Azərbaycan: 224 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir

Azərbaycan: 224 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir

Astara Rayon Mərkəzi Xəstəxanasındakı çatışmazlıqlar aradan qaldırılır, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirib.

Bu açıqlama sosial mediada İrandan gələn və Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilənlərin xəstəxananın şəraitsizliyindən şikayət etdikləri videonun yayılmasından sonra verilib.

Azərbaycanda hazırda 224 nəfər koronavirus şübhəsi ilə həkim nəzarətindədir.

Bir gün əvvəl bu rəqəm 186 idi. Azərbaycan Səhiyyə Nazirliyi bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsində 7, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında 91 nəfər həkim müşahidəsinə alınıb.

Astara Mərkəzi Xəstəxanasında nə baş verib?

Sosial mediada yayılan videoda aralarında uşaq və hamilə qadının da olduğu deyilən 10-dan çox adamın xəstəxanada gözlədildiyi, lakin hər hansı müayinənin aparılmadığı iddia olunur.

Videoda danışan şəxs deyir ki, onlara bir saat ərzində müayinə olunacaqları deyilsə də, 6 saatdır ki, saxlanılırlar. O həmçinin palatalarda qalmaq üçün lazımi əşyaların, eləcə də gigiyenik vasitələrin olmadığını, su və qida ilə təmin olunmadıqlarını bildirir.

Görüntülərdə xəstəxananın həkimi saxlanılan adamların "yuxarıdan əmr gələndə buraxılacağını" deyir.

TƏBİB xəstəxanadakı çatışmazlıqların "aradan qaldırıldığını", videomaterialda adamların çarpayılarda mələfə və yastıqların olmamasını barədə şikayətinə isə çəkilişin "yataq dəstlərinin dəyişdirildiyi zaman aparıldığını" bildirib.

Məlumatda deyilir ki, Astara Rayon Mərkəzi Xəstəxanası gömrük-keçid məntəqəsinə yaxın olduğu üçün "karantin bölgəsi kimi istifadə olunur".

Qurum xəstəxanada "şəraitin yaxşılaşdırılması və lazımi vasitələrlə təmin olunması" yönündə işlərin davam etdiyini, gün ərzində "karantində olan vətəndaşların ehtiyaclarının təmin olunacağını" bildirib.

TƏBİB qurum rəhbərliyinin bir neçə gün öncə Astara Rayon Mərkəzi Xəstəxanasındakı şəraitlə tanış olduğunu və işində yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyevin işdən azad edildiyini qeyd edib.

Gürcüstana Azərbaycandan getmiş şəxsdə koronavirus tapılıb

Gürcüstanın səhiyyə naziri Yekaterina Tixaradze çərşənbə günü bildirib ki, İrandan Azərbaycandan keçməklə yenicə qayıdan 50 yaşlarında olan Gürcüstan vətəndaşında virus aşkar edilib.

Həmin şəxs bir həftə İranda qalıb və Azərbaycanın Astara gömrük-keçid məntəqəsindən keçməklə Gürcüstana daxil olub.

Yerli mətbuatın yazdığına görə, Yekaterina Tixaradze xəstənin tibbi vəziyyətinin qənaətbəxş olduğunu və Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasında karantində saxlanıldığını deyib.

Nazir bildirib ki, virusa yoluxmuş şəxs çərşənbə axşamı günü marşrut taksidə olmuş digər 12 nəfərlə birgə Gürcüstana Azərbaycanla sərhəddən daxil olub. Həmin şəxslərin hamısı xəstəxanaya yerləşdirilib, Reuters xəbər verir.

"Koronavirus yalnız bir nəfərdə tapılıb," - Yekaterina Tixaradze deyib.

Nazir əlavə edib ki, Gürcüstanda hazırda epidemiya təhlükəsi yoxdur.

Gürcüstanın Daxili İşlər Nazirliyinin Patrul Polis Xidmətindən BBC News Azərbaycancaya deyilib ki, "hazırda Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb və məhdudlaşdırılmayıb".

Bundan başqa, daha 4 Azərbaycan vətəndaşı Gürcüstanda xəstəxanaya yerləşdirilib, - Gürcüstanın Rustavi-2 Tv-si xəbər verib.

"Şübhə doğuran əlamətlər qeydə alınmayıb"

Gürcüstan vətəndaşının olduğu marşrut taksinin Azərbaycana, yoxsa Gürcüstana məxsus olması, sürücünün Azərbaycanaya qayıdıb-qayıtmaması, Astaradan Gürcüstan sərhədinə qədər yolda bu maşına minib-düşənlərin olub-olmadığı bəlli deyil.

Azərbaycanın Səhiyyə Nazirliyi (SN) çərşənbə günü İrandan Azərbaycana gələrək, daha sonra Gürcüstana getmiş şəxsdə Covid-19-un aşkarlanması ilə bağlı BBC News Azərbaycancaya bildirib ki, "həmin şəxs Astara gömrük-keçid məntəqəsində yoxlanıb və onda virus əlamətləri aşkarlanmayıb".

"Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilib və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib.

Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq, Astara gömrük-keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10-12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Beləki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər," - Səhiyyə Nazirliyindən bildiriblər.

Qurumdan, həmçinin "göstərilən faktla bağlı bütün tədbirlərin görüldüyünü, dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslərin, o cümlədən gömrük, sərhəd, tibb işçilərinin şəxsiyyəti müəyyənləşdirilib və onların tibbi nəzarətdə olduğu" bildirilib.

İranda vəziyyət necədir?

Çində tapılan koronavirusa yoluxma bir çox başqa ölkələrdə, o cümlədən qonşu İranda də qeydə alınıb. İranda azı 26 adamın virusdan öldüyü, 245-ə yaxın şəxsin yoluxduğu bildirilir.

Ümümdünya Səhiyyə Təşkilatı vəziyyəti pandemiya kimi qiymətləndirməsə də, dünya ölkələrini buna hazır olmağa çağırıb./bbc/
 
Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az