Sevmək nədir – bilirsənmi?
Gecələri yuxusuz qaldığın olubmu?
Sabahları oyandığında da, gecələr gözlərini yumduğunda da, yemək yeyərkən də, söhbət edərkən də... mən yadına düşmüşəmmi?
Məni xatırladığında qeyri-ixtiyari gülümsünmüsənmi?
Sevdamıza tələsərkən ürəyin həsrətlə döyünnübmü?
Hər gün bir kəlmə şirin söz deməyə, səsimi eşitməyə, adımı qarşındakı ağ kağıza yazmağa ehtiyacın olubmu?
Olmayıb, bilirəm...
Gözəl evin, işin ola bilər...
Həyatından ləzzət ala bilərsən...
Dostlarının, tanışlarının sevimlisi ola bilərsən...
Hər şey əladı, düşünə bilərsən.
Bəs bunları bir anda göz qırpmadan belə mənim üçün itirə bilərsənmi?
Bilməzsən, bilirəm...
Bax... Qoru məni bütün dərdlərdən, bəlalardan...
Uzat qalan günlərimizi..
Qaytar itirdiklərimizi...
Qışımı bahara çevir, boranlı bir gündə mənə bir qucaq bənövşə göndər.
Bir ovuc sevinclə qəlbimi şad etməkçün keç bütün yolları...
Bacararsanmı?
Bacarmazsan, bilirəm...
Məni itirsən darıxarsan, qəmlənərsən...
Bəlkə məndən bir nişanə görüb kövrələrsən ...
Azdı... Bu azdı... bunu ki, bilirsən?
Gəl, mənim gözlədiyim kimi gəl!
Hələ ki burdayam!
Sənin olan mən…
İstədim ki...
Sən tez-tez mənə "gözlərini yum, yat, hər şey yaxşı olacaq" - deyirdin, ana.
Bu gün yoxlamaq istədim inandırdığın bu sözlərdəki möcüzəni...
Gözlərimi yumdum...
İstədim ki, açarkən hər şeyin dəyişdiyini görüm,
Başqa çür olsun dünya... tamam ayrı cür – arzularımdakı kimi...
Olar-olmazlar dəyişsinlər istədim:
Evyıxanlar, ailədağıdanlar,
Böhtan uyduranlar,
Bir qalaq pula görə hər şeyi satanlar,
Xainlər və alçaqlar,
Vətəni talayanlar,
Özgənin Vətənində utanmadan oturub “mənimdir” deyənlər,
Bu gün sənə, sabah ona Sevirəm deyənlər,
Xəyanətkarlar OLMASIN istədim!
İstədim ki...
Hər yerdə güllər-çiçəklər olsun,
Azadlıq və firavanlıq olsun,
Təbiətin kirlənən üzü təmizlənsin,
Başımıza daha göylərdən od ələnməsin,
Küləklər özüylə təravət gətirsin,
Torpaqlarımız qayıtsın,
Oğullarımız sağ-salamat, analar sad olsun!
Haqq-ədalət yerini tutsun,
Sevənlər ayrılmasın,
İnsanlar yalan danışmasın, acgöz olmasın,
Səfiilərin öz evi, öz ocağı olsun,
Dilənçilərə pulla bərabər mərhəmət də verilsin,
Dindarlar fanat yox, iman sahibi olsunlar,
İman sahiblərinə xor baxmasınlar,
Açdım gözlərimi...
Hər şey əvvəlki kimidi... yenə də...
Dəyişən bir şey yoxdur, ana.
Amma yox..., mən dəyişdim...
Daha möcüzələrə inanmıram mən!