Xəbər verdiyimiz kimi, avqustun 21-də Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi baş verib.
Yanğının baş verməsi məlum olduqdan sonra səfirliyimiz Almaniyanın müvafiq orqanları ilə əlaqə saxlayaraq hadisənin detalları ilə bağlı bəzi məlumatlar əldə edib.
Səfirliyimizin Oberpfalts Baş Polis İdarəsindən əldə etdiyi məlumata görə, yanğının baş verdiyi binada cəmi 19 nəfər olmaqla, 10 nəfər Azərbaycan, 2 İran, 2 Ukrayna, 2 Kosovo, 2 Ermənistan, 1 Konqo vətəndaşı məskunlaşıb. Bunlardan 3-nün isə azyaşlı uşaq olduğu qeyd olunub. Oberpfalts Baş Polis İdarəsinin baş polis komissarı Mixael Rebelenin verdiyi məlumata görə, binada yaşayan iranlı şəxs öncə qonaq üçün nəzərdə tutulmuş otaqda yanğın tüstüsü hiss edib, daha sonra oradan iki nəfər şəxsin qaçdığını görüb. Daha bir nəfər qaçan şəxsləri binanın qarşısında gözləyirmiş.
Polis idarəsi yanğın nəticəsində bina sakinlərindən heç birinin xəsarət almadlğını, yalnız binanın 1-ci mərtəbəsinə dəyəri yüzlərlə avro məbləğində olan maddi ziyan dəydiyini bildirib. Hələ gecə ikən hadisənin səbəblərini araşdırmaq məqsədilə xüsusi istintaq qrupu yaradılıb və işin istintaqı hazırda davam edir.
Bavariya əyalətinin daxili işlər naziri Yoaxim Herman hadisənin ksenofobiya zəminində törədildiyini istisna etməyərək, məsələnin araşdırılması üçün əlindən gələni edəcəklərini qeyd edib.
Səfirliyimiz məsələni diqqətdə saxlayır və yanğın hadisəsinin obyektiv surətdə araşdırılması üçün AFR hüquq-mühafizə orqanları ilə əməkdaşlığını davam etdirir.
AZƏRTAC