-Vurğun bəy çoxdandı siyasətdən kənarda dayanmısınız.Sizin qoyub getdiyiniz siyasi məkanla,indiki arasında fərq varmı?
-Artıq 2 ilə yaxındır ki, Türkiyədə univeristetdə çalışıram. Ancaq bu o demək deyil ki, Azərbaycanın siyasi-mədəni həyatından məlumatsızam. Azərbaycanda baş verənləri ardıcıl olaraq izləyirəm,jurnalistlərin suallarına cavab verirəm,məqalələr yazıram və s.Təbii ki, mənim Azərbaycanda olduğum zamanların siyasi məkanı fərqli idi. İndi daha çox hərəkətlilik var. Gənclər daha fəaldırlar.
-Sizcə bu hərəkətlilik siyasi müxalifətin aktivləşməsini, yaxut da güclənməsini təmin edə biləcəkmi?
-Məncə , siyasi müxalifət mümkün olduğu qədər aktiv və güclüdür.
-Novruzda müxalifətdə olan partiyaların liderlərinin bir araya gəldiyi, yeni bir ittifaqa hazırlaşdıqları xəbəri yayıldı. Vurğun Əyyub liderlərin bu arzusun necə görür?
- Gərəkli istək və ideyadı. Bütün hay-küyə , müxalifətin bir arada ola bilməməsi barədə ittihamlara baxmayaraq,müxalifət ən vacib anlarda bir yerdə olub və olacaq.
_AXCP-Müsavatı yeni bir blokda görmək istəyən hər iki partiyanın elektoratı var. Amma nədənsə bu birlik alınmır ki,alınmır. Bir səbəb varmı bu birliyin baş tutmaması üçün?
-Müsavatla AXCP bir blokdadırlar. Hər iki partiyada daha böyük birliyin arzusunda olanlar çoxluq təşkil edir. Odur ki, bu birlik baş tutmur demək, reallığı əks etdirmir.
-Vurğun bəy Müsavatda qurultay məsələsi də yubanır.Sizcə bu il bu baş tutacaqmı?
-Müsavatın bir neçə qurultayının Təşkilat Komitəsinin sədri olmuş adam kimi bilirəm ki, partiyanın qurultayının keçirilməsi yalnızca partiyadan asılı deyil.Hakimiyyət imkan yaratsa, partiya qurultayını keçirməyə hazırdır.
-Hakimiyyət niyə imkan vermir?
- Bu sualı hakimiyyətə ünvanlamaq lazımdır.
-Ən azından sizdə müəyyən qədər mülhizə irəli sürə bilərsiniz?
- Hər bir qurultay partiyanın həyatında və cəmiyyətdə mühüm hadisəyə çevrilir. Hakimiyyət Müsavatın gündəmdə olması, qurultayda qəbul ediləcək qərarların cəmiyyət tərəfindən müzakirəsini istəmir.
-Son olaraq.Vurğun Əyyubu siyasi məkanda nə zaman görəcəyik?
- Bu barədə indi qəti bir söz deyə bilmərəm. Ancaq azacıq imkan yaranan kimi Azərbaycana dönmək niyyətindəyəm.
Nahid Canbaxışlı