AMİP-dən od püskürən münasibət

AMİP-dən od püskürən münasibət

“Yeni Musavat” qəzetinin 29 iyul 2012-ci il tarixli sayında “Etibar Məmmədov Elçibəyə sui-qəsd planında suçlandı” başlıqlı yazı dərc olunub. Həmin yazıda özünü eks-prezident Əbülfəz Elçibəyin köməkçisi kimi təqdim edən Oqtay Qasımovun adından AMİP və onun Liderinə qarşı  böhtan xarakterli məlumatlar yayılıb. Verilən həmin məlumatların dəqiqləşdirilməsi aparılmadan dərcinın “Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunun 10-cu maddəsi və “Azərbaycan Respublikası Jurnalistinin Peşə Etikası Kodeksi”nin 3,4,5,6-cı maddələri ilə daban-dabana zidd olması 01 avqust 2012-ci il tarixdə rəsmi olaraq “Yeni Müsavat”  qəzeti rəhbərliyinin diqqətinə çatdırılmasına və “Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunun 44-cü və 45-ci maddələrinin rəhbər tutularaq təkzib, yaxud qarşı tərəfin mövqeyinin qəzetdə işıqlandırılması  tələb olunmasına baxmayaraq bundan imtina edilmişdir. Bundan başqa yuxarıda adı keçən qəzetə  müsahibə verən şəxsin özü 01 avqust 2012-ci il tarixdə “Teleqraf.com” saytına  təkzib verərərək dediklərinin qəzetdə təhrif olunduğunu bildirib, lakin həmin təkzib də “Yeni Müsavat” qəzetində verilməyib. Məsələyə bu  cür münasibət qəzetin  qərzəli yanaşmasını deməyə əsas verir.  Buna təəssüf etdiyimizi bildirməklə yanaşı AMİP Mərkəzi Şurasının üzvü Əli Orucovun qarşı tərəfin mövqeyi kimi xarakterizə olunan  aşağıdakı yazısını Kütləvi İnformasiya Vasitələrinin diqqətinə təqdim etməyi  məqsədəmüvafiq hesab edirik.  “Vətəninfo.az”a daxil olan həmin yazını olduğu kimi sizə təqdim edirik.

Ara vuranlar...

Yel qayadan heç nə aparan deyil!

Özünü mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi kimi qələmə verən Oqtay Qasımov adlı birisi mətbuta çıxaraq öz aləmində bir sıra məsələlərə aydınlıq gətirməyə cəhd edib. Onun “Yeni Müsavat”a verdiyi son açıqlamalarından elə təəssürat yaranır ki, mərhum prezidentin çaydaşıyanı olan həmin şəxs o dönəmin əsas fiqurlarından biri olub və hər şey onun iştirakı ilə baş verib.     

Oqtay  Qasımov kimi kiçik bir adamın gülüş doğuran həmin açıqlamasında iddia olunur ki, Əbülfəz bəy təhlükəsizliyinin təmin edilməməsi səbəbindən Kələkiyə gedib, belə ki, ona qarşı sui-qəsd planı hazırlanıbmış. Hətta, bu sui-qəsdin detallarını da söyləyib. Amma daha fərqinə varmayıb ki, bununla qaş düzəltmək istərkən gözü də çıxarıb. Çünki O. Qasımov açıq-aşıkar olaraq AXC hakimiyyətini bilərəkdən, ya bilməyərəkdən qorxaqlıqda, satqınlıqda və iradəsizlikdə suçlayır. Onun S.S.Axundovun “Qorxulu nağıllar”ının yeni versiyası hesab olunacaq uydurduğu nağılları əslində məkrli məqsədlərə xidmət edir. Şər-böhtan dolu bu açıqlamanın ruhundan  aydın olur ki, O.Qasımovun niyyəti Elçibəy və AMİP lideri Etibar Məmmədov tərəfdarları arasında nifaq salmaq, qarşılıqlı ittihamlara rəvac vermək, münasibətləri korlamaqdır. Əslində onun bu kimi açıqlamaları daha çox öz liderinə qarşı yönəlib və bununla özlüyündə məcbur etmək istəyir ki, Etibar Məmmədovun tərəfdarları da analoji addımlar atsın. Bu tip ara vuranlar elə o vaxtlar da ortalığı qarışdırmaqla insanları üz-üzə, göz-gözə qoymağa çalışırdılar. Təəssüf ki, indi də eyni əməllərini davam etdirirlər.   

Mərhum prezident Elçibəyin Kələkiyə getməsinin onun həyatına təhlükə yarandığı səbəbindən olduğunu deyən sabiq köməkçi özü də etiraf edir ki, Prezidentin ətrafı qorxaqlıq göstərərək ölkənin qanuni ali rəhbərini qorumayıb, sabiq prezidentə gecə-gündüz “qorxulu nağıllar” danışaraq, onu belə bir addım atmağa sövq edib. Yaxud da, prezidentə xəyanət edərək, altdan-altdan H.Əliyevə danosçuluq ediblər. Daxillərindəki əndişə və təşvişin miqyasının böyüməsi nəticəsində də  Elçibəyi çıxılmaz vəziyyətə salıblar.  

AXC hakimiyyətinin yıxılmasında AMİP liderini günahlandıran O. Qasımova məsləhət görərdim ki, məsləkdaşı  İbrahim İbrahimlinin bununla bağlı “Azadlıq” qəzetinə verdiyi açıqlamasını təkrar-təkrar oxusun. Həmin açıqlamada İ. İbrahimli qeyd edir ki, H.Əliyevi biz özümüz hakimiyyətə gətirdik. Yəni Əbülfəz bəy seçim qarşısında qalıb hakimiyyətin H.Əliyevə verilməsi variantını üstün tutdu. İkincisi, dəfələrlə deyilməsinə baxmayaraq, bu adam hələ də qanmır kı, hakimiyyətə iddialı və hakimiyyətə müxalif olan partiyadan  iqtidarı  qorumaq tələbi absurddur. Yaxşı, onda sual olunur, əyər bu suçdursa, bəs indiki müxalifət partiyaları 20 ilə yaxın müddət ərzində mövcud hakimiyyətə qarşı niyə mübarizə aparırlar? Lakin bununla belə o zaman ölkədə yaranmış böhrandan çıxmaq üçün Etibar Məmmədov dost əlini uzatmışdı. Halbuki, prezidenti və hakimiyyəti qorumaq hakimiyyətdə olanların, o cümlədən də, O. Qasımovun vəzfəsi və borcu idi. S.Hüseynovun tıqqıltısından hakimiyyəti qoyub qaçanlara, bir silləyə prezidenti barədə həbs qəti-imkan tədbiri seçənlərə nə çarə bulmaq olardı ki?!  

Oqtay Qasımovun nadanlığını üzə çıxaran faktlardan biri də ondan ibarətdir ki, onlar təkcə öz təhlükəsizliklərinin qayğısına qalmamalıydılar. O zamankı hakimiyyət Konstitusiyanın və xalqın qanuni maraqlarının qorunmasına bilavasitə məsuliyyət daşıyırdı. Bu məsuliyyəti idiyədək  dərk etməyiblərsə, deməli, hələ də ibtidai inkişafdan irəli gedə bilməyiblər. Yoxsa müxtəlif bəhanələr gətirmək, ona-buna böhtan atmaq, yalanlar danışmaq çıxış yolu deyil. Əksinə, hər dəfə belə adamların səviyyəsiz açıqlamaları mərhum prezident Elbçibəyin əleyhinə yönəlir və onun adına xələl gətirir. Həmçinin də, bu tip açıqlamalarla öz bacarıqsızlıqlarına, qorxaqlıqlarına və səriştəsizliklərinə Elçibəyi də şərik qoşmaq istəyirlər. Belələri böyük yanlışlıqlara yol verdiyiklərini  sonradan anlayacaqlar. Əgər onu da anlaya bilsələr. Amma “...karvan keçər, yel də qayadan heç nə aparan deyil.”

Əli Orucov

AMİP Mərkəzi Şurasının üzvü



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az