Təhsilin baş bəlası - Valideynlər necə soyulur?
Elə müəllim var ki, ayda 3 min manat pul qazanır...
Repititorluğun ləğv olunması dəfələrlə gündəmə gəlsə də, bu məsələ
indiyə kimi həllini tapmayıb. Valideynlərin cibinə qənim kəsilən
repititorluğun ləğvində ən optimal yol kimi məktəblərin 12 illik
sistemə keçməsi göstərilir. Bu zaman məktəblər 10 il icbari, 2 ili isə
ali məktəbə hazırlıq istiqamətində fəaliyyət göstərməli olacaq. Amma bu
sistemin tətbiqi nədənsə gecikir, nazirlik real addımlar atmır...
Təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, repititorluğun ləğvi üçün ilk növbədə nazirlik bununla bağlı vahid mövqe sərgiləməlidir.
Ekspert hesab edir ki, repititorluq Azərbaycan məktəblərin sıradan
çıxmasına gətirib çıxarır: "Repititorluqla bağlı bu günə kimi vahid
mövqe sərgilənməyib. Keçmiş təhsil nazirinin dövründə belə fikirlər
səsləndirilib ki, repititorluq dünyanın hər yerində olub və Azərbaycanda
da bu xidmətin olması nomaldır. Yəni bu sahədə Təhsil Nazirliyinin
vahid fikri yoxdur. Repititorluq dərslərin hesabına həyata keçirilir.
Odur ki, məktəblərin yuxarı siniflərində oxumağa uşaq tapılmır. Müəllim
yanına gedən şagirdlər dərslərə gəlmirlər, direktorla anlaşırlar, adları
məktəbdə qeyd olunur. Bu da məktəb mühitinin dağılmasına gətirib
çıxarır. Repititorluğun qarşısının alınması üçün ilk növbədə məktəblərdə
monitorinqlər keçirilməlidir. Bununla bağlı ölçü götürülsə, xüsusi
olaraq hazırlıqların qarşısı alınar”.
Ekspert deyir ki, gələcəkdə 12 illik təhsil sisteminə keçidlə əlaqədar 4+6+2 sisteminin tətbiq olunması nəzərdə tutulur.
N.İsrafilovun fikrincə, 10-cu sinfə kimi icbari təhsil, 11, 12-ci
siniflərdə isə ixtisaslar üzrə hazırlaşma repititorluğun qarşısını ala
bilər.
"Bundan başqa təhsil naziri aralıq siniflərində imtahanların bərpa
olunması ilə bağlı qərar verib. Sovet dönəmində 5-ci sinifdən başlayaraq
11-ci sinfə qədər aralıq imtahanları olardı. Bu şagirdlərin
məsliyyətini artırırdı. Çox təəssüf ki, keçmiş təhsil naziri aralıq
imtahanlarını ləğv etdi və 11-ci sinifdə 8 fənndən imtahan saldı. Bu da
şagirdlərin yüklənməsinə səbəb oldu. Aralıq imtahanlarının yenidən bərpa
olunması təhsilin keyfiyyətinə müsbət təsir edən məsələlərdən olacaq”.
Diqqətə çatdıraq ki, Azərbaycan müəllimi özünün maliyyələşməsini uşaq
hazırlamaqla təmin edir. Cəmiyyətdə də belə fikir formalaşıb ki,
repititor təhsilindən istifadə etmədən ali məktəbə daxil olmaq
mümkünsüzdür. Valideynləri belə düşünməyə vadar edən səbəb isə orta
məktəblərdə təhsilin səviyyəsinin aşağı olması göstərilir. Buna görə də
onlar hətta ibtidai sinifdən başlayaraq övladları ilə dərsdən kənar
məşğul ola biləcək müəllimlərin xidmətindən istifadə edirlər.
Repititorluq, bir sözlə, bu gün Azərbaycan müəlliminin qazanc yeridir.
Bəli, elə bacarıqlı müəllim var ki, repititorluqdan ayda 3-4 min manat
gəlir götürür. Əlbəttə o müəllim heç vaxt 100-150 manata görə məktəbə
gəlib özünü yormayacaq. Fürsətdən istifadə edən əksər müəllimlər
məktəblərdə şagirdlərə normal dərs keçmirlər ki, onun yanına hazırlığa
gəlsinlər.
Məsələn, bu gün müəllimlər ən aşağısı 50 manata, ən yuxarısı 150 -200
manata şagird hazırlaşdırırlar. Söhbət 1-2 şagirddən yox, 20-25-30
şagirddən gedir. Bəli, bütöv bir sinifdən. Nəzərə alsaq ki, orta hesabla
hər şagirdi 70 manata hazırlaşdırırlar, bu ayda 1400 manatdan 2 min
manata qədər vəsait deməkdir.
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, professor Musa Qasımlı repititorluğun ləğv edilməsinin tərəfdarı olmadığını bildirib. O, bu
məsələnin həll edilməsi üçün ilk növbədə təhsildə olan problemlərin
aradan qaldırılmasının lazım olduğunu deyib.
"Dünyanın əksər ölkələrində valideynlər öz övladlarını universitetlərə
hazırlamaq üçün və uşaqların daha yaxşı təhsil alması üçün repititorlara
müraciət edirlər. Bizdə də bu var. Fikrimcə, repititorluğun aradan
qaldırılması heç bir fayda verməz. İnzibati yollarla repititorluğun
aradan qaldırılması mümkün deyil. Repititorluğun aradan qaldırılması
üçün ilk növbədə bəzi zəruri məsələlər həll edilməlidir: Təhsilin
keyfiyyəti artırılmalıdır, sosial məsələlər həll edilməlidir,
müəllim-valideyn əlaqələri genişləndirilməlidir. Bu problemlər aradan
qaldırılmadan repititorluğu inzibati yollarla aradan qaldırmaq
qeyri-mümkündür”.
azvision.az