Tanınmış jurnalist həbs olundu - Təfərrüat
Masallı rayonunda sayt rəhbərinin tutulması üçün əməliyyat keçirilib.
Miq.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Məlumata görə, "cenub.az" xəbər portalının rəhbəri Zahir Əmənov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilindiyi üçün tutulub.
Məlum olub ki, Zahir Əmənov Masallı rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazi icra nümayəndəsi İsrafil Əliyevin şikayəti əsasında saxlanılıb. O icra nümayəndəsindən hədə-qorxu ilə pul tələb edib.
Məlumata görə, Zahir Əmənov icra nümayəndəsinin səs yazsını sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gəlib və 1500 manat verməsini istəyib.
Faktla bağlı Masallı rayon polis şöbəsində Cinayət Məsəlləsinin 182.1-ci maddəsilə cinayət işi başlanılıb.
İstintaq hərəkətləri davam etdirilir.
Zahir Əmənov 1952-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1992-ci ildə Masallıda ilk müstəqil qəzetin - "Masallı" qəzetinin redaktoru olub. 1993-cü ildən 2003-cü ilə kimi onun təsisçiliyi və baş redaktorluğu ilə "Masallı xəbərləri" qəzeti çap olunub. 2003-cü ildə həmin qəzetin bazasında "Cənub xəbərləri" qəzetini yaradıb. Hazırda həmin qəzetin sahibidir.
Müxtəlif qəzet və agentliklərin cənub bölgəsi üzrə müxbiri olub.
Miq.Az