Vladimir Kazimirov: Qürub cağının hədələri

Vladimir Kazimirov: Qürub cağının hədələri

Zahid Oruc

Onun 84 yaşı var. Diplomatik xidmətin yol və yer verdiyi müxtəlif vəzifələrindən istefa verən rusiyalı canişin təkcə bir vəzifəsini həyatının sonunadək daşımaq fikrindədir. 1992-96-cı illərdə Rusiyanın Qarabağda hərbi və siyasi monopoliyasını təmin edən bu peşəkar intriqaçı və labirintlər mütəxəssisi yorulmaq bilmədən Qafqazın düyünlərini bir az da açılmaz edir. Söhbət sülhməramlı vasitəçilik adı altında müstəqil ölkələrin həyatında rolunu və hakimiyyətini qoruyub saxlayan Rusiyanın avantürist diplomatı olan Vladimir Kazimirovdan gedir.

Bəli. O, son dərəcə hazırlıqlı və hiyləgərdir. İndiyədək aldığı tapşırıqlardan yayındırılması üçün onu satın almağa cəhd edənlərin niyyətlərini puça çıxarmışdır. Əldə etdiyi müxtəlif mükafatlar sırasına əlavə olunacaq növbəti medal isə “Ermənistanın ən yüksək döyüşçüsü” titulu olardı ki, bunu da Yerevandakı milyarderlərin hesabına deyil, mənsub olduğu nazirliyin müəyyənləşdirdiyi vəzifələri uğurla həyata keçirdiyinə görə haqq edir. Lakin Kreml onu “Veteran diplomatlara rəhbər” təyin etməklə "İblisə vəkillik" xidmətlərini belə qiymətləndirməyə çalışıb.

Onun missiyası özünün dilə gətirdiyi bir tezislə ifadə oluna bilər: “Mən yol verə bilməzdim ki, Qarabağ məsələsi Rusiyanın əleyhinə çevrilsin və maraqlarımızın bu regiondan çıxarılmasına səbəb olsun”. Məhz buna görə də Kazimirov ağlagəlməz vasitələri işə salaraq Rusiya prezidentinin şəxsi, xüsusi və səlahiyyətli nümayəndəsi kimi Arkadiy Volskidən sonra Kremli Qarabağda möhkəmləndirə bildi, Ermənistanın işğalçılığına haqq qazandırdı və istefaya gedəndən sonra da “vəzifəsi”ni - Azərbaycan əleyhinə genişmiqyaslı antitəbliğat işini ustalıqla davam etdirdi.

Onu necə desən çağırmaq olar - təkcə “sülhməramlı misiyaçı”dan başqa. Hörümçək toru kimi qurduğu və 5 il ərzində təkbaşına apardığı danışıqlara ATƏT-in Minsk Qrupu qoşulanda bütün hücum növlərini işə saldı ki, BU QRUPA BMT MANDAT VERMƏYİB (seçdirmə müəllifindir-red.). Bu iddia həqiqət idi lakin söhbət kənar dövlətləri Qafqazın bölüşdürülməsinə yaxın buraxmamaqdan gedirdi. Bu gün də ATƏT Minsk Qrupu mandatsız fəaliyyət göstərir.

Kazimirov növbəti bəyanatını yeni ilin ilk iş gününə salaraq qarşıdakı 12 ayın anonsunu verdi, ölkəmizi açıq-aşkar təhdid etməkdən çəkinmədi.

Qafqaz üzrə tanınmış institutun koordinatoruna cavab məqsədilə xüsusi məktub yazdığını iddia etsə də əsas hədəfinin kim olduğu müraciətin ikinci abzasında üzə çıxır. Kazimirov virtual polemika açaraq Azərbaycanı müharibə qərarı verəcəyi təqdirdə hansı təhlükələr gözlədiyini yenidən sadalamağa başlayır.

Məlumat üçün qeyd edək ki, Aleksandr Skakov adlı tanınmış rus araşdırmaçısı 5 gün öncə bəyan etmişdi ki, Qarabağa hücum qərarı rəsmi Bakı tərəfindən artıq verilmişdir və prosesi dayandırmaq mümkün olmayacaqdır. Beynəlxalq birliyə çağırış edən iddia müəllifi əsasən İran ətrafında gərginliyin artacağı və toqquşmaların baş verəcəyi təqdirdə Azərbaycanın ildırımsürətli müharibəyə əl atacağına dair məlumatlara malik olduğunu dilə gətirir.

Kazimirov isə bu narahatçılıqları əbəs sayaraq ənənəvi məntiqi tələlər, diplomatik tənliklərlə situasiyanı daha da mürəkkəbləşdirməyə çalışır. Bu, onun bacardığı işdir. Etiraf etmək lazımdır ki, Qarabağ savaşının ilk illərində onunla eyni məntiq və beyin davasında hədsiz mövqe itkilərinə yol vermişik. İndi o, Rusiyanın 200 illik ağalığına yarayan saxta həqiqətlərdən “Qarabağa sülh” kitabı tərtib edib, danışıqların fəal və ən təhlükəli iştirakçısı kimi baxışlarını, gümanlarını yeganə düzgün xronika kimi informasiya vasitələrinə daşıyıb. Özünün xüsusi saytını yaradandan sonra dərin təəssüf hissi keçirir ki, nədən sovet illərində belə texnoloji imkanlar olmayıb ki, milyonlarla oxucu kütləsi ilə rahatlıqla ünsiyyət qura bilsin.

Kazimirovun hədələri nədən ibarətdir? İlk olaraq, hərbi üstünlüyün hələ heç nəyi həll etmədiyini və 1991-94-cü illərdə də ermənilərin zəifliyinə baxmayaraq nəticənin onların xeyrinə olduğunu irəliyə sürür. Yəni güclü iqtisadiyyat, insan potensialı və hərbi meydandakı göstəricilər müasir dönəmdə qələbə üçün başlıca şərt sayılmır. Sən demə, Qarabağ erməniləri o vaxt müharibə qəniməti kimi ələ keçirdikləri texnika və sərvətdən başqa imkanlara sahib olmayıblar. Guya ermənilər Azərbaycanın resurslarını onun əleyhinə çevirməklə vuruşmaların taleyini həll ediblər. Əgər yenidən hərbi əməliyyatlar başlasa, səngəri tərk edən azərbaycanlıların silahı ilə ermənilər Tər-Tərə və Bərdəyə gəlib çıxa bilərlər.

Növbəti günahlandırma müddəası ondan ibarətdir ki, 7 rayonu azad etmək qərarına dair rəsmi Bakı mənəvi səlahiyyətlərini tamam itirib. Çünki atəşkəsin pozulması məsuliyyəti avtomatik olaraq ermənilərin beynəlxalq müdafiəsinə səbəb olacaqdır. Azərbaycanı nəinki Minsk Qrupu üçlüyü, eləcə də Avropa Şurası öhdəlikləri pozduğuna görə sərt qınayacaqlar və deməli, hadisələrin gələcək inkişafı bütövlükdə regionu təhlükə qarşısında qoyacaqdır. Neft-qaz layihələrinin zərbə altına düşəcəyini dilə gətirməklə Kazimirov rəsmi Kremlin çoxdankı arzusunu - Xəzər üzərindəki hakimiyyətini və iqtisadi ağalığını təhtəlşüurunda necə yaşatdığını nümayiş etdirir.

Belə mühakimə tərzi ilə Sarkisyanı ötüb keçən rus canişin sonda Azərbaycan dövlət başçısını da anlayışları dəyişməkdə qınamağa uğursuz cəhd göstərir: “Heydər Əliyev sülh variantına üstünlük verirdi, İlham Əliyevsə “birinci Qarabağ savaşı” ifadəsi ilə müharibənin bitmədiyini söyləyib” deyərək Rusiyaya və BMT-yə çağırış edir ki, Azərbaycanı Qarabağa hücumdan daşındırmaq üçün yeni sənəd qəbul etsinlər.

Onun bütün ittihamlarına cavab vermək mümkündür. Ən azı vurğulamağa dəyər ki, Çeçenistanı itirmiş Rusiyanın Putin tərəfindən genosid aktları ilə müşayiət olunan 2-ci savaşa Kazimirovun tapdığı beynəlxalq müddəalar eynən bura da şamil oluna bilər. Yaxud işğal müharibə doğurmursa, onda Kazimirov zəmanət verə bilərmi ki, Qarabağda böyüyən erməni toplumu belə iqtisadi inkişaf və əhali resursu ilə o əraziləri sülhlə özündə saxlaya biləcəkdir? Axı hətta neytral qeyri-müharibə nəzəriyyələri də sübut edir ki, Azərbaycanla əbədi sülh Qarabağın qaytarılmasından keçir. Ən azı ona görə ki, bu bölgənin Ermənistanla və dünya ilə birbaşa quru əlaqəsi yoxdur.

Kazimirovun ömrünün qurub çağında hələ də isti döyüş nəfəsini saxlaması bizdən onun tarixi obrazını tapmağı tələb edir. O, nə Qriboyedova bənzəyir, nə də ki, general Paskeviçdir. Hətta Qraçov kimi bədnam şəxs də Kazimirov qədər Qarabağ proseslərində məşum rol oynamayıb. O, Qalina Staravoytovadan və Viktor Polyaniçkodan fərqli olaraq öz əcəli ilə öləcək. Lakin tarix belələrini - minlərlə insanın qətlinə səbəb olmuş diplomatları öz qara səhifəsində saxlayacaqdır! Adının səslənməsindəki nə Kazi-qazidir, nə də Mir-sülh!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az