Arif Qasımov Nizami rayonu uğrunda-SAVAŞA BAŞLADI
Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərancama əsasən Nizami
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tutduğu vəzifədən azad
edilərək Dövlət Statistika Komitəsinin sədri təyin olundu.
Çoxları
üçün gözlənilməz olan bu təyinat ətrafında ciddi ictimai müzakirələr
aparılmaqdadır. Əsasən də, sual doğuran məsələ Tahir Budaqovun yerinə
yeni kadrın təyin olunmaması ilə bağlıdır. Adətən rayon icra
başçılarının yerdəyişməsi rotasiya qaydasında baş tutduğundan, Tahir
Budaqovun karyera nərdivanında irəliləyərək öz yerini boş buraxması
Nizami rayonuna diqqəti bir qədər də artırıb. İndi hamının bir sual
düşündürür – Tahir Budaqovun yerini kim tutacaq?
Nizami
rayonunda icra başçısı olmağa can atanların kimliyilə bağlı məlumatlı
mənbə Azinforum.az-a aşağıdakıları danışıb:"Hazırda Rövnəq Abdullayevə
yaxınlığı ilə seçilən 3 şəxs həmin posta iddialıdır. Onların hamısı
əslən Naxçıvan MR-dəndirlər və Rövnəq Abdullayevə yaxınlıqları ilə
seçilirlər. İddialı şəxslərin ikisi hazırda icra başçısı postunu tutur.
Digəri bir nəfər isə biznesmendi. Həmin biznesmenin Nizami rayon
ərazisində Rövnəq Abdullayevlə şərik bəzi iri ticarət obyektləri var.
Ancaq sözügedən biznesmenin dövlət idarəçiliyində təcrübəsinin olmaması
onun namizədliyini arxa plana keçirmiş olur. Baxmayaraq ki, kommersant
həmin vəzifəyə doğru iri addımlarla irəliləməkdə maraqlıdır”.
Mənbənin
dediyinə görə, vəzifəyə ən real sayılan namizədlər isə, hazırda icra
başçısı postunu tutan şəxslərdi: "Onların Nizami ilə müqayisədə nisbətən
kiçik rayonlara rəhbərlik etmələri vakant qalan başçı kreslosuna
maraqlarını cəlb etməsinə təbii baxmaq olar. Adı hallananlardan biri,
Bakının 12-ci rayonu kimi yaradılan Pirallahının icra başçısı- Vasif
Həsən oğlu İmanovdur. Digəri isə, Siyəzən Rayon İcra Hakimiyyətinin
başçısı Qasımov Arif Adil oğludur. Hazırda əsas rəqabət bu iki namizədin
arasında gedir”.
Qeyd edək ki, Pirallahı Rayon İcra
Hakimiyyətinin başçısı V.İmanov bu təyinatadək uzun müddət neft sənayesi
sahəsində çalışıb. O, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin
rəis müavini vəzifəsini tutub.
Vasif İmanov 2001-ci ilin
sentyabrında Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə
görə ölkə başçısı tərəfindən "Tərəqqi” medalı ilə də təltif edilib.
Qeyd
edək ki, Pirallahı rayonu prezidentin 21 dekabr 2012-ci il tarixli
fərmanı ilə yaradılıb. Həmin fərmanla Pirallahı, Çilov və Neft Daşları
qəsəbələrinin əsasında Pirallahı rayonu təşkil edilib. 3 inzibati-ərazi
vahidinə malik olan Pirallahı Bakının sayca 12-ci rayonu olun. Bu
rayonun inzibati ərazisində ümumilikdə 18.000 əhalinin yaşadığı
bildirilir.
Yeri gəlmişkən, xatırlayırsızsa, rayonun yaradılması
ilə bağlı hələ Milli Məclisdə müzakirələr gedərkən, deputatlar arasında
fikir ayrılığına səbəb olmuşdu. Məsələn, BAXCP sədri, deputat Qüdrət
Həsənquliyev iddia edirdi ki, bu tipli icra strukturların yaradılması
xalqı yükləmək və məmurları çoxaltmaqdır: "Məmurları azaltmaq lazımdır.
Bunların hamısına büdcədən maaş veriləcək. Bunlar nəyə gərəkdir? Onsuz
da bizdə məmurlar gen-boldur. Belə getsə, Azərbaycanda hər kəndə,
qəsəbəyə belə status veriləcək. Ölkədə məmur olmayan adamları barmaqla
göstərəcəklər”.
Adı namizəd kimi hallanan digər şəxs – Arif Adil
oğlu Qasımov 12 mart 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur
rayonu, Xanlıqlar kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad
İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas
ixtisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif
vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı
nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri
qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının
Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləmişdir. Sonuncu iş
yeri Bakı şəhəri, Nizami Bələdiyyəsinin sədri vəzifəsi olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2011-ci il tarixli
sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin
edilmişdir. Evlidir. 3 övladı var //jam