Allahşükür Paşazadə: "Qələbəmiz mübarək!"
"Hamınızı ürəkdən salamlayır, Ümmətimiz naminə fəaliyyətimizə Uca Allahdan xeyir-dualar diləyirəm. Ilk növbədə, Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyevin konfransımızın ünvanına səmimi salamlarını və xoş arzularını sizlərə çatdırmaqdan şərəf duyuram."
Bu sözləri "Müasir dünyanın problemləri: nifrətəçağırış, terror, ekstremizm, islamafobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda keçirilmiş beynəlxalq onlayn konfransda bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bildirib:
"Azərbaycan Prezidenti bizə Azərbaycanın qədim şəhəri, Qarabağın ürəyi – Şuşa şəhərində bayrağımızın dalğalanması, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması,
Qarabağ torpaqlarında düşmənin məğlub edilməsi barədə müjdəli xəbər verdi. Bu böyük tarixi qələbədir! Vətən oğullarının qanı, canı bahasına əldə etdiyimiz bu qələbənin qürur və sevincini yaşamağı qəhrəman Azərbaycan xalqı haqq edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarına Uca Allahdan rəhmət diləyirəm! Üzümü şəhid analarına tutaraq Allaha şükür və dualar edirəm ki, Ali Baş Komandanımızın bəyan etdiyi kimi, şəhidlərimizin qanı yerdə qalmadı. Ruhları şad olsun!
Bugünkü Konfransın xitabət kürsüsündən Azərbaycan xalqını, müzəffər Ali Baş Komandanımızı və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təbrik edir, Konfrans iştirakçılarının adından xalqımıza və dövlətimizə gözaydınlığı verir, Uca Allaha bu Böyük Qələbəyə görə şükr-sənalar edirəm!
Müasir dünyada mövcud pandemiya şəraitinə baxmayaraq beynəlxalq terrorizm, ksenofobiya, nifrət çağırışları, radikalizm, tarixi və dini abidələrə
qarşı vandalizm aktları davam edir. Belə bir dövrdə sizlərlə onlayn görüşlərimiz bəşəri narahat edən bu növ problemlərin müzakirə edilərək, məşvərətli həllinə yardımçı olmaq məramına xidmət edir.
Müsəlman aləminin ən böyük və mötəbər təsisatı olan İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi, əziz qardaşım Yusif əl-Useyminin xüsusi nümayəndəsi Mərğub Səlim Batt cənablarını salamlayır, öz adımdan və burada iştirak edən bütün dəyərli iştirakçılar adından bu ali təşkilatın işinə Uca Allahdan böyük uğurlar diləyirəm. İslam dünyasının müxtəlif nöqtələrində yaşanan problemlərə hər zaman prinsipial qiymət verən İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar ölkəmizə verdiyi siyasi-mənəvi dəstəyini davam etdirərək, apardığımız Vətən mücadiləsinə özünün ardıcıl bəyanatları ilə münasibətini ifadə etdi. İslam həmrəyliyinin nümunəsi olan bu dəstək bəyanatlarına görə İƏT-ə, bütün üzv dövlətlərə öz adımdan və Azərbaycan xalqı adından dərin minnətdarlığımı bildirməkdən məmnunluq duyuram.
İştirakı ilə konfransımıza şərəf verən Türkiyə Diyanət işləri başkanı, əziz qardaşım Ali Erbaş həzrətlərinə dərin ehtiramımı ifadə edərək, Türkiyənin Cümhurbaşkanı hörmətli Rəcəb Tayyib Ərdoğan həzrətləri başda olmaqla, Türkiyə dövlətinə və xalqına Azərbaycanın Qarabağda haqq mübarizəsinə böyük siyasi və mənəvi
dəstəyinə görə hədsiz minnətdarlığımızı bildirirəm.
Qardaş Pakistan İslam Respublikasının Qarabağla bağlı hər zaman Azərbaycanın yanında yer aldığını nümayiş etdirməsini yüksək dəyərləndiririk. Kəşmir problemi ilə bağlı məsələdə biz hər zaman pakistanlı qardaşlarımızın yanındayıq. Azərbaycana bu günlərdə öz dəstəyini fəal ifadə edən dövlətlər sırasında Əfqanıstan İslam Respublikasını qeyd edərək, bu ölkədə vətəndaş qarşıdurmasından narahatlığımızı bildirir, tezliklə bu dost ölkədə əmin amanlığın bərqərarı üçün dualar edirəm.
Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmək, torpaqlarını Ermənistan işğalından azad etmək uğrunda haqq mübarizəsinə öz dəstəyini nümayiş etdirən bütün tanınmış şəxsiyyətlərə, nüfuzlu dini lider və ictimaiyyət xadimlərinə dəstək bəyanatlarına və həmrəyliklərinə görə dərin minnətdarlığımızı
bildiririk. Taleyüklü haqq savaşımızda İslam dünyasının siyasi və mənəvi dəstəyi bizə çox böyük dayaqdır. Bu mürəkkəb dövrdə İslam dünyasının birlik və vəhdəti hamımız üçün önəmlidir.
Məlumunuz olduğu kimi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunmuş, xalqımıza qarşı etnik təmizləmə siyasəti yeridilmiş, 1992-ci ildə Xocalıda, hal-hazırda isə Gəncədə, Bərdədə və digər şəhər və kəndlərimizdə mülki əhaliyə qarşı soyqırım həyata keçirilmiş, milyona yaxın soydaşımız dədə-baba torpaqlarından didərgin salınmışdır. İşğal olunmuş ərazilərimizdə erməni ekstremistləri tərəfindən yüzlərlə məscid, məbəd və kilsələr, minlərlə məzarlıq dağıdılmış, ümumislam əhəmiyyətli irs nümunələrinin mənşəyi saxtalaşdırılmış, dini məbədlər qriqoryanlaşdırılmış, hətta məscidlər tövləyə çevrilərək, İslamda haram buyurulan heyvanların saxlanılması kimi vandal həqarət əməllərinə məruz qalmışdır. 27 sentyabrdan bugünədək ölkəmizin döyüş bölgəsindən uzaq ərazidə yerləşən şəhər və kəndlərimiz və mülki əhalimizin Ermənistan ərazisindən ardıcıl atəşə
tutulması nəticəsində 10-u uşaq olmaqla 93 mülki şəxs qətlə yetirilmiş, 400-dən artıq insan yaralanmışdır. Şükürlər olsun ki, Azərbaycan xalqı ölkə Prezidenti və Ali Baş Komandanımız İlham Əliyevin siyasi iradəsinə və ordusunun gücünə söykənərək erməni işğalına son qoyaraq, ərazi bütövlüyümüzü bərpa etmək yönündə mühüm
qələbələr əldə etmişdir. Qələbəmiz mübarək!
Miq.Az