Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu cəbhə bölgəsi ilə bağlı gedən bəzi informasiyalarla bağlı açıqlama yayıb. Mətbuat xidmətindən “Vətəninfo.az”a göndərilən məlumatda bildirilir:
“Dünən ölkədə fəaliyyət göstərən saytlardan birinin cəbhə bölgəsində baş verənlərlə bağlı yaydığı məlumat cəmiyyətdə və mətbuatda çaşğınlığa səbəb olub. Dezinformasiya xarakteri daşıyan bu yazıda bildirilir ki, guya iyun ayının 7-8-də cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan Ordusu 5 deyil, 40 şəhid verib və bu «fakt» hansısa səbəblərə görə indiyədək gizli saxlanılır. Belə əsassız məlumatı dövriyyəyə buraxarkən saytın qarşısına hansı məqsəd qoyduğu və nə üçün bu cür uydurma, yalan məlumatla ictimaiyyəti təşvişə qapanmağa sövq etməyə çalışması çox maraqlı görünür».
E.Sabiroğlunun bildirdiyinə görə, həmin məlumatın heç bir mənbəsi yoxdur:
“Sayt “35 şəhiddən” heç olmazsa birinin yurd-yuvasını və ya adını nişan verə bilərmi? Ümumiyyətlə, bu qədər əsgərin ölümü necə gizlədilə bilər və yaxud nəyə görə gizlədilməlidir? Göstərilən tarixdə cəbhədə gedən döyüşlər zamanı Azərbaycan tərəfin neçə itki verməsi barədə Müdafiə Nazirliyi ictimaiyyəti dəqiq məlumatlandırıb. Buna görə də cəmiyyəti və informasiya məkanını şübhəli məlumatlarla çaşdırmaq yolverilməzdir”.
Nazirliyin sözçüsü bəzi media nümayəndələrinə belə həssas məqamda diqqətli olmağı, dəqiqləşdirilməmiş məlumatları yaymaqla cəbhə bölgəsində qulluq edən minlərlə əsgərimizin valideyinlərinin heysiyyatı ilə oynamamağı və düşməni yalan məlumatlarla sevindirməməyi tövsiyə edir.