"Azərbaycan diasporu xaricdəki milli ordumuzdur" - Yəhya Babanlı
Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru
AZƏRBAYCAN DİASPORUNUN ALQORİTMİ Və ya erməni budaq cümləsi
(ELEMENTAR Azərbaycan diasporu öz tarixi keçmişi olan məlum mənşəyinə - Azərbaycan dövlətinə məxsusdur)
Bu yaxınlarda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən hazırlanan AZƏRBAYCAN RESPUBLİKASI "AZƏRBAYCAN ALİMLƏRİ DİASPORU” İNFORMASİYA SİSTEMİ istifadəyə verilibdir.
Ümumilikdə götürəndə bu qədər məlumatı bir mənbədə toplamaq və elektron bazanı formalaşdırmaq təqdirəlayiq hal olmaqla yanaşı, əlamətdar hadisədir.
AMMA
Gərək bu həyati vacib əhəmiyyətli istiqamətdə görülən işin alqoritmi riyazi məntiqə söykənsin, milli cisimli, dövlətçilik ruhlu olsun, birlik və həmrəyliyə hesablansın və cavab versin.
ANCAQ
Həmin portalın adı və tərtibatı olduqca uğursuz, heç bir məntiqə sığmayan, qrammatik cəhətdən uyğunsuz olmaqla yanaşı, məqsədyönlülük və monolitlik baxımından təhlükəli məqamlara aparıb çıxara bilər.
Əgər, ilk baxışdan yaxşı görünən layihə, sonradan qütbləşməyə, haçalanmaya və parçalanmaya aparıb çıxaracaqsa, deməli xeyirindən çox şəri vardır.
Buna görə də adına və tərtibatına yenidən baxılması ideoloji nöqteyi-nəzədən məqsədəuyğundur.
Azərbaycan uğrunda hər bir əməl "yüz ölçülüb bir biçilməli” və nəticə etibarı ilə milli təhlükəsizlik konsepsiyası ilə culğalaşmalı, maksimum dərəcədə uyğunluq təşkil etməlidir -
ələlxüsus, ümumdövlət və ümumxalq məsələsi olan azərbaycanlılar anlayışı və bunun xüsusi konturlarını dünyada əks etdirən Azərbaycan diasporu ilə əlqədar reallaşdırılan müvafiq tədbirlərdə.
Azərbaycan Respublikasının konstitutsiyasında təsbit olunduğu Azərbaycan Respublikasının ərazisi kimi Azərbaycan diasporu da vahiddir, toxunulmazdır və bölünməzdir.
(Azərbaycan diasporunu kateqoriyalara ayırmaq mümkündür, qruplaşdırılmış diasporlar formalaşdırmaq yolverilməzdir)
LAKİN
İki cəhəti var: şimal və cənub.
İki məqsədi var: birlik və həmrəylik.
İki vəzifəsi var: azərbaycançılıq və inteqrasiya.
Məhz yaxşı olardı ki, bu portalın adı: "Azərbaycan diasporunun elmi Potensialı” informasiya sistemi və ya "Dünya azərbaycanlı alimləri Platforması” məlumat bazası qoyulsun.
Tərtibata gəldikdə,
Birincisi, əksəriyyət alimlərimiz xaricdə təkcə fəaliyyət göstərmirlər, orada yaşayır və məskunlaşıblar. Hətta, aralarında birinci yox, ikinci və üçüncü nəsil soydaşlarımız və həmyerlilərimiz vardır.
İkincisi, portalı rəsmi qurum çərçivəsinə salıb və təqdim edilməsi yolverilməzdir.
Yəni, Dövlət gerbi daxil Azərbaycan Respublikası "Azərbaycan Alimləri Diasporu” İnformasiya Sistemi adlandırılması.
Zənnimcə, hüquqi və siyasi baxımdan yalnışdır.
Ona görə bəllidir ki, diasporla iş sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı mövcuddur.
Azərbaycan diasporunun milli identikliyini mühafizə etmək üçün bu sahədə imzalanan blankın başında Diasporla İş üzrə Dövlət Komitəsinin loqosu həkk olunmalıdır.
"Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANIna uyğun olaraq,
"Xaricdə yaşayan azərbaycanlılarla bağlı monitorinqin aparılması” funksiyasını Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi həyata keçirir və xaricdə yaşayan azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini və qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin edir.
QEYD: Doğrudur, bu sahənin tədqiqatçılarından biri kimi, Azərbaycan diasporunun şaxələnməsi, qol-budaq atmasının tərəfdarıyam. Beynəlmiləlləşməyi, Kontinentallaşmağı və İxtisaslaşmağı ilə bağlı bir sıra tövsiyə və təkliflərim olub.
MƏSƏLƏN
l. Ümumdünya Azərbaycan diaspor Assambleyası;
II. Birləşmiş Azərbaycan diaspor Katibliyi;
III. Ümumavropa azərbaycanlıları Şurası.
(Belə olduğu təqdirdə, lobbiçilik imkanları genişlənər və beynəlxalq təşkilatlarda müşahidəçi status almaq asanlaşar)
1. Dünya azərbaycanlı alimlər Assosiasiyası;
2. Dünya azərbaycanlı idmançılar Cəmiyyəti;
3. Dünya azərbaycanlı yaradıcılar Təşkilatı;
4. Dünya azərbaycanlı sahibkarlar Birliyi;
5. Dünya azərbaycanlı əməkçilər İttifaqı və s.
Tələbə və intellektual klubların yaranması labüddür.
Bir sözlə, elə addım atılmalıdır ki, ayrı-seçkiliyə gətirib çıxarmasın və narazılığa səbəb olmasın!
Görünüşü, tərkibi, harmoniyası pozulmasın.
UNUTMAYAQ
İndiki şəraitdə beynəlxalq münasibətlərin aktoru olaraq diaspor özü-özlüyündə yumşaq gücdür, bu fenomenlə elə həlim rəftar edilməlidir ki, əzilməsin, dağılmasın və amala, mərama çatsın.
Bunun üçün elmi və praktiki yanaşma şərtdir.
Əgər, tədqiqatçı, mütəxəssis, ekspertlərin iştirakı ilə iş aparılacaqsa, effektiv nəticə alınacaqdır.
Yox, "mənəm-mənəmlik” prinsipinə söykənən fəaliyyət göstəriləcəksə, onda bu "Ayı xidməti”ndən başqa bir şey olmayacaqdır.
Belə olduğu təqdirdə "qaş qoyan yerdə vurub gözün çıxarmayacağıq”, nəinki Azərbaycan dilinin normaları gözləniləcək, ”erməni budaq cümləsi” alınmayacaq: ən başlıcası Azərbaycan diasporunun mütəşəkkilliyi qorunacaqdır.
Sonda öz işimizlə bütöv bir ideyaya xidmət edəcək və ümummilli məsələlərə töhfə verəcəyik.
BELƏLİKLƏ
Azərbaycan diasporu xaricdəki milli ordumuzdur. Bu kontingenti bölmək olmaz, hissələrə ayırmaq olar. Yalnız strateji plan və vahid komandanlıq ətrafında birləşib məqsədə doğru irəliləyib üç rəngli müqəddəs bayrağımızı Vətən hüdudlarından kənarda dalğalandırmağa müvəffəq olacağıq.
Miq.Az