Peşəkar məşqçi Fuad Zeynalov yetirməsindən razı qaldı
Ən baxımlı ATV kanalı vasitəsilə efirə gedən “Ulduzların döyüşü” yarışı artıq başa çatdı, qalib bəlli oldu. Ulduzların birgə araya gəldikləri “Ulduzların döyüşü”nə qatılan məşhurların içərisində peşəkar idmançı, tanınmış rejissor Kənan M.M. və istedadlı müğənni, müsabiqələr laureatı Vüqar Muradov finala vəsiqə aldılar və 20 min manat uğrunda mübarizə apardılar.
Final yarışı gərgin anlarla yadda qaldı. Kənan M.M. peşəkar idmançı, Vüqar Muradov isə peşəkar müğənnidir. Ona görə də bu yarış özünə çoxlu izləyici cəlb edə bildi. “Ulduzların döyüşü” yarışının qalibi Vüqar Muradovla nə qədər əlaqə saxlamağa çalışsaq da, telefonuna zəng çatmadı. Vüqar bəyi dörd ay ərzində hazırlaşdıran Azərbaycan idmanına layiqli töhfələr verən Sərhəd Qoşunlarının kapitanı, dördqat dünya çempionu Fuad Zeynalovla əlaqə saxlaya bildik.
Müsahibə verməkdən yayınmağa çalışan məşqçi Vətəninfo.az-ın əməkdaşından yayına bilmədi. Öz maşınına əyləşərkən müxbirimiz tərəfindən yaxalanan Fuad Zeynalov bunları söylədi: “ATV kanalı hər zaman sənət adamlarına, idmançılara xüsusi diqqət ayırır. Əsl sənət və peşəkarlara qayğı ilə yanaşır. “Ulduzların döyüşü” məşhurlarımızın idman qabiliyyətini üzə çıxarmaqda nəcib əməllərə imza atdı. Yetirməm, sevilən müğənni Vüqar Muradovu dörd ay fasiləsiz mübarizəyə, döyüşə hazırladım. Finala qədər gəlib çıxaraq etimadımı doğrultdu. Hətta mən ona “Canavar” təxəllüsü də vermişəm.
Kənan M.M. yaxın qardaşımızdı, ona istər mənim, istərsə də Vüqarın böyük hörməti var. Hər bir yarışın, hər bir döyüşün öz qaydası var. Bir nəfər qalib olur. Bu döyüşdə də yetirməm Vüqar Muradov qalib oldu. Çox sevinirəm ki, əziyyətim, gərgin məşqlərimiz nəticəsiz qalmadı, öz bəhrəsini verdi və Vüqar “Ulduzların döyüşü”nün qalibi oldu. Kənan M.M. peşəkar idmançıdır, onun gücünə çox inanıram. Ancaq Allahın qisməti deyilən bir şey də var. Vüqar da döyüşdə əzmkarlıq göstərdi, son anlara qədər döyüşdü və qalib oldu. Hər iki məşhur mənim dostumdur, qardaşımdır, hər ikisi ilə də fəxr edirəm”.
Biz də səmimi dost, gözəl insan, dəyərli məşqçi Fuad Zeynalova uğurlar arzulayırıq. Fuad müəllimin yetirmələrinin səsi ən nüfuzlu idman yarışlarından gəlir. İnanırıq ki, hələ Fuad Zeynalovun neçə-neçə yetirmələri zirvələri fəth edəcək. Əgər məşqçi güclüdürsə, peşəkardırsa, orda mütləq qələbə var,bayrağımız mütləq dalğalanacaq.
Vətəninfo.az