"Atam işdən gəlir, anamı öpür... Ə, kişi ol, ə, kişi!" - VİDEO
"Biri gəlir, atasını biabır edir, biri gəlir, anasını biabır edir,
biri də gəlir, bacısını biabır edir.
Problemin var, get evində həll elə,
niyə camaatın verilişində hamını biabır edirsən? Bilirsiniz, Elgizin
verilişinə kimlər gəlir? Biri gəlir, arvadım qaçıb. Sən necə kişisən,
sənin arvadın qaçıb? Bir arvadı saxlaya bilmirsən? Sənin arvadın
qaçacaq, Elgiz tutacaq? Gəlib Elgizin verilişində ağlayırsan, ə, kişi
ol, ə, kişi!"
...Bunları İkinci Dünya Müharibəsində Qafqazdan Berlinədək döyüşmüş,
dünyanın o biri üzünü görüb ölümün bir addımlığından dönən, həm də
müharibədən gələndən sonra ömrünün 40 ilini müxtəlif vəzifələrdə işləmiş
döşü medallı ağsaqqal desəydi, heç də təəccüblü olmazdı. Amma iş
orasındadır ki, xalqa bu nəsihətləri sıyıq yeyən bağça uşağı verir, həm
də efirdən. Uşağı qınamıram, o nə anlayır ki dediklərindən? Onu ya evdə
öyrədiblər, ya da efirdə. Dəhşətlisi də odur ki, bu balacanı öyrədərək
yamsıladıqlarına qəhqəhə çəkib gülürlər də. Bu, günümüzün reallığıdır...
Uşaqlığımdan maraqlı və yaddaqalan uşaq verilişi xatırlamıram. Yəqin ki,
uşaqlığı 90-cı illərə düşən hər kəs mənimlə həmfikir olar. Əslində,
telekanallarımızda uşaqlara həsr olunan verilişlər baxımından indiki
dövr həmin illərdən o qədər də fərqlənmir. Sadəcə, bir fərq var ki, indi
alternativ imkanlar daha çoxdur. Məsələn, səviyyəli, maraqlı,
maarifləndirici bir uşaq verilişimiz yoxdur, əvəzində bu boşluğu peyk
antenaları vasitəsilə xarici kanallardan, internetdən, disklərdən
izlədikləri əcnəbi ölkələrdə yayımlanan verilişlər, cizgi filmləri
doldurur. Bunların arasında nə qədər faydalı məlumatın olması isə başqa
mövzudur. Heç kimə sirr deyil ki, kütləvi informasiya vasitələri
arasında televiziyalar insan həyatına əhəmiyyətli şəkildə təsir edir.
Belə olan halda yuxarıda qeyd etdiyim monoloqlarla efirə çıxan uşaq
verilişlərimiz uşaqlarımıza hansı tərbiyəni aşılayacaq?
Pedaqoq
Əjdər Ağayev də aparıcılarımızın səviyyəsindən,
verilişlərin az və keyfiyyətsiz olmasından narahatdır. Mütəxəssisin
Publika.az-a bildirdiyinə görə, telekanallarımızda uşaq verilişləri
hazırlansa da, onların çox az hissəsi uşaqların diqqətini cəlb edir:
"Ona görə ki, uşaq verilişini aparan adamın özü uşaq psixologiyasını,
onun maraq dairəsini, dünyagörüşünü bilmir. Əslində, uşaq verilişləri
hazırlayan kanalların bir-biri ilə əlaqələri olmalıdır və verilişlər
bir-birini təkrar etməməlidir. Hər kanalın özünəməxsus uşaq verilişi
olmalıdır. Bizdə uşaq verilişlərində əsasən kiçikyaşlılar nəzərə alınır.
Amma nisbətən böyük yaşlı uşaqlar da, onların da maraqları nəzərə
alınmalıdır. Uşaq verilişinin aparıcısı hər hansı bir aktyor, aparıcı
olmalı deyil. O, uşaq aləmini bilən professional adam olmalıdır, nitqi
aydın olmalıdır, uşaq psixologiyasını bilməlidir ki, hansı uşağın
marağını nəyə cəlb etmək lazım olduğunu bilsin".
Eksperti ən çox narahat edən məsələlərdən biri də televiziyalarımızda
neçə illərdir ki, təhsilə aid verilişin olmamasıdır. Bəzi kanallarda
təhsilə aid veriliş yaratmağa cəhd olunsa da, sonda onu da şouya
çevirirlər: "İctimai kanalda "Açıq dərs" verilişi var ki, bu da şoudur.
Təhsildən şou olmaz. Bu verilişlər öyrədici xarakterli olmalıdır,
bununla bağlı sistemli iş qurulmalıdır və mütəxəssislərdən ibarət
redaksiya şurası, məsləhət şurası yaradılmalıdır. Təhsil verilişi təhsil
bilicilərinə, uşaq verilişi uşaq bilicilərinə tapşırılmalıdır".
Psixoloqlar hesab edirlər ki, burada ən çox narahatedici məqam
verilişlərin daha çox layihəni hazırlayanın, veriliş rəhbərinin
maraqlarına uyğun olmasıdır. Mütəxəssisilərə görə, uşaq verilişlərində
bütün məqamlar, hətta səhnənin hansı rəngdə olması, hansı personajların
olması, verilişin tərbiyəvi əhəmiyyəti, maarifləndirici xüsusiyyətlərinə
qədər hər şeydə psixoloqlardan da rəy alınmalıdır. Çox zaman isə məcbur
qalan balacalar alternativ olmadığı üçün Azərbaycan dilində yox, əcnəbi
dildə xarici kanallara baxmağa başlayırlar.
Uşaq psixoloqu
Narınc Rüstəmovanın Publika.az-a
bildirdiyinə görə, uşaq verilişlərində uşaqlara uyğun dil, intellektual
bacarıq üçün yarışlar təşkil olunmalıdır. Çünki uşaqlar həmişə
yarışmağı, güc göstərməyi sevirlər:
"Bu cür uşaq verilişlərinə böyük ehtiyac var. Bəzən uşaq verilişi, cizgi
filmi gecə saat 11-də verilir. Təbii ki, bu həmin verilişi sevən uşağın
yuxu rejiminə də təsir edir. Gec yatır ki, ona baxsın. Və ya uşaqlar
günorta yatan vaxtda - 14-17 arası onların baxacaqları verilişləri
efirdə vermək düzgün deyil. Bir də, yaxşı olar ki, uşaq verilişlərində
xarici cizgi film personajları əvəzinə bizim milli elementlərimizi
daşıyacaq "Cırtdan", "Məlik Məmməd" və digər bu tip personajlardan
istifadə olunsun".
Psixoloq hesab edir ki, aparıcının intellektual səviyyəsi də yüksək
olmalı, uşaqları doğru tanımalıdır. Bəzən aparıcı uşaq kimi danışaraq
uşaq verilişini aparır. Əslində isə bu, düzgün deyil. Bundan başqa,
uşaqlarla emosional kontakt - onlar kimi hiss etmək, onlar kimi
davranmaq lazımdır. Uşaq verilişlərində uşaqların yaşlarına uyğun
olmayan danışıqlarına gəlincə, N. Rüstəmovanın sözlərinə görə, bu həm də
valideynlərin səhvidir:
"Bunu təkcə verilişin yox, həm də ailə tərbiyəsinin günahı kimi görmək
olar. Valideynlər evdə uşaqların nitqinə, danışığına, özünü aparmasına
diqqət etməlidirlər. Sakit olsun, dağıdıb-tökməsin deyə özləri ilə bir
yerdə uşaqların da seriallara baxmasına, böyüklər üçün verilişləri
izləməsinə imkan verirlər. Ona görə belə hallar baş verir", - deyə
psixoloq bildirib.
Tanınmış diktor
Ofeliya Sənaninin Publika.az-a
söylədiyinə görə, gündəlik uşaq verilişini aparmaq bir qədər çətindir,
çünki hər gün mövzu tapmaq tələb olunur. Bəzən də bu verilişlərə az vaxt
qoyulur ki, bu da aparıcı üçün çətinlik yaradır. Keçmiş teleaparıcı
uşaqların yaşlarından böyük danışdığı verilişləri bəyənmir və
ümumiyyətlə izləmir:
"Bəzən uşaqları çoxbilmiş böyüdürlər. Məsələn, uşaq verilişdə danışır
ki, atam işdən gəlir, anamı öpür. Aparıcı da ona sual verir ki, harada
öpür ananı, o da cavab verir ki, yataq otağına keçirlər və orada öpür.
Mən heç belə verilişlərə baxa bilmirəm. O, uşaqdır, başa düşmür danışır
və aparıcı, gələn qonaqlar da ona gülürlər. Amma fikirləşmirlər ki, bu
həmin uşağın həmişə yadında qalacaq. Əslində, uşaq verilişlərinə
müxtəlif maarifləndirici, məsələn, yol hərəkəti qaydaları ilə bağlı
mövzular qoyula bilər. Uşaq işıqforu tanıyar, rənglərini, qaydalarını
bilər. Bəzən küçədə rastlaşırıq ki, uşaq işıqforda anasını eşitmir,
qaçır ki, yolu keçsin. Bunları biləndə isə təhlükədən uzaq olmuş olar".
Mütəxəssislər hesab edirlər ki, ümumiyyətlə, uşağın uşaq həyatı
olmalıdır. Efirdən biliyi, əlifbanı, hesabı öyrənməlidir. Uşağa efirdə
tərbiyəvi şeirlər oxumaq, gözəl nağıllar danışmaq, təxəyyülünü,
məntiqini inkişaf etdirmək, rəqsə, idmana həvəsləndirmək olar.
Milli Televiziya və Radio Şurasının sədrinin müavini
Qafar Cəbiyev də tamaşaçı və ziyalı kimi uşaq verilişlərinin səviyyəsindən
narazıdır. MTRŞ rəsmisinin Publika.az-a bildirdiyinə görə, bu baxımdan
Şuranın televiziyalara təzyiq etmək imkanları yoxdur:
"Televiziya və Radio Yayımı haqqında" Qanun yayımçılara yaradıcılıq
məsələlərində, proqram setkasını müəyyən etməkdə tam müstəqillik verir.
Yəni MTRŞ televiziyaların yaradıcılıq işinə müdaxilə etmir və bu
səlahiyyətinə malik deyil. Şura rəsmiləri, şura aparatının işçiləri
ssenari yazan deyil, yazılmış mətnləri redaktə edən deyil, bu, bizim
vəzifəmiz və borcumuz deyil. Bu, sırf yaradıcılıq məsələləridir və
kanallar bu işə məsuldurlar. Haradasa uşaqların hüququ pozulursa, biz bu
hallara münasibət bildirərik, ancaq tövsiyələr verə bilərik,
iradlarımızı bildirə bilərik. Qaldı ki, haradasa uşaq verilişlərinə
uşaqlar, onların maraqları ilə bağlı qanun pozuntuları olarsa, o halda
Şura müvafiq tədbirlər görər.
Q. Cəbiyev hesab edir ki, uşaq verilişlərinin keyfiyyətli olması
hamımızın arzusu olsa da, bütün hallarda arzu ilə, istəklə reallıqlar
arasında həmişə məsafə olur. Onun sözlərinə görə, uşaq verilişlərinin
səviyyəsi bütövlükdə cəmiyyəti qane eləmir. Elə bu səbəbdəndir ki, bir
müddət öncə Azərbaycanda uşaq kanalının açılması məsələsini
aktuallaşmışdı. MTRŞ rəsmisi bütün problemlərə rəğmən gələcəyə nikbin
yanaşır və hesab edir ki, bunların hamısının zamana ehtiyacı var və
tədricən düzələcək.
Məlumat üçün bildirim ki, qonşu ölkələrdə bu baxımdan gözəl nümunələr
var. Məsələn, məşhur türk müğənnisi Barış Mançonun apardığı uşaq
verilişi "Youtube"da hələ də izlənilir. Bu, onu göstərir ki, o, musiqiçi
olsa da, uşaq psixologiyasını gözəl bilirdi, hər bir uşağa ciddi
yanaşırdı, onun dünyasını meydana çıxarmağa çalışırdı və veriliş buna
görə populyarlıq qazanmışdı.
Digər bir məqam da ondan ibarətdir ki, bütün dünyada uşaqların kiçik
yaşlarından tərbiyəsinin pozulması siyasəti həyata keçirilir. Cizgi
filmləri, uşaq verilişləri vasitəsilə tərbiyənin pozulması, ailə
dəyərlərinin itməsi uşağın artıq yeniyetmə yaşında pozğun düşüncəli
birinə çevrilməsinə gətirir. Bu həm də ailə kultu mənəvi-əxlaqi normalar
sisteminin daşıyıcısı kimi hər zaman üstün olan Şərqdə cəmiyyətin məhvi
deməkdir. Bir misal çəkim, ötən ay britaniyalı siyasətçi Norman Lem
mətbuatda geniş işıqlandırılan çox iyrənc açıqlama ilə çıxış etmişdi. O,
bildirmişdi ki, uşaq telekanallarında homoseksual personajlardan geniş
istifadə edilməlidir. Bununla bağlı öz mövqeyini telekanal rəhbərlərinə
yazılı şəkildə göndərdiyini deyən siyasətçinin sözlərinə görə, belə
məhdudiyyətlərin qoyulması insan haqlarının pozulması deməkdir.
Avropa Parlamentinin vitse-prezidenti, qurumda Avstriya yaşıllarının
rəhbəri Ulrike Lunaçek siyasətə LGBT (lezbiyan, gey, biseksual,
transseksual) hüquqlarının müdafiəçisi kimi gəlib. Cinsi azlıqlara
xüsusi hüquq və imtiyazların tanınması barədə hesabatı ilə məşhur olan
Lunaçek 4 yaşlı uşaqlara "seksual tərbiyə və tədris"i nəzərdə tutan
qanun layihəsini irəli sürmüşdü. Dəhşətli odur ki, bu ağlın və əxlaqın
yiyəsi olan adamlar yüksək vəzifə tutur və ictimai fikrə bu qədər təsir
edə bilirlər. Bütün bunlar isə pozğun cəmiyyətə və əhalinin sayının
azalmasına yönəlib.
Bütün insanlar eynidir, ölkələr yad olsa da. Bütün körpələr məsumdur,
həm də hamısı bizim uydurduğumuz div və damdabaca nağıllarına eyni cür
inanır. Əgər reallığı dəyişə bilmiriksə, gəlin körpələrimizi, heç
olmasa, televiziyalara etibar etməyək.
Milli.az