Serjik Sərkisyan Qarabağda hakimiyyətə gətirilə bilərmi?..- Təhlükə
Ermənistanda gözlənilən bütövlükdə hərbi-siyasi rejim dəyişikliyindən sonra işğal altındakı Dağlıq Qarabağ və digər bölgələrimizin Ağ Evin, NATO-nun təsir dairəsinə çevriləcəyi halda da Azərbaycanın işləri daha düyünə düşəcək...
Bir sıra Qərbmeyilli siyasi şərhçilər Serjik Sərkisyanın müxalif güclərin təzyiqləri altında Ermənistanın Baş naziri vəzifəsindən istefa verməsini Kremlin Ağ Ev qarşısındakı məğlubiyyəti kimi qələmə verirlər. Daha bir maraqlı məsələ keçmiş SSRİ "KQB”-sinin agenti olan ardınca da Rusiya təhlükəsizlik xidmətlərinin nəzarətinə keçən Serjikin bundan sonrakı siyasi taleyidir. Kim bilir, bəlkə də Sərkisyan SSRİ-nin yıxılması üçün milli münaqişələri, separatçı hərəkatları qızışdıran "KQB” və "SRU”-nun müştərək agenti olub... Odur ki, Qarabağ klanının İrəvandakı hakimiyyətdən uzaqlaşdırılmasına sevinmək hələ tezdir. Çünki Rusiya əgər doğrudan da Ermənistanda uduzubsa, bundan sonra revanş götürməyə çalışacaq. Bunun bir yolu da işğal altındakı Azərbaycan torpaqlarında birbaşa Rusiyanın hərbi-siyasi dəstəyi ilə qondarılmış separatçı-terrorçu rejimin möhkəmləndirilməsidir. Bunun üçün Kremlin daha zəif, qeyri-xarizmatik lider olan və iqtisadi çətinliklər içində yaşayan sadə ermənilərin gözündən düşmüş, bəlkə də nifrət etdiyi Bako Saakyanın yerinə daha nüfuzlu və bacarıqlı görünən, 30 illik "azadlıq hərəkatı”nın fəallarından olmuş və bölgəyə xarici investisiyalar cəlb edə bilən Robert Köçəryan, Serjik Sərkisyan kimi birini gətirməsi mümkündür. Eyni zamanda Rusiyaya Xankəndindəki rejimi daha sərt, "dəmir əl”lə idarə edən və İrəvanın, Qərbin, bir az da Bakının,təzyiqlərinə davam gətirə biləcək birisi lazımdır... Bunu "növbədənkənar prezident seçkiləri” və s. adlar altında həyata keçirmək Moskvanın əlində 2X2-dir...
Serjik Sərkisyanın taleyi haqda maraqlı fikirlərdən birini Qarabağ qazisi, 1991-ci ildə Şuşa türməsi ilə əlaqəli milis və Xankəndində Xüsusi Komitənin rəhbəri Viktor Polyaniçkonun mühafuzəçisi kimi çalışmış, erməni separatçı liderlərinə və klanlarına yaxşı bələd olan, polkovnik Azay Kərimov bildirib. "Facebok” şərhində o yazıb ki, yəqin, Serjik Sərkisyan bundan sonra Qarabağa gələcək və digərləri kimi Rusiyanın himayəsi altında orada yaşayacaq, təhlükəsizliyi qorunacaq...
Əlbəttə, deyilənlər, hamısı fərziyələrdir. Hər şeyi zaman göstərəcək... Ancaq Ermənistandakı kəskin hakimiyyət dəyişikliyindən və baş verə biləcək rejim çevrilişindən sonra Xankəndindəki separatç-terrorçu quruma ABŞ və Avropanın hansı gözlə baxacağı da çox vacibdir. Hazırda Xankəndində "parlament”də fəaliyyət göstərən müxalif "Milli Dirçəliş” partiyası mövcuddur. Və xəbər verdiyimiz kimi, partiyanın "deputat” üzvləri Paşinyan müxalifətini birbaşa bəyanatla dəstəkləmişdi...Üstəlik, İrəvandan Dağlıq Qarabağa müxalifətçi emissarların sızması və orada da kütləvi etirazlar təçkil edilməsi tamamilə mümkündür...

Digər tərəfdən, İrəvanda hərbi-siyasi rejimin kökündən dəyişəcəyi təqdirdə Ermənistan ordusu kimi Azərbaycan torpaqlarındakı "ikinci erməni dövləti”nin qanunsuz hərbi birləşmələri də bilavasitə Qərbin təsiri altına düşəcək. Bəs həmin halda ABŞ və Avropa separatçı rejim və onun "ordusu”na qarşı hansı mövqe tutacaq? Bəlkə də Azərbaycan hakimiyyətinə güclü təsir rıçaqı kimi dolayısıyla bu qondarma qurumu daha da gücləndirəcək?..

Bütün bu suallar üzərində baş sındırmaq yerinə Azərbaycan hələki Rusiyanın birbaşa təsiri altında olan və respublikanın ərazi bütövlüyünü, konstitusyon quruluşunu pozan, etnik təmizləmə aparan, qaçqınların öz torpaqlarına qayıdışına imkan verməyən, digər bölgələrimizin dinc sakinlərini daim atəş və hücum təhdidi altında saxlayan separatçı-terrorçu rejimi kökündən qazıyıb atmağın siyasi-diplomatik, hüquqi və sonda hərbi yolunu bulmalıdır...Bir sözlə, ATƏT-in-filanın, həmsədr dövlətlərin saxta, manipulyativ xidmətlərindən imtina edib təcili olaraq torpaqları azad etmək gərəkdir... Əks halda Dağlıq Qarabağ və ətrafa bölgələrimizi gələcəkdə Qərbin, Ağ Evin, NATO-nun təsir dairəsinə çevrilsə, işlərimiz daha da müşkülə düşəcək...
Sultan Laçın(Moderator.az)
Miq.Az