Ağ Ev Kürdüstanın müstəqilliyi üçün toplanan 100 min imzanı rədd edib. Səbəb kimi də İraqın ərazi bütövlüyü göstərilib.
Vətəninfo.az Strateq.az-a istinadla xəbər verir ki, bu məlumatı Şimali İraq kürd muxtariyyətinə bağlı Rudaw.net informasiya portalı yayıb. Məlumata görə, kürd separatçıları öz müstəqilliklərini təsdiqləmək üçün 100 min imza toplayaraq ötən həftə ABŞ Prezident Administrasiyasına təqdim ediblər.
Ağ Evin məsələyə münasibəti özünü çox gözlətməyib. Ağ Evin açıqlamasında deyilir ki, prezident Obama İraq Konstitusiyasına uyğun olaraq ölkənin demokratik və federal xarakterilə bütövlüyünü dəstəkləyir.
Kampaniyanın təşkilatçısı ABŞ vətəndaşı Conatan Şoerer sözügedən açıqlamanın onlarda məyusluq yaratdığını etiraf edib: "Verilən bu cavab 100 mindən artıq imzanın toplandığı kampaniya üçün yıxıcı oldu. Amerikanın İraqa dair siyasətini dəyişicəyinə ümid edirdik”.
Kürd separatçılarının məyusluğuna baxmayaraq, Ağ Evin bu mövqeyi əslində gözlənilməz deyildi. Tarix boyu İraq və Suriyadakı kürdlərdən istifadə edərək bölgə dövlətlərindən istədiklərini alan beynəlxalq güclər son anda onları yalnız buraxıblar. Səddam Hüseyn zamanında da belə olub, ondan əvvəl də. İraq işğalı başladığı gündən Türkiyəni Yaxın Şərq bataqlığına çəkməyə çalışan ABŞ kürd separatçılarını qızışdıraraq qardaş ölkəyə qarşı təhdid meydana gətirirdi. Türkiyənin son zamanlar İraq və Suriya siyasətinə aktiv müdaxiləsindən sonra ABŞ üçün "kürd kartı” da əhəmiyyətini itirdi. Vaşinqton əvvəl Suriya kürdlərinin arxasından çəkildi, indisə Şimali İraqda eyni addımı atır.