyünün yaxınlığındakı yeməkxanada yeyib-içmələri də gələn xəbərlər arasındadır.

Deməli Sədərəkdə baş verən hadisəyə qədər Məmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədov Elman Abbasov, Həkimeldostu Mehdiyev, Məlahət və İlqar Nəsibovlar tərəfindən bu iş üçün hərtərəfli hazırlaşdırılıb. QHT sahibəsi Məlahət Nəsibova tərəfindən himayəyə götürüldüyünə inandırılmış Nadir buna qədər dəfələrlə polislərlə mübahisə etmək üçün yol hərəkəti qaydalarını qəsədən pozmuş, buna görə hər dəfə saxlanılaraq ona xəbərdarlıq edilmişdir. Xüsusi imtiyazlı olduğuna inanan Nadir “jurnalistlər”in verdikləri tapşırıqlara uyğun hərəkət edib, insanlar arasında açıq aşkar konkret şəxsləri hədələyib təhqir etməkdən belə çəkinməyib.

Gömrükdə əlbəyaxa döyüşə girən “sahibkarlar”ın yanında “jurnalistlər”in peyda olması maraq doğurmaqdadır. İstər istəməz belə bir sual yaranır: Axı necə oldu ki, İlqar Nəsibov və Elman Abbasov yaşadıqları Naxçıvan şəhərindən 90 km aralıda olan Sədərək gömrüyündə məhz Məmməd və Nadirin orada olduqları, məhz onlar tərəfindən hadisənin törədildiyi anlarda peyda oldular? Bu sual hadisənin “jurnalist və hüququ müdafiəçiləri” tərəfindən əvvəlcədən hazırlanmış təxribat olmasına dəlalət edən danılmaz faktdır. Demokratiyaya Dəstək və İnsan Hüquqları Resurs Mərkəzinin planları əsasında törədilən hadisənin lentə alınması və fotoşəkillərin çəkilməsi üçün “məzlum və kasıb” Məmməd Qurbanovun digər Toyota markalı luks avtomobilində əvvəlcədən kamera və fotoaparatların yerləşdirilməsinin məlum olması da baş verənlərin arxasında böyük məkrli məqsədlərin durmasından xəbər verir.

Məməd Qurbanovun kimliyi oxuculara yaxşı məlumdur. 2009-cu ildə Məlahət Nəsibova “Azadlıq radiosu”nun müxbiri kimi bu şəxsi öz xəbərlərinin əsas personajına çevirmişdi. Həmin vaxt da, bu “sahibkar” Məlahət Nəsibovanın təhriki ilə Sədərək gömrük məntəqəsində ölkəyə gətirdiyi mallarla əlaqədar dövlət rüsumunu ödəməkdən boyun qaçırmış, yalnız özünün haqlı olduğunu iddia etmişdi. İllərdir Məlahət Nəsibovanın yalnız Məmməd Qurbanovu müxalifət mətbuatında “hüququ pozulmuş sahibkar” kimi qələmə verməsi də danılmaz fakt olaraq ortadadır. Məmməd Qurbanovun “sahibkar” yoxsa Məlahət Nəsibovanın “katibəsi” olması bu gün yenə də sirr olaraq qalır. Sahibkar kimi təqdim olunan Məmməd Qurbanovun vaxtının çox hissəsini Məlahət Nəsibovanın ofisində keçirməsi qəribə  deyilmi? O da məlum olub ki, bu “sahibkar” tez-tez Məlahət Nəsibovanın qonaqlarını restoranlara aparmaqla da məşğul olur.   Məmməd Qurbanov və kürəkəni Nadirin cinayət sayılan əməllərinə haqq qazandıran Nəsibovlar və “jurnalist”lər onların hadisədən bixəbər olan ailə üzvlərinə də yol tapıblar. Lakin Nəsibovların onlara uzatdıqları mikrafonun Nadir və Məmmədin törətdiyi cinayət əməlinin yaratdığı məsuliyyətdən yaxa qurtarması üçün faydalı olacağı görünmür.

Kənan

“Vətəninfo.az”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az