Türkiyədə təqaüdlü təhsillə bağlı yeniliklər

Türkiyədə təqaüdlü təhsillə bağlı yeniliklər

Sevilay Yıldırım: "Məqsədimiz təhsildə uğurları ilə seçilən və özünə inanan tələbələrin Türkiyədə lazımi şəraitdə təhsil alaraq ölkələrinə yetişmiş mütəxəssis olaraq qayıtmaqlarını təmin etməkdir"

Türkiyədə təqaüdlü təhsil almaq sahəsində ciddi yeniliklər həyata keçirilməkdədir. Son illərdə Türkiyədə təsis edilmiş yeni dövlət qurumunun - Türkiyə Cümhuriyyəti Yurd Dışı Türklər və Əqraba Topluluqlar Başqanlığının koordinasiyası ilə yeni tədris ilində Türkiyə tərəfindən verilən təqaüdlərə dair yeni qaydalar tətbiq edilməyə başlanmışdır. Bu yeniliklərlə bağlı suallarımızı qurumun mütəxəssisi Sevilay Yıldırım cavablandırır.

- Yeni sistemin gətirdiyi dəyişikliklər nədən ibarətdir?

- Türkiyə tərəfindən xarici tələbələrə verilən ali təhsil təqaüdləri 2012-ci ildə "Türkiyə təqaüdləri" adı altında birləşdirilmiş və mərkəzləşdirilmişdir. Bu çərçivədə TCS imtahanı ləğv olunmuş və ali təhsil almaq istəyənlərə internet vasitəsilə bakalavriatura, magistratura, doktorantura, tibbdə ixtisaslaşma və araşdırma proqramlarına bilavasitə müraciət etmə imkanı verilmişdir.

Yeni təqaüd sisteminin əsasında bürokratik prosedurların azaldılması və abituriyentin uğurlarını maksimum dərəcədə diqqətə almaq nəzərdə tutulmuşdur.

- Türkiyə təqaüdlərinə necə müraciət edilə bilər?

- Türkiyə təqaüdlərinə internet vasitəsilə, poçt yolu ilə, ya da Türkiyə Cümhuriyyətinin xaricdəki təmsilçiləri vasitəsilə müraciət edilə bilər. Poçt yolu ilə, ya da şəxsən edilən müraciətlər ən yaxın Türkiyə Cümhuriyyəti səfirliklərinə (konsulluqlarına) ünvanlana bilər. Son müraciət tarixi 01 iyun 2012-ci ildir. Türkiyə təqaüdləri çərçivəsindəki hər təqaüd proqramına müraciət üçün zəruri qaydalar ewww.turkiyeburslari.gov.tr,  www.türkiyeburslari.org,  www.trscholarships.org internet saytlarında və müvafiq proqramların müraciət qaydalarında göstərilmişdir.

Təqaüd proqramlarına, sadəcə, xarici vətəndaşlar müraciət edə bilər. Türkiyə Cümhuriyyəti vətəndaşları və ikili vətəndaşlığından biri Türkiyə vətəndaşlığı olanlar və ya hər hansı səbəbdən Türkiyə vətəndaşlığını itirmiş şəxslər təqaüd proqramlarına müraciət edə bilməzlər. Bu təqaüdlər üçün həm məzun olan, həm də məzun olacaq şəxslər müraciət edə bilər. Əgər şəxs attestat və ya diplom almamışdırsa, o zamana qədər aldığı mövcud qiymətlərlə də müraciət edə bilər.

- Türkiyə təqaüdləri çərçivəsində tələbələrə hansı imkanlar veriləcək?

- Təqaüd proqramı çərçivəsində ölkəyə gələcək tələbələrə veriləcək təqaüdlər dediyimiz zaman aylıq təqaüd, yaşamaq və qalmaq xərclərinə yardım, universitetdə təhsil ödənişləri, türk dilinin öyrənilməsi üçün ödənəcək xərclər, ümumi tibbi sığorta və əsas nəqliyyat xərcləri nəzərdə tutulur.

- Təqaüdlər hansı şərtlər daxilində və nə qədər müddətdə davam edəcək?

- Təqaüdlər təqaüd proqramına qəbul olunanlara bir ilə türkcə təhsil müddəti, hazırlıq müddəti və tələbənin təhsil aldığı müddətdə verilir.

- İnternet vasitəsilə müraciət edərkən, tələb olunan sənədlərin tərcümə etdirilməsinə ehtiyac varmı?

- Müraciət mərhələsində bu sənədlərin türk dilinə tərcümə edilməsinə ehtiyac yoxdur. Sənədlərin türk dilinə tərcüməsi Türkiyə Təqaüdü Proqramına qəbul olunacağınız zaman tələb ediləcək.

- Tələbələrin seçilməsi proseduru və meyarları nələrdir?

- Tələbələrin seçilməsi iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə tələbələrin təhsil vəziyyəti (orta məktəb attestat qiymətləri, dövlət imtahanı qiymətləri, universitetə daxil olduğu bal, diplom qiymətləri məlum deyilsə, o zamana qədər aldığı qiymətlər) müəyyən olunacaq. Aparılacaq qiymətləndirmə nəticəsində keyfiyyət göstəricisi yüksək olan müraciətlər arasından akademik baxımdan məqbul sayılan namizədlər müsahibəyə çağırılacaq. İkinci mərhələ isə müsahibə mərhələsidir.

- Təqaüd almaq hüququ qazanmış tələbələrin müsahibələri necə keçiriləcək? Bunun üçün namizədin Türkiyəyə gəlməsi lazımdır?

- Müsahibələr ölkələrin təqvimlərinə görə iyun-iyul-avqust aylarında keçiriləcək. Müsahibə üçün əlverişli olmayan hallarda qiymətləndirmə müraciət sənədləri vasitəsilə, telefonla və ya internet vasitəsilə aparılacaq. Müsahibədə namizədin akademik keçmişinin seçdiyi fakültələrə uyğunluğu və karyera planlaması qiymətləndiriləcək. Məqsədimiz təhsildə uğurları ilə seçilən və özünə inanan tələbələrin Türkiyədə lazımi şəraitdə təhsil alaraq ölkələrinə yetişmiş mütəxəssis olaraq qayıtmaqlarını təmin etməkdir. Türkiyədə təhsil almaq istəyən tələbələri bu təqaüdlərə müraciət etməyə dəvət edirik.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az