Diaspor Komitəsindən dəstək alıb, iş görməyənlər...
Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, iqtisadi elmlər doktoru Asif Qurbanlı ilə müsahibə
- Asif bəy, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycan əsilli millət vəkili Sinan Oğan bu günlərdə açıqlama verdi ki, Türkiyədə Azərbaycan diasporu yox səviyyəsindədir. Bu məlumat ölkə mediasında böyük səs-küyə səbəb olub. Bu haqda nə deyə bilərsiniz?
- Sinan bəyin fikirlərini oxumuşam və onun dediklərində həqiqət çoxdur. Öncə onu qeyd edim ki, Sinan bəy dəyər verdiyimiz, Azərbaycanın milli maraqlarını təmsil olunduğu bütün yerlərdə qoruyan millət vəkilimizdir və ona böyük hörmətimiz var. Qeyd etdiyim kimi, Sinan bəyin dediklərində həqiqət var. Sinan bəy, diaspor iş görmür deməklə, hər halda, Diaspor Komitəsi ilə əlaqədə olan təşkilatları nəzərdə tutub. Çünkü həmin təşkilatlar bu qurumdan dolayı və birbaşa yolla dəstək alırlar. Ona görə Sinan bəyin qeyd etdiyi fikirlər daha çox bu qurumlara aid edilməlidir. Bu gün Türkiyədə elə təşkilatlar var ki, heç bir qurumdan dəstək almadan fəaliyyət göstərir və ölkəmiz üçün müəyyən işlər görürlər.
- Sizin özünüz Türkiyədə Azərbaycan diasporunun güclənməsində xidmətləri olan insanlardansınız. Hətta Xocalı soyqırımı ilə bağlı Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşünüz olub...
- 1995-ci ildən üzü bəri Türkiyədə Xocalı soyqırımı ilə bağlı əlaqəli yerli və beynəlxalq konfranslar, tədbirlər və mitinqlətlər təşkil etmişik. Vacib və önəmli görüşlərimiz gerçəkləşib. Düz qeyd etdiniz, bu ilin yanvar ayında Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü kimi Türkiyə Böyük Millət Məclisinin sədri, hörmətli Cəmil Çiçəklə başqa mövzularla bərabər, Xocalı soyqırımının TBMM-də gündəmə gətirilməsi barəsində görüşümüz oldu. Hazırladığım materialları TBMM-ə təqdim etmişəm. Hər bir TBMM millət vəkilinə Xocalı faciəsini ortaya qoyan CD vermişəm. Bu barədə AKP qrup başqan vəkili hörmətli Mustafa Elitaş, CHP qrup başqan vəkili Emine Ülker Tarhan və MHP qrup başqan vəkili hörmətli Mehmet Şandırla da görüşmüşəm. Yenə deyirəm, Sinan bəy böyük ehtimalla "Türkiyədə diaspor sahəsində iş görən çox azdır və ya bir-iki şəxsi çıxmaq şərti ilə" bağlı fikirlərində Diaspor Komitəsindən dəstək alıb iş görməyənləri nəzərdə tutub.
Elnur Eltürk