Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Silahlı Qüvvələrin zabiti, 40 yaşlı polkovnik Vüqar Yusifovun cənazəsi Şəmkir rayonuna aparılıb. Şəhid rayonun Şiştəpə kəndində dəfn olunub.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) nümayəndələri, Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, rayon ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin hərbçiləri və döyüş yoldaşları iştirak edib.
Qeyd edək ki, şəhid Vüqar Yusifov ailəli olub, iki qızı və bir yaşlı oğlu var. Vüqar Yusifov Şəmkirdən olan ikinci şəhiddir. Ötən gün rayonun Tatar kənd sakini 19 yaşlı əsgər Nurlan Qasımov öz doğma kəndində torpağa tapşırılıb.
***
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan zabitinin dəfn mərasimində böyük izdiham yaşanıb. Cəbhə xəttinin Füzuli rayonu istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Ağdam rayonundan məcburi köçkün, 26 yaşlı Ziya Niyazi oğlu Həsənovun cənazəsi "Vətən sağ olsun!", "Şəhidlər ölməz Vətən bölünməz!", "Vətən sənə canım fəda!", "Şəhidlər ölmür!", "Qələbə naminə!" şüarları ilə Bərdə rayon Şəhidlər Xiyabanına gətirilib.
Azərbaycan ordusunun şəhidi alqış sədaları altında dəfn olunub.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) nümayəndələri, hüquq-mühafizə orqanlarının rəsmiləri, rayon ictimaiyyəti, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti iştirak edib.
Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.