Valideynlər günü münasibətilə

Valideynlər günü münasibətilə

(Valideynlər günü münasibətilə öz anamın şəxsində bütün analara həsr edirəm. Afaq ŞIXLI)

Hansı çümlədən başlayaraq bu müqəddəs məxluq haqqında yazacağıma qərar verə bilmirəm.
Hisslərim o qədər çox, o qədər təlatümlüdür ki...
Varmı bizi ikinci belə sevən, canından can ayıran, bəsləyən, böyüdən?
Hər nazımızı çəkən, özünü oda-közə atan, həyatını istədiyi kimi deyil bizim istədiyimiz kimi yaşayan?
Varmı bu qədər təmiz, əziz, isti, şəfqətli və doğma?
Hər zaman bizi düşünən, dəstək olan?
Dərdimizi dediyimiz, sirrimiz söyləyə bildiyimiz?
Yoxdur! Bu yalnız Anadır!

Yalnız Ana səni səndən yaxşı tanıyır, bir sözündən hər şeyi anlayır.
Üzünə baxan kimi öz dərdlərini unudub, səni düşünür.
Bir kəm səsindən, bir bikef baxışından ən doğru diaqnozu qoyur.
Gizlətmək istəsən də bacarmazsan.
Dərdini dərd edir, sevincinə şərik olur.
Duaları səni dünyanın hər bəlasından qoruya bilir.
Nələr etməz balası üçün?!
Nələrindən keçməz!
Yeri gəlsə bütün cahanı əvəz edər sənə.
Sənin acı çəkməmən üçün aşkar ağlamaz, göz yaşlarını ürəyinə axıdar.

Hərdən biz Ona - "Daha balaca deyilik, böyümüşük" - deyirik.
Deməyək! Xətrinə dəyməyək!
Qoy o hələ də bizi elə bilsin! Nə ziyanı var?
Başqa kimin yanında uşaqlığımıza dönə bilərik ki?
Başqa kimə ərk edə, ərköyünlənə bilərik ki?

Ana! Qurban olduğum Ana!
Sənin üzünün gülməsinə hər şeyimi verərəm, təki qəm yemə!
Sirdaşım, dostum, canım və ən sevdiyim varlığım!
Çox yaşa! Məni tək qoyma!


Bir insan var dünyada,
bilirsən ki, o səni hər kəsdən çox istəyir!
Nə qədər yorulsa da,
sən gəlib çıxmayınca, yollarını gözləyir!

Bir insan var dünyada,
öz ömrünü-gününü sənə qurban eləyir!
Bir dəfə çağıranda dilinə şəkər qatıb
yüz dəfə “can” söyləyir!

Bir insan var dünyada,
nəfəsilə isidib, canına can qatır o!
Həzin laylalarıyla
sən yuxuya gedəndə, bəlkə bir az yatır o!

Bir insan var dünyada,
gəncliyi solsa belə yenə tərdi, gözəldi!
Onun adı səninçün
hər bir addan şirindi, hər bir addan əzəldi!
 
Qoruyur mələk kimi,
min bir dərddən hifz edir, kömək olur insana!
Bütün kainat bilir,
bu müqəddəs varlığın adı – ANAdır! ANA!




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az