Allahşükür Paşazadə: "Bu qətnamə Fransanın ölkəmizə qarşı uzun illərdən bəri həyata keçirdiyi qərəzli siyasətin, böhtan və qarayaxma kampaniyasının tərkib hissəsidir"
Xəbər verdiyimiz kimi, noyabrın 16-da Bakıda Beynəlxalq Tolerantlıq Gününə həsr olunan "Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Miq.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfransın təşkilatçılarından olan ABŞ-ın Stirling Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Şeyxülislam görüş zamanı Fransanın Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə barədə tənqidi fikirlərini bildirib:
Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə barədə məlumat verən şeyxülislam Allahşükür Paşazadə deyib ki, erməni lobbisinin təsiri ilə qəbul olunan sənəd rəsmi Parisin ölkəmizə qarşı uzun illərdən bəri həyata keçirdiyi qərəzli siyasətin, böhtan və qarayaxma kampaniyasının tərkib hissəsidir. O, belə halların qarşısının alınması üçün beynəlxalq ictimaiyyət tərəfindən ciddi reaksiya verilməsinin vacibliyini vurğulayıb.
Ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini icmaların dövlətin qayğısı ilə əhatə olunduğunu da diqqətə çatdıran Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə daha sonra Beynəlxalq Tolerantlıq Gününə həsr olunan beynəlxalq konfransın iştirakçıları ilə görüşüb.
Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, ABŞ-ın Stirlinq Fondunun prezidenti Edvard Rou, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə konfransda iştiraklarına görə elm və ictimai xadimlərə təşəkkürünü bildirib.
Azərbaycanın multikultural ənənələrindən danışan QMİ sədri ölkəmizin multikultural ənənələr diyarı, dünyaya özünün tolerant həyat modelini təqdim edən qabaqcıl dövlət olduğunu qonaqların diqqətinə çatdırıb. Şeyxülislam, qeyd edib ki, tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və tolerantlıq dövlət səviyyəsində dəstəklənir.
Miq.Az