Tibb xidməti polkovnikindən NÜMUNƏVİ ADDIM-Tanıyın, VƏTƏNPƏRVƏR zabitimizi!
Əziz dostlar! Hörmətli həmkarlar!
İş elə gətirib ki, hərbi sahə ilə bağlı olduğuma görə, yüzlərlə, minlərlə müxtəlif hərbi peşə sahəsinə bağlı olan dostları, tanışları tanıyıram. Və onların hər birinin uğuru, xoş sədaları bir zabit yoldaşı və insan kimi məni sonsuz dərəcədə sevindirir.
Bu günlərdə eşitdiyim bir hadisə haqqında sizləri də agah etmək istəyirəm. Ona görə ki, atılmış addımı son dərəcə alicənab və mərd hərəkət kimi qəbul etdim və istərdim ki, siz də onu yaxından tanıyasınız.
Hamınızın yaxşı tanıdığı, iki "Azərbaycan Bayrağı" ordeninin sahibi olan dəyərli komandirim polkovnik Şair Ramaldanov o hərbi həkim haqqında bir neçə kəlmə danışdıqdan sonra məni maraq götürdü ki, o şəxsi mütləq Azərbaycan ictimaiyyətinə tanıtmaq gərəkdir. Xalqımız və dövlətimiz onun layiqli qiymətini verməlidir.
Deməli, Qarabağ savaşının iştirakçısı olmuş Şəhid zabitimiz leytenant Vüqar Yarəhmədovun həyat yoldaşının gözündə çox böyük problemlər yaranıbmış. Və bu bacımız xeyli müddət imiş ki, səhhətində yaranan problemlərə görə böyük əziyyətlər və çətinliklər çəkirmiş. Ailənin maddi imkanları da o qədər böyük olmadığına və gözün əməliyyat olunaraq qaydasına düşməsi üçün xeyli miqdarda maddi vəsait tələb olunurmuş. Dəyərli komandirimiz Şair Ramaldanova müraciət edən Şəhidin əsgər və zabit dostları bu işdə hansı köməkliklərin oluna bilməsi imkanları ilə maraqlanıblar. Öz növbəsində polkovnik Ş.Ramaldanov Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hospitalının aparıcı oftalmoloqu tibb xidməti polkovniki Anar Quliyevə müraciət edib. Və sevindirici haldır ki, Anar həkim bu əməliyyatın bütün xərclərini və əziyyətini öz üzərinə götürərək həmən Şəhid zabitimizin ailəsinin gözünü əməliyyat edib. Və çox şükürlər olsun ki, artıq Şəhid zabitimizin ailə üzvü özünü həm rahat hiss edir, həm də görmə qabiliyyəti tam qaydasına düşüb.
Mən tibb xidməti polkovniki Anar Quliyevi uzun illərdir ki, şəxsən tanıyıram. Və onun necə öz sənətinin mahir ustası olmasını da şəxsən bilirəm. Şəhid ailəsi ilə bağlı məsələni dəqiqləşdirmək üçün Anar həkimlə əlaqə saxlayanda, doğrusu o bir qədər təəccübləndi. "Axı mən elə də böyük bir iş görməmişəm. Sadəcə öz bacardığım köməyi və dəstəyi Şəhid zabitimizin ailə üzvünə göstərmişəm. Məncə ehtiyac yoxdur bu haqda yazmağa və geniş danışmağa. Bizim hər birimizin borcudur ki, Şəhid ailəsi olan insanlara son dərəcə diqqətlə, qayğı ilə yanaşaq və onların üzləşdikləri problemləri həll edək", -deyə həkim fikrini bildirdi.
Yuxarıda qeyd etdiklərimi ona görə ictimailəşdirməyi vacib saydım ki, bu gün bəzən cəmiyyətdə və xüsusən də sosial mediyada tibbi sahə ilə bağlı çoxlu söz-söhbətlərə yer verilir. Hər birimizin qürur yeri olan Şəhid ailələrinə bəzən özəl tibb müəsissələrində lazım olan səviyyədə diqqət və qayğının olmadığı haqqında qeydlərə də rast gəlmək mümkündür. Amma, Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hospitalının tibb xidməti polkovniki Anar Quliyev kimi ürəyi Vətən eşqi ilə döyünən bir zabiti və peşəkarı biz cəmiyyətə tanıtmalıyıq. Şəhid ailəsinin üzləşdiyi problemi belə geniş ürəkliliyi ilə təmannasız həll etməsi və bu haqda danışmağın lazım olmadığını dilə gətirməsi, onu deməyə əsas veriri ki, bu gün bizim çoxsaylı Anar həkim kimi dostlarımız var və onların göstərdikləri bu nəcib insanı addım və hərəkət ən yüksək diqqətə və qiymətə layiqdir.
Təşəkkürlər sizə, dəyərli tibb xidməti polkovniki Anar Quliyev! Fəxr etdim ki, sizin kimi nəcib ürək sahibi olan bir insanı şəxsən tanıyıram və inanıram ki, ölkəmizdə fəaliyyət göstərən çoxsaylı tibb müəsissələrinin kollektivləri də bu cür humanist və diqqətə layiq addımlar atacaqlar.
Şəfalı əlləriniz var olsun, dəyərli dostlar!
Üzeyir Cəfərov,
ehtiyatda olan polkovnik-leytenant,
hərbi ekspert
Miq.Az