Tanınmış ermənilərdən barışıq jesti- "Başqa yolumuz yoxdur”

Tanınmış ermənilərdən barışıq jesti-

"Qarabağ müharibəsini kənar qüvvələr alovlandırır”

Rusiya mediası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məqalələr dərc etməyə davam edir. İstiPress-in məlumatına görə, məşhur "Vestikavkaza” saytında yer alan bu dəfəki məqalədə qeyd olunur ki, azərbaycanlılar və ermənilər əsrlər boyu bir yerdə yaşadığı kimi yenidən bunu bacara bilərlər.

Bu yaxınlarda Moskvada ermənilərlə azərbaycanlılar dava etdiyini xatırladan məqalə müəllifi yazır ki, iki xalq arasında nifrətin daha da artırılması Qafqaz regionda sabitliyin pozulmasına səbəb olur. Rusiyanın "Mosfilm” kinokonserninin baş direktoru, erməni kinorejissor Karen Şahnəzərov da azərbaycanlılar və ermənilərin birgə yaşamağının tərəfdarı olduğunu bildirir.

"Qafqaz insanları parçalamır, əksinə birləşdirir. Qafqazın əsas xüsusiyyətlərindən biri budur ki, bu regionda çox millətlər yaşayır. Onlar fərqli dillərdə danışırlar, öz adət-ənənələri var. Belə mənzərə dünyanın heç bir yerində yoxdur. Qafqazlılar yetərincə mərd insanlardır. Biz bir-birimizə mane olmadan sülh şəraitində yaşaya, kompromisə gedə bilərik. Kənar müdaxilə olmadan problemlərimizi özümüz həll etməyə qadirik. Qafqazda müharibə o vaxt olur ki, kənar ölkələr hansısa yollarla xalqlar arasına nifrət toxumu səpirlər”, - deyə Karen Şahnəzərov bildirib.

Erməni kinorejissor Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün xarici qüvvələrin təsirinin azalmasını, Azərbaycan-Ermənistan dialoqunun başladılmasını vacib sayır.

Bənzər mövqeni SSRİ-nin xalq artisti Armen Ciqarxanyan da sərgiləyib. Onun sözlərinə görə, azərbaycanlılar və ermənilər arasında nə qədər çox dost olsa, bir-birilərini daha çox sevəcək və tezliklə razılığa gələcəklər.

"Çox gözəl başa düşürəm ki, dövlətlər və millətlər arasında konfliktlər ola bilər, amma mən Allaha yalvaracam ki, əsas münaqişəmiz futbol səviyyəsindən yuxarı olmasın, əks halda məhv olacağıq. Xoşagəlməz insanlar peyda olacaq və biz anidən sezəcəyik ki, bir-birimizi öldürmək üçün əlimizdə silah var. Bunu etmək olmaz. Hesab edirəm ki, azərbaycanlılar və ermənilər yaxşı millətlərdir və bir yerdə yaşaya bilər. Razılaşmalıyıq, başqa yolumuz yoxdur”, - deyə Armen Ciqarxanyan bildirib.

Qeyd edək ki, Armen Ciqarxanyan həmişə Qarabağ münaqişəsi ilə bağlı danışmaq istəmədiyini deyib. Lakin bu dəfə geniş açıqlama verib və barışıq üçün səslənib. Son vaxtlar Rusiyada yaşayan ermənilər bu cür mövqe nümayiş etdirməyə başlayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az