Son vaxtlar gözəl ifası,şaqraq zəngulələri .şirin muğam nəfəsləri,peşəkar ifası ilə tamaşaçıların sevimlisinə çevrilmiş Kamil Cəfərov haqqında öz ürək sözlərimi oxunaqlı, populyar saytınızın oxucuları ilə bölüşmək istəyirəm.Kamilin bir necə gün öncə 23 yaşı tamam oldu.Əslən Cənubi Azərbaycanın Qaradağ mahalının Kəleybər qəsəbəsindən olan,Qarabağda dünyaya göz açan Kamil Füzuli işğal olunduqdan sonra 8 aylıqdan Bakıda böyüyüb. İranda bu gün ən zil səsli xanəndələr,aşıqlar Qaradağlılardı. Vaxtı ilə Qaradağlılar Şimala köç etdikləri vaxt ən çox Qarabağda məskunlaşmışlar.Bu gün də istər Güneydə,istər Qüzeydə bir çox gökəmli şəxsiyyətlər Qaradağ mahalındandır. Qarabağ da Azərbaycanın musiqi beşiyidir.Hər iki torpaqdan ,şəcərədən Kamilə pay düşüb.O,gənc-peşəkar xanəndə kimi musiqimizin,muğamımızın akademiyası doğma Bakıda formalaşıb və sənətini inkişaf etdirməkdədir..
Kamil Bülbül adına musiqi məktəbində əməkdar artist Nuriyyə Hüseynovadan dərs alıb. Bu günlərdə isə Mədəniyyət və İncəsənət Universitetini(xalq artisi Canəli Əkbərovun sinfini) " fərqlənmə diplomu" ilə bitirib. Gənc olmasına baxmayaraq o, dünyanın bir çox ölkəsində milli musiqimizi təbliğ və təmsil edib. Hələ 13 yaşında Moskvada Azərbaycan mədəniyyət günlərində-dekada da iki ölkənin prezidenti İlham Əliyev və Vladimir Putinin qarşısında "Qarabağ şikəstəsi" zərb muğamı ilə çıxış edib və ifası hərarətlə qarşılanıb. Ötən il Litvada çıxışından sonra ölkənin prezidenti onun əlini sıxıb və heyrətamiz,gözəl ifasına görə təşəkkür edib. Ötən ay ATV-nin "Gündəlik"verilişində mənə ad günü keçirilərkən Kamil musiqisi və sözləri mənə məxsus olan "Nədir günahım" mahnısını elə hərarətlə,peşəkarlıqla,yanğı ilə oxudu ki.tamaşaçıları heyrətdə qoydu və məni ifası ilə göz yaşlarına qərq etdi.Düz bir aydır mahnının gözəl ifası ilə bağlı təbrik mesajları alıram. Kamilin repertuarı zəngindir: muğam dəstgahlar, bəstəkar, xalq və aşıq mahnıları, estrada nəğmələri...
Bir neçə gün bundan öncə beynəlxalq müsabiqə laureatı, qeyri-təvazökarlıq olsa da 14 yaşı olmasına baxmayaraq şöhrət tapmış Almaxanımla oxuduğu mahnı tez bir zamanda sevildi və yaxşı mənada səs-küyə səbəb oldu. Mən iki istedadlı gəncə -bacımoğlu Kamil Cəfərova və övladım Almaxanım Əhmədliyə həyatda və yaradıcılıqda uğurlar diləyirəm və bu sevilən dueti saytınızın oxucularına təqdim edirəm.
Vüqar Əhməd
filologiya elmləri doktoru,professor
<iframe frame="https://www.youtube.com/embed/D5pXOBjpaV0" height="315" width="560"></iframe>