Səni yola saldım

Səni yola saldım

Sona Vəliyeva

Vətəninfo.az  tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın şeirini təqdim edir.

Sona Məhəmməd qızı Vəliyeva - Azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifidir.
Sona Vəliyeva həm də ədəbi tənqid, şeir və digər bədii yaradıcılıq sahəsində yazıları ilə tanınmışdır. Onun indiyə qədər işıq üzü görmüş "Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi" (2002), "Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası" (2003) elmi-publisistik və "Çəhrayı rəngli dünyam" (2007) şeirlər kitabı oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
2012-ci ildə işıq üzü görmüş "Zaman xəbərsiz ötdü..." kitabı şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın oxucularla növbəti görüşü olmaqla yanaşı, həm də yaradıcılıq hesabatı olmuşdur.

SƏNİ YOLA SALDIM

Bir kimsə qəlbimi ovuda bilməz,
Səni yola saldım, tənhayam bu gün.
Bir belə doğmanın içində, Allah,
İnsan tək olarmış belə büsbütün.

Belə həsrətləri az çəkməmişəm,
Belə tanhalıq da heç vaxt olmayıb.
Deyirəm dünyada sevgiylə dözüm,
Yaxşı ki ikisi əkiz doğulub.

Bu gündən ümidim yollar, məktublar,
Yanında olacaq yarı canım da.
Sənə çətin olsa, bircə telimi,
Simurq tükü elə, hazıram orda.

Bu gündən gecələr qanad açaram,
Birbaşa uçaram elə sənəcən.
Bu gündən ayların günləri uzun,
Bir əsr yol gələr gülüm, sənəcən.

Bu elə sevgi ki, elə tale ki,
Vüsalı bəxtindən uzaqdır bir az.
Yüz Sənəm həsrəti, Qərib dərdlisi,
Yığılsa bu günü mənə tay olmaz.

Səni yola saldım, sakit, səirsiz,
Siqaret çıxardım, içim alışdı.
Qəlbindən keçəni, nə çəkdiyini,
Gözlərin astaca mənə danışdı.

Məndən uzaqlara yol gedər sevgim,
Ürəyi mənimlə olacaq hər an.
Bir sevgi duası, bir qız duası,
Onu qoruyacaq eşqdən, bəladan.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az