“15 iyun - xalqın müqəddaratında "həqiqət anı"

“15 iyun - xalqın müqəddaratında "həqiqət anı"

Aslan Cəfərov. Millət vəkili

Bu gün müstəqil Azərbaycanımızın əldə etdiyi uğurlar, qazandığı nailiyyətlər barədə danışarkən ilk olaraq yada ümummilli lider Heydər Əliyev düşür. Müstəqil Azərbaycanın yaradıcısı olan ulu öndərin xalqı, milləti qarşısında xidmətlərinə dair yüzlərlə əsərlər yazılsa da, onun zəngin irsini araşdırmaq üçün bunlar kifayət deyil. Müstəqillik tariximizin bir çox önəmli günləri, tarixləri məhz dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Bu tarixlər içərisində şübhəsiz ən önəmlisi 15 iyun – Qurtuluş günü sayılır. 15 iyun 20-ci əsrin 90-cı illərində ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycanın müasir tarixinə həqiqətən də parçalanmadan, vətəndaş müharibəsindən və xaosdan qurtuluş günü kimi daxil olub.   

Sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edən, bəşəri düşüncəli ulu öndər ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi 1993-cü ildə siyasətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq Xilaskar kimi ona nəsib oldu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı.

1993 - cü ilin əvvəllərində ölkədə hakimiyyət tam iflic vəziyyətinə düşmüşdü. Partiyalar, ictimai - siyasi hərəkatlar, hətta ayrı - ayrı imkanlı şəxslər silahlı qruplar və qanunsuz silahlı birləşmlər yaradırdılar. Cəmiyyətdə müdafiəsizlik və sivil birgəyaşayışın mümkünsüzlüyü ovqatı kütləvi xarakter almışdı. Belə bir zamanda Və nəhayət xalqın müqəddaratında "həqiqət anı" olacaq 1993 - cü ilin yayı gəldi. Həmin ilin iyun ayının 15 - də Heydər Əliyev Azərbaycanın Ali Sovetinin sədri seçildi və Azərbaycan tarixində Heydər Əliyev epoxasının ən dinamik, gərgin və səmərəli dövrü başladı. Beləliklə, Heydər Əliyev növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldi. Bu qayıdışla ölkənin ictimai - siyasi, sosial - iqtisadi, elmi - mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Amma bütün bunlara nail olmaq üçün ilk növbədə ölkədə ictimai - siyasi sabitliyi təmin etmək lazım idi. Bunsuz dağılmış iqtisadiyyatın bərpasına, xarici sərmayələrin cəlb olunmasına, dövlət quruculuğu ilə yüksək fəaliyyətə nail olmaq mümkün deyildi. Ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində bu sahədə ciddi tədbirlər görüldü. Ən əsası isə Azərbaycan dövlətçiliyinin varlığına böyük təhlükə olan 1994 - cü ilin oktyabr və 1995 - ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, günahkarlar cəzalandırıldı. Bununla da hakimiyyətə silah yoluyla gəlmə cəhdlərinə bir dəfəlik son qoyuldu, ölkədə möhkəm, davamlı sabitlik təmin edildi, demokratiyanın inkişafı üçün sağlam şərait yaradıldı. Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə qayıtması və sözün əsl mənasında "Ömrümün qalan hissəsini xalqıma bağışlayıram!" - deyə öz xalqına sahib çıxması böyük fədakarlıq idi. 

1993-cü ildən Ulu öndərin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsi genişləndirildi. Ölkə daxilində atılan bu addımlarla yanaşı, Ulu öndər Heydər Əliyevin məqsədyönlü və uzaqgörən xarici siyasət strategiyası sayəsində Azərbaycan beynəlxalq hüququn tamhüquqlu subyektinə və beynəlxalq münasibətlər sisteminin müstəqil aktoruna çevrildi. 

Beləliklə, bu gün tam qətiyyətlə deyə bilərik ki, 1991-ci il, oktyabrın 18-də «Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktının qəbul olunmasına baxmayaraq, Azərbaycan xalqı əsl müstəqillik sevincini yalnız Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşadı. Daha dəqiq desək, 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. Ölkə xaos, vətəndaş müharibəsi, etnik separatizm, hakimiyyət böhranı, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu. 

Dahi şəxsiyyət müxtəlif dövlətlərin ölkəmizə yönələn geostrateji maraqlarını uzlaşdırmaqla Azərbaycanda demokratik cəmiyyətin inkişafına təminat yaratdı. Eyni zamanda, erməni işğalının qarşısının alınması istiqamətində əhəmiyyətli strateji və taktiki gedişlər edildi. 1994-cü ildə atəşkəsin əldə olunması ilə Ermənistanın işğalçı ekspansiyasi dayandırıldı. Bununla da, dövlət quruculuğu prosesinin ardıcıl surətdə davam etdirilməsi, ölkədaxili sabitliyin təmin olunması və möhkəmləndirilməsi baxımından əlverişli siyasi zəmin yaradıldı. Ulu öndərin hakimiyyətə qayıdışından 19 il ötsə əd, bu gün onun Azərbaycan dövlətinin inkişafı yolunda müəyyənləşdirdiyi sosial,iqtisadi və siyasi proqramlar, onun layiqli davamçısı , ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirliməkdədir. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az