Azərbaycan vətəndaşından Səlim Müslümova-Açıq məktub...

Azərbaycan vətəndaşından Səlim Müslümova-Açıq məktub...
Azərbaycan Respublikasının Əmək və Əhalinin
                    Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova,
                       Azərbaycan Respublikasının vətəndaşından
 Açıq məktub

       Hörmətli Nazir. Biz bir neçə ay öncə nazirliyin facebook səhifəsindən müraciət edib fikirlərimizi bildirmişdik.   
Artıq səkkiz ildir ki, biz- Əhmədovlar ailəsi böyük sınaqlarla üz-üzəyik.
Amma nə yaxşı ki, dünyada yaxşı insanlar , öz işini sevən, məsuliyyətli vətəndaşlar, çətinlikdə olanı görüb yardıma yetişənlər, öz işini şərəflə yerinə yetirənlər var. 
       
Artıq uzun illərdir ki,biz amansız xəstəliklərlə mübarizə aparmalı olduq. Övladımızın doğum əsnasında həkim səhlənkarlığı üzündən aldığı ciddi həyati xəsarət, uşaq serebral iflic xəstəliyi, ardından bütün stresli günlərdən sonra özümün onkoloji xəstəliyim bizi xeyli sarsıtdı. Bütün bu müddət ərzində Azərbaycanın bir çox səhiyyə ocaqlarında olduq. Böyük təəssüf və peşmançılıq hissi ilə qeyd edirəm ki, nəinki həkimlikdən , heç insanlıqdan xəbəri olmayanlarla rastlaşıb mənəvi zərbələr aldıq. Bütün bunlar azmış kimi, Övladımızdan imtina edib hansısa dövlət müəssisəsinə təhvil verməyimizi məsləhət verən "həkim”-lərimiz də oldu. 
Ölkəmizdə dəqiq diaqnoz belə əldə edə bilmədiyimiz halda çarəni ölkəmizdən kənarda Türkiyə, Rusiya və İranda axtarmalı olduq və ümidlərimizin heç də boş olmadığını anladıq...
       
Bizim övladımız kimi övladı müalicə olunan bir anadan bəhs edəcəyim müəsisənin adını və "qeyri – adi”- təmənnasız xidmətin olduğunu eşitdikdə əvvəlcə inanmadıq. Valideyn israrla ora – Əhmədlidə yerləşən PROTEZ ARTOPEDİK BƏRPA MƏRKƏZİ-nə müraciət etməyi, yardımlardan yararlanmağı təkid etdi. Getdiyimizdə isə çox təəccübləndik. Bizi gülərüz bir kollektiv qarşıladı, bir günün işərisində bizim əvvəl yüzlərlə manata aldığımız bahalı ləvazimatları, xüsusi jilet, ayaqqabı və s. övladımıza təyin etdilər.  Müəyyən " hörmət" təklifinə isə rədd cavabı elə bir şəkildə oldu ki, ikinci dəfə o təkilifi etməyi heş kim xəyalına belə gətirməz. Direktor Asif Məcidovun ətrafında sıx birləşmiş bu kollektiv, baş mühəndis Elmira xanımın bilavasitə nəzarəti ilə həm xəstələrə, həm də onların yaxınlarına əllərində olan bütün vasitələrlə kömək etməyi özlərinə vicdan borcu bilirlər. Müraciətimizdən bir müddət sonra evimizə, mobil nömrəyə zəng olunduğunda isə daha çox təəccübləndik. Bizə "əlil” arabası, "xadunok” təklif olundu. Həm də , bizim yolumuzu nəzərə alıb adı çəkilən ləvazimatları evimizə çatdıra biləcəklərini söylədilər. Danışıq bitdikdən sonra isə hansı hissləri keçirdiyimizi sözlə ifadə etmək çox çətindir. Doğma vətənimizdə gördüyümüz laqeydlik, vicdansızlıq, mənəmmənəmlik və pulgirlikdən sonra bu eşitdiklərimiz bizi kövrəltdi. 
   
Axır ki, kimsə balaca NURAY haqqında , onun taleyi , rahatlığı barəsində düşünmüş, onun rifah halını yaxşılaşdırmağa çalışmışdı.
Biz gördüklərimiz, yaşadıqlarımız, qarşılaşdıqlarımız barəsində heç vaxt şikayət məktubu yazmamışdıq. Ancaq bu vicdanlı insanlar haqqında minnətdarlıq etməsək, ALLAH qatında günagkar olardıq. 
       
Biz əlimizi buralardan üzmüşdük. Sizə yazmaqda isə bir məqsədimiz var. Demə vətənimizdə də yüksək mənəviyyatla, xalqa,ehtiyacı olanlara yardım edə bilənlər var. Nədən qeyrilərinə də bu nümunəvi insanları nümunə göstərməyək? Nə olardı ki, bütün qurumlar bu cür qayğıyla, insanlıqla fəaliyyət göstərə. Bizim kimi övlad dərdi ilə əriyən nə qədər valideyn, övladımız kimi nə qədər körpə var. Onlar da ümidlə onlara uzanacaq əli, açılacaq qapını gözləyir. 
Biz-Əhmədova Nurayın ailəsi olaraq bizim ailəyə etdikləri insanlıq və  mənəvi dəstəkdən dolayı Asif müəllimə, Elmira xanıma və bütün kollektivə dərin təşəkkürümüzü bildiririk. Kaş ki, hər bir Azərbaycan vətəndaşı öz üzərinə düşən vəzifəni belə şərəflə və məsuliyyətlə daşıyaydı. Axı əslində də belə olmalıdır.
 
 Dərin hörmət və minnətdarlıqla Əhmədovlar ailəsi.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az