AZƏRBAYCAN ÜZƏRİNDƏN İRANA NÜVƏ MATERİALLARI ÖTÜRÜLÜB

AZƏRBAYCAN ÜZƏRİNDƏN İRANA NÜVƏ MATERİALLARI ÖTÜRÜLÜB

Almaniya polisi vasitəçi şirkətlər üzərindən Tehrana ağır su reaktoru üçün materiallar satan dörd nəfəri həbs edib, Türkiyə şirkəti də bu işdə vasitəçi olub

Almaniya polisi Azərbaycan və Türkiyədəki vasitəçi şirkətlərdən istifadə edərək İrana nüvə proqramlarında istifadə olunan materiallar satan dörd nəfəri həbs edib. “Röyter” agentliyinin xəbərinə görə, həmin şəxslər İrana qarşı tətbiq edilmiş beynəlxalq nüvə sanksiyalarını pozaraq Araks şəhərindəki ağır su reaktorunda istifadə olunan hissələri Tehrana satmaqda ittiham edilir. Bildirilir ki, şübhəlilərin Hamburq, Oldenburq və Veymardakı evlərində, habelə ofislərində axtarışlar aparılıb. Məlumata görə, həmin şəxslər İranla milyonlarla avroluq sövdələşmə həyata keçiriblər. Prokurorluğun bildirdiyinə görə, Rudolf M. Kianzad K. Qulaməli K. və Həmid X. Adlı şəxslər İrana satdıqları hissələrin nüvə fəaliyyətlərində istifadə olunacağını əvvəlcədən biliblər.

Almaniya qanunlarına görə, şübhəli hesab edilən şəxslərin barəsində tam məlumatların açıqlanması qadağandır. Bu baxımdan onların adları tam göstərilmir. Bildirilir ki, işlə bağlı daha bir şübhəli şəxs axtarışdadır. Məlumata görə, həmin şəxslərin axtarışı və həbs olunması üçün başladılmış əməliyyatda 90-a qədər gömrük və prokurorluq işçisi iştirak edib. Saxlanılanlardan biri Almaniya vətəndaşıdır, ikisinin həm alman, həm İran pasportu var, dördüncüsü isə İran vətəndaşıdır. “2010 və 2011-ci illərdə həmin şəxslər İranda ağır su reaktorunun tikintisi üçün xüsusi armaturları Türkiyə və Azərbaycandakı vasitəçi şirkətlər üzərindən Tehrana satıblar. Bununla da onlar İrana qarşı tətbiq edilmiş embarqonu pozublar” deyə, prokurorluğun yaydığı açıqlamada bildirilir. Məlumatda deyilir ki, şübhəli şəxslər xüsusi armaturun alıcısı kimi Azərbaycan və Türkiyədəki şirkətləri göstəriblər. Əslində isə həmin şirkətlər malı İrana ötürüb. Şirkətlərin adları göstərilmir.

İsrail mətbuatı isə yazır ki, Almaniya iş adamlarının İrana qarşı nüvə embarqosunu pozması birinci dəfə deyil. Bundan əvvəl alman vətəndaşı İranın Buşəhr AES-i üçün istifadə olunan materialları Tehrana satdığı üçün həbs olunub, lakin cərimələnərək azad edilib. Almaniya ilə İran arasında 4 milyard dollarlıq ticarət dövriyyəsi mövcuddur və Təl-Əviv bu ticarət əlaqələrinin nüvə sanksiyalarından yayınmaq üçün istifadə olunmasından narahatdır. “The Jerusalem Post” qəzetinin araşdırmasına görə, Almaniyadan İrana ikili təyinatlı materialların ötürülməsi ehtimalı həmişə yüksək olub. İran beynəlxalq sanksiyalardan yayınmaq üçün Azərbaycan və digər qonşu ölkələrdən istifadə edir. Bundan əvvəl İranın beynəlxalq maliyyə sanksiyalarından yayınmaq üçün bəzi Azərbaycan və Türkiyə banklarından yararlandığı məlum olmuşdu. ABŞ hökuməti rəsmi Bakıdan bu cür banklara qarşı tədbir görülməsini tələb edib. Azərbaycanın bəzi bankları milyard dollarlıq İran pullarının beynəlxalq transferində vasitəçilik edib və bundan yaxşı qazanc götürüblər.

Musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az