Xalqın İNAMI, Xaliqin İMANI ilə keçən ömür

Xalqın İNAMI, Xaliqin İMANI ilə keçən ömür
Şeyxülislamlıq titulu-vəzifəsinin əsas məramı, ilk növbədə, qövmü içində öz zamanəsinin mərhəmət ünvanı olmaqdır!

Bu vəzifənin yükünü qırx ilə yaxındır çiyinlərində daşıyan Hacı Allahşükür Paşazadə öz yorulmaz fəaliyyəti sayəsində onu dünyanın hər bir guşəsindən görünən bir zirvəyə qaldırmışdır. Uca Allahın Azərbaycan xalqına bəxş etdiyi, görkəmli din xadimi olmaqla yanaşı, tanınmış ictimai xadim kimi fəaliyyət göstərən Hacı Allahşükür Paşazadənin çağdaş dünyamızın ən nüfuzlu dövlət və din xadimləri tərəfindən ehtiramla qarşılanan dəyərli şəxsiyyətlərdən biri olduğunu bu gün heç kimi dana bilməz!

1823-cü ildən bu günə kimi Qafqazda 12 şeyxülislam olmuşdur. 1980-ci ildən Qafqazın Şeyxülislamı Allahşükür Paşazadə həzrətləridir. Şeyxülislam Hacı Allahşükür Paşazadə bu vəzifəyə Qafqaz müsəlmanlarının qurultayında seçilib və indiyədək dini rəhbər kimi fəaliyyət göstərir. Bu gün Qafqaz Müsəlmanları İdarəsi öz səlahiyyətləri çərçivəsində Azərbaycanda islam dini icmalarına rəhbərlik edir, şəriət qayda-qanunlarının düzgün yerinə yetirilməsinə nəzarət edir.

Şeyxülislam başda olmaqla Qafqazın din xadimləri, Azərbaycan dövlət başçısının xüsusi önəm verdiyi və şəxsən dəstəklədiyi dinlərarası dialoq, multikulturalizm kimi bəşəri əhəmiyyətli ideyaları dünyada təbliğ etməkdən böyük qürur duyur. Din-dövlət münasibətlərinin düzgün məcraya yönəldilməsi, vətəndaş birliyinin təmin olunması, cəmiyyətdə dini-mənəvi sabitliyin qorunub saxlanılması işində fəal mövqe tutur.

Hacı Allahşükür Paşazadə həm sovet dövrünün, həm də müstəqillik tarixinin şeyxülislamıdır. Bir Şeyxülislam kimi onun müasir Azərbaycan tarixində milli şüurun inkişafı və Azərbaycan dövlətçiliyinin qorunması yolunda danılmaz xidmətləri var.

Ulu öndər Heydər Əliyevin Şeyxülislamın şəxsiyyəti barədə söylədiyi fikirləri onu bariz şəkildə səciyyələndirir: "Müqəddəs dinimiz olan islamın gözəl ənənələrinin ölkəmizdə, eləcə də bütün Qafqaz bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində Şeyxülislam Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Onun Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyi illər ərzində bu dini qurum islam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında fəallığının artırılması işində böyük rol oynayan mühüm mərkəzlərdən birinə çevrilmişdir. Paşazadənin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində tutduğu əsl vətəndaş mövqeyi onun ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində dini amilin gücündən düzgün istifadə etmək bacarığını nümayış etdirdi”.

Şeyx həzrətləri 40 ilə yaxındır ki, ömrünü xalqının böyük vətəndaşı kimi, Şeyxülislam kimi öz vəzifə borcunu şərəflə yerinə yetirir, həm doğma Azərbaycanına, həm islam aləminə, həm də bütövlükdə bəşəriyyətə ruhani qəlbinin töhfələrini bəxş edir.

Enerji, əməksevərlik onda doğulub tərbiyə aldığı, halal zəhmətə alışdığı çoxuşaqlı ailədən, erkən yaşlarından onu müxtəlif elmlərə vaqif edən nur çöhrəli müəllimlərdən, keçdiyi çətin və şərəfli həyat məktəbindən gəlir.

Bu həyat məktəbində din bir mənəviyyat işığıdır. Bu işıq insan ruhuna nur saçır, təfəkkürləri xürafat zülmətindən, radikallıqdan, kin-küdurətdən qoruyur, dini normaları kor-koranə rituallara deyil, mənəvi mahiyyətə, nəcib məqsədlərə, xeyir əməllərə yönəldir.

Kiçik bir nümunəni xatırlayacağam, illər öncə aşura mərasimlərində inanclı insanların bu mərasimin qədim ritualı kimi özlərinə xəsarət yetirmələri müəyyən narahatlıq doğururdu. Şeyxülislam öz şəxsi nümunəsi ilə bu ritualın donorluq kimi nəcib bir təşəbbüsə dönməsinə, ölkəmizdə qana ehtiyacı olan xəstələr, ələlxüsus talassemiyalı körpələr üçün donorluq aksiyasının genişlənməsinə nail oldu. Belə məqamlardan çox yada salmaq olar.

O, Azərbaycanda və ümumilikdə bütün dünyada sülh, ədalət, mənəviyyat idealları naminə göstərdiyi xidmətlərə görə çox mükafatlara, orden və medallara layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Şərəf" ordeni, keçmiş SSRİ-nin "Xalqlar dostluğu" ordeni, Misir Ərəb Respublikasının I dərəcəli "Əl-elm və əməl" ordeni, çeçenistan Respublikasının Milli Qəhrəmanı "Koman Turpal", "Kadırov" ordenləri, Gürcüstan Respublikasının "Şərəf" ordeni, Vatikan dövlətinin "Müqəddəs Qreqori" ordeni, Rusiya Federasiyasının "Dostluq", "Şərəf" ordenləri, İordaniya Krallığının I dərəcəli "Kral Hüseyn" ordeni, Rus Pravoslav Kilsəsinin, Rusiya Müftilər Şurasının, Bakı və Xəzəryanı Yeparxiyanın, Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin və digər qurumların müxtəlif ordenləri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə aid yüksək mükafatlar silsiləsinin yalnız məhdud bir hissəsidir. çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərindəki küçələrdən biri də onun adını daşıyır.

Ən böyük mükafatsa fikrimizcə, Tanrının əta etdiyi ömrü  şərəflə yaşanmış, Azərbaycanda və bütün dünyada sülhün, haqq-ədalətin təntənəsinə həsr olunmuş, bəşəriyyətə ruhani töhfələr vermiş ömürdür. Doğum günü münasibətilə Şeyxülislam Hacı Allahşükür Paşazadəni təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, həyat və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Amil Ağayev



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az