Avropa Oyunları – dünyaya verilən ən vacib mesaj - Mövqe

Avropa Oyunları – dünyaya verilən ən vacib mesaj - Mövqe

Beləliklə, Avropa Oyunları geridə qaldı.

Azərbaycanda miqyasına görə keçirilən ən iri tədbirdən ölkə üzüağ çıxdı. 

Təşkilati işlərin nümunəvi qurulmasını təkcə Azərbaycan vətəndaşları deyil, ən əsası oyunlara gələn digər ölkələrin idmançıları, nümayəndə heyətləri, jurnalistlər xüsusi olaraq qeyd etdilər. Avropa Oyunları Olimpiada olmasa da, Azərbaycan bu yarışı Olimpiada səviyyəsində təşkil edib keçirdi ki, bu da dünyaya verilən mühüm siqnal oldu: Biz Yay Olimpiya oyunlarını keçirə bilərik. 

Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkili, miqyası, yarışlar barədə yazan xarici media, Bakının mini-olimpiada təşkil etdiyini xüsusilə vurğuladı. O da vurğulandı ki, bu mərasimlərin möhtəşəmliyi ola bilər təkrarlanmasın və növbəti oyunlar zamanı belə bir əzəmət ortaya qoyulmasın. Avropa Oyunlarının bundan sonra necə və hansı miqyasda təşkil ediləcəyi bizi əsla narahat etməməlidir. Ən əsası, Azərbaycan üzərinə düşən öhdəliyi yerinə yetirdi və bunu çox layiqincə etdi. Yəni, Azərbaycan öz nümunəsini dünyaya təqdim etdi.

Xatırlatmaq artıqdır ki, Bakının namizədliyi iki dəfə Yay Olimpiya oyunlarının keçirilməsi üçün irəli sürülüb və hər iki dəfə şəhərin belə miqyaslı tədbirlər keçirmə təcrübəsinin olmaması əsas gətirilərək, iddia təmin olunmayıb. Avropa Oyunlarının təşkili ilə Azərbaycan bu arqumentə də özünün əks və tutarlı cavabını verdi. 

Təşkilati işlər baxımından Avropa Oyunlarının gedişatı zamanı yarışlarda ana xəttin “biz belə tədbirləri keçirməyi bacarırıq və buna gücümüz də var” olması açıq görünürdü və əminəm ki, bu siqnalı bütün dünya, xüsusilə də Beynəlxalq Olimpiya Komitəsi aldı.    

Avropa Oyunları cüzi faiz adamları çıxmaq şərtilə, ölkədə həmrəyliyin yüksək səviyyədə olmasını nümayiş etdirdi. Oyunların keçirilmə müddəti ərzində insanlarda coşqu, yarışlara olan həvəsi, onları birbaşa canlı olaraq izləmək istəyi göz qarşısında idi. Yarışlardan kənar atmosfera da eyni dərəcədə yüksək idi. Hamı ölkəyə gələn qonaqlara lazım olduqda kömək etməyə hazır idi və bunu ürəkdən edirdi. Sanki bütün şəhər bir nəfər kimi “biz belə miqyaslı yarışları keçirməyə layiqik” deyirdi. 

Sosial şəbəkələrdə fəallıq, müzakirələr bəzi bədxahların “sadə vətəndaşlar Avropa Oyunlarına ən azından laqeyddirlər” kimi tezislərini alt-üst etdi. 

Bu günlərdə mediada olan həmrəyliyi də xüsusi olaraq qeyd etmək vacibdir. Çox azsayda media orqanını çıxmaq şərtilə, ölkədə fəaliyyət göstərən KİV-lərin böyük əksəriyyəti Avropa Oyunlarının işıqlandırılmasında, yarışların təbliğatında, oxuculara məlumatların operativ şəkildə ötürülməsində, ortaya çıxan anlaşılmaz məqamların düzgün izah edilməsində fəallıq və birlik nümayiş etdirdilər. 

Bundan başqa, Azərbaycan mediasının əsas müsbət cəhəti Avropa Oyunları ilə bağlı ölkəmizə qarşı başlanan çirkab kampaniyasına tutarlı cavabların verilməsində özünü göstərdi. Lazımi faktlar, düzgün təhlillər, vacib müsahibə və şərhlər Azərbaycana qarşı aparılan kampaniyanın ölkədə istimai-siyasi vəziyyətin guya pis olması ilə deyil, rəsmi Bakıya öz şərtlərinin qəbul etdirilməsi istəyi ilə bağlı olduğunu üzə çıxardı. 

Oxuculara həqiqi informasiyanın düzgün, vaxtında verilməsi nəticəsində anlaşılmazlıqların, dezinformasiya tipli məlumatların ayaq açmasına imkan verilmədi. 

Avropa Oyunları idman nəticələrindən başqa, sosioloji, siyasi nəticələrinə görə vacib oldu və yuxarıda qeyd etdiyimiz məqamları nəzərə alaraq, bu oyunlardan əla qiymətlə çıxdığımızı bəyan etmək lazımdır. 

Ən əsas nəticə isə, bizim bütün dünyaya verdiyimiz mesaj oldu – Biz bacardıq!!!

Emil Quliyev

Gün.Az-ın Baş redaktoru



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az