4-cü alpinist səfərdən son anda niyə imtina edib?
"Gilavar” - hava və ekstrim idman klubunun illik təqviminə uyğun olaraq dekabrın 23-də 4 nəfər klub üzvü səfərə çıxmalı idi. Son anda alpinistlərdən Elman Əkbərovun yürüşə getməsi alınmadı və səfər üç nəfərlə baş tutdu.
Bunu Report-a açıqlamasında Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov deyib.
O bildirib ki, Babur Hüseynov qrupun bələdçisi olub, Namin Bünyatov və Fəridə Cəbrayılzadə isə "Gilavar” - hava və ekstrim idman klubunun üzvləridir: "Alpinistlərin itkin düşməsi inandırıcı deyil, onların hamısı təcrübəldir. Ümid edirik ki, havanın tutqunluğu səbəbindən gözləməli olublar və gecikiblər”.
E.Əkbərov hazırda məsələ ilə bağlı şərh vermək istəmədiyini deyib: "Çox təəssüf ki, mən onlarla gedə bilmədim. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar” - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.
Miq.Az