"Sizi əmin edirəm, bu biabırçı faktla iş bitməyəcək"
"Moskovski komsomolets”də
"Azərbaycan səfiri Bülbüloğlu Sterliqovun Qarabağa səfərinin
nəticələrindən danışıb” adlı yazı dərc olunub. Yazıda Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu maraqlı açıqlamalar verib.
Strateq.az AzerTac-a istinadən xəbər verir ki, səfirimiz rus milyonçusu German Sterliqovun Dağlıq Qarabağa gözlənilməz səfərini "Moskovski komsomolets”ə şərh edərək deyib:
"Bu,
biabırçı faktdır. German Sterliqov nümayişkaranə şəkildə fitnəkar
hərəkət edib. O, əlbəttə ki, hara getdiyini bilirdi və Azərbaycanın
rəsmi mövqeyi, həmçinin belə bir addımın nəticələri ona məlum idi.
Bununla belə, Sterliqov "Dövlət sərhədi haqqında” Azərbaycan
Respublikası Qanununun 11-ci və 12-ci maddələrinin, "Pasportlar
haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin, habelə
Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 15-ci maddəsinin
tələblərini kobud şəkildə pozub.
Hələ üstəlik Azərbaycanın erməni
işğalçıları tərəfindən zəbt edilmiş Şuşa şəhərində - Qarabağ xanlığının
tarixi mərkəzində German Sterliqov qeyri-qanuni rejimin "müstəqilliyini”
dəstəkləyən – Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına
və onun torpaqlarının işğalının davam etdirilməsinə yönəldilmiş
bəyanatlar verib.
- Yəni, German Sterliqovun
Azərbaycan Xaric İşlər Nazirliyinin "arzuolunmaz şəxslər” siyahısına
daxil edilməsi məsələsi həll olunub?
- Şübhəsiz. Amma sizi əmin edirəm ki,
bununla iş bitmir. Azərbaycan Respublikasının Baş Prokurorluğu
Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal
olunmuş ərazilərinə qanunsuz soxulduğuna görə və Azərbaycanın ərazi
bütövlüyünə qarşı yönəldilmiş açıq çağırışlarına görə German Lvoviç
Sterliqov barəsində cinayət işi qaldırıb.
Yuxarıda göstərilənlərlə əlaqədar olaraq
Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər
üzrə İstintaq İdarəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün
pozulmasına və dövlət sərhədinin qanunsuz keçilməsinə yönəldilmiş
çağırış faktları ilə əlaqədar Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 281.2-ci və 318.2-ci maddələri üzrə cinayət işinin
icraatına başlayıb.
Azərbaycan Respublikası onun ərazi
bütövlüyü əleyhinə yönələn qeyri-qanuni səfər və çağırış cəhdlərinə
qarşı bundan sonra da bütün qanuni yollarla müqavimət göstərəcək. Bu
müqavimət çərçivəsində Azərbaycan tərəfi həm ikitərəfli, həm də
çoxtərəfli formatda beynəlxalq mexanizmlərə, o cümlədən qanunu
pozanların İnterpol xətti ilə axtarışda olan şəxslərin siyahısına daxil
edilməsi barədə vəsatətə də əl atacaq.
Məsələn, Rusiyada oxşar təcrübə var və
dövlət sərəncamında olan bütün qanuni vasitələrdən istifadə edərək hər
kəsin, o cümlədən əcnəbilərin mövcud qayda və normalara əməl etməsi üçün
ciddi tədbirlər görülür. Bu immiqrasiya qanunvericiliyinə də aiddir və
onun tələblərinin sərtləşdirilməsi ölkənin suveren hüququ kimi qəbul
edilir. Biz bu hüquqa hörmətlə yanaşırıq. Lakin öz tərəfimizdən biz də
qarşılıqlı hörmət tələb edirik. Xüsusən, ona görə ki, Sterliqovla bağlı
hadisədə söhbət "sadəcə” inzibati məsuliyyət daşıyan miqrasiya
qaydalarının pozulmasından deyil, cinayət əməlindən –sərhədin qanunsuz
keçilməsindən və Azərbaycan dövləti əleyhinə açıq çıxışlar edilməsindən
gedir."