“Lukoil” şirkəti Azərbaycanın Xəzərdəki “Şahdəniz” qaz yatağının işlənməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından 200 milyon dollar borc alır
Rusiyanın biznes nəşrləri xəbər verir. “Lukoil” şirkətinin “Şahdəniz” yatağında 10 faiz payı var.
Bankdan yayılan açıqlamada deyilir ki, kreditin alıcısı kimi “Lukoil Overseas Shah Deniz Ltd” şirkəti çıxış edir.Lakin bu kredit “Şahdəniz” yatağının ikinci blokunda hasilat işlərini başlatmaq üçün tələb olunan irihəcmli investisiyalarla bağlı deyil. Məlum olur ki, “Lukoil” krediti “Şahdəniz” yatağında “Faza-1” layihəsi üzrə hazırda davam etməkdə olan hasilat işlərinə yönəldəcək.
“Maliyyələşmə yataqda “Faza-1” mərhələsində hasilatın daha irəli texnologiyaların tətbiqi ilə genişləndirilməsi məqsədi ilə cəlb olunur” deyə açıqlamada bildirilir. Hasilatın genişləndirilməsi layihəsinin ümumi qiyməti 2 milyard 128 milyon dollar həcmində qiymətləndirilir. Müvafiq olaraq “Lukoil”un bu investisiyada payı 212.8 milyon dollardır. “Layihə həmçinin Azərbaycanda qaz hasilatında şəxsi kapitalın daha geniş tətbiqini dəstəkləyir” deyə bankdan yayılan açıqlamada bildirilir.
Qeyd edək ki, Azərbaycanda son illər neft və qaz hasilatı aşağı düşür. Hasilatın azalmasının qarşısını almaq üçün BP-nin rəhbərliyi ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda “Əsrin müqaviləsi” üzrə hasilat aparan beynəlxalq konsorsium “Çıraq oil” layihəsini işləyib hazırlayıb. Bu layihə yataqda yeni qazma platformasının quraşdırılmasını və digər işlərin görülməsini nəzərdə tutur. Layihənin 2-3 milyard dollar başa gələcəyi gözlənilir.
Həmçinin “Şahdəniz”də hasilat aparan konsorsium qaz hasilatını da artırmaq üçün əlavə investisiyalar yatırmağı qərara alıb. “Şahdəniz” yatağında hasilatın 2-ci fazasını başlatmaq üçün 30 milyard dollara qədər investisiya tələb olunur. Hazırda Azərbaycan hökuməti ilə BP arasında investisiya danışıqları gedir.
Virtualaz.org