Vətəninfo.az İnterpress.az-a istinadən xəbər verir ki, 3 May Türkçülük günü ilə əlaqədar Opera və Balet Teatrında, “Türklük Şöləni” adlı tədbir keçirilib. Tədbirin təşkilatçısı Azərbaycan Türkiyə Evi- ATEV–dir. Mərasimdə çıxış edən ATEV-in rəhbəri, “Azəri Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı 3 may tarixini müasir dövrdə türk milli şüurunun oyandığı gün kimi səciyyələndirib. “Bir millət tarixdə kim olduğunu xatırlamasa, digərlərinin yemi olur. Bu gün üzərimizə düşmən milli kimlikləri yox etmək məqsədilə gəlir, bunun qarşısında durmalıyıq.
“Türklük Şöləni”nin məqsədi də dünyanın müxtəlif yerlərində yaşayan türk toplumlarını bir-birinə daha yaxından tanıtmaqdır. Orta Asiya, Yakutiya, Altaydan tutmuş Türkiyə və Azərbaycana qədər yaşayan türk toplumlarının mədəniyyətini, özəlliyini nümayiş etdirməklə soyumuzun dərin köklərə bağlı olduğunu göstəririk. Bu sənətçilər Xəzərin sahilində türkçülük şöləni əsdirir. Bu mərasimi türk dünyasının dahilərinə-Atatürk, M.Ə.Rəsulzadə, Heydər Əliyevə həsr etmişik".
Daha sonra çıxış edən millət vəkili Sabir Rüstəmxanlı bu gün türkçülük ənənələrinin yaşamasının böyük hadisə olduğunu bildirdi: “Bu bayramın Azərbaycanda qeyd olunması isə bizim üçün xüsusi önəm daşıyır. Türkçülükdən, türk olmaqdan qürur duymalıyıq. Biz bir olmalıyıq, birləşməliyik. Düşmənlərimiz olmasaydı,dünyada 700-800 milyon türk olardı. Amma bizə qarşı həmişə soyqırımı ediblər. Dünyada soyqırıma ən çox türklər məruz qalıb. Biz bunu dünyaya deməliyik. Deməsək, ayaq altında qalarıq. Bizi həmişə müharibəyə təhrik edən ermənilər olub, sonradan isə özlərini məzlum kimi qələmə verirlər. Düşünürəm ki, Azərbaycanda türkçülük digər yerlərdən bir addım öndədir. Türkçülüyün mərkəzi Bakıdir”.
Türkiyə Millətçi Hərəkat Partiyası sədrinin müşaviri Çetin Elmas isə çıxışında vurğuladı ki, dünyanın müxtəlif yerlərində yaşayan türklərin hədəfi Türk dünyasının birliyidir, vətənimiz Turandır.
Daha sonra mərasimin bədii hissəsi başladı. Tanınmış sənətçi Əhməd Şəfəq, Yakutyadan Yuliyana Krivoşapkina və Aleksandr Diaçkovski, Sordan tanınmış sənətçi Çiltis Tannaqaşeva, Altaydan İrina Kenzina, Marina Saksayeva, Qırğızıstandan Fatima Sultanova, xalq sənətçisi Kenjebek Sadırbekov, Azərbaycandan vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, “Savalan” qrupunun üzvü Novruz Novruzov, muğam ustasi Nuriyyə Hüseynova iştirak etdi.
Tədbir sürprizli məqamları ilə də yadda qaldı. Belə ki, şöləndə Tənzilə Rüstəmxanlı Əhməd Şəfəqə həsr olunan kitabı sənətçiyə təqdim etdi. Bu kitab Əhməd Şəfəqin türk dünyasına göstərdiyi xidmətlərinə görə çap olunub. Sonda bütün iştirakçılar birlikdə “Çırpınırdı Qara dəniz” mahnısını ifa etdilər.
Vətəninfo.az