Dubayda ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Vətəninfo.az”a daxil olan məlumata görə, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və 28 May – Respublika günü münasibətilə konfrans keçirilib. Tədbirdə BƏƏ-də yaşayan azərbaycanlılar, yerli hökumət nümayəndələri, türk, ərəb, digər xalqların diaspor təşkilatlarının təmsilçiləri və media nümayəndələri iştirak edib.
Konfransda çıxış edən “Azərbaycan” Cəmiyyətin sədri Samir İmanov Şərqdə ilk hüquqi, demokratik və dünyəvi dövlət olan Azərbaycan Demokratik Respublikasının tarixi, nailiyyətləri, süqutu və bunun səbəbləri, 1991-ci ildən sonra yenidən Azərbaycanın müstəqilliyinin bərpa edilməsi haqqında məlumat verib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunub saxlanması naminə göstərdiyi misilsiz xidmətləri barədə ətraflı danışıb. Samir İmanov ulu öndərin həyat və fəaliyyətindən də söhbət açıb, xalqının müstəqilliyi, suverenliyi, tərəqqisi uğrunda ağır mübarizə şəraitində keçən ömür yolundan bəhs edib. Tədbirdə Heydər Əliyev şəxsiyyətinin və siyasətinin yalnız Azərbaycan çərçivəsində deyil, ümumiyyətlə regional və qlobal miqyasda da dəyərləndirilməsinin vacibliyini qeyd edib. Samir Imanov bildiribki, son illərdə Azərbaycan Respublikasının daxili və xarici siyasət sahəsində qazandığı böyük nailiyyətlər o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və bu il bu Şuraya sədrliyi Heydər Əliyev siyasətini və məfkurəsini böyük əzmlə və həvəslə davam etdirən Prezident Ilham Əliyevin bacarığının nəticəsidir.
Yerli hökumət nümayəndələrinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqda ətrafli məlumatlandırrması məqsədilə xüsusi ayrılmış iclas zalında “Azərbaycan” Cəmiyyəti tərəfindən kitablar, jurnallar və disklərdən ibarət sərgi təşkil olunub, Cəmiyyətin sədri Samir İmanov iştirakçıları Heydər Əliyevin fəaliyyəti haqda məlumatlandırıb. O Dubayın hökumət nümayəndələrinə 1941-ci ildən başlayaraq yüksək vəzifələrdə çalışmış ümummilli lider Heydər Əliyevin son nəfəsinədək Azərbaycan dövləti və xalqına xidmət etdiyini bildirib.
Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Azərbaycan deyəndə” filmi nümayiş etdirilib, qonaqlara “Azərbaycan” Cəmiyyətinin adından ziyafət verilib və tədbirin sonunda iştirakçılara ümummilli lider Heydər Əliyevdən bəhs edən müxtəlif dillərdə kitablar, jurnallar və disklər təqdim olunub.
Mirvari Nəcəf