Azərbaycanda kürdlərin lideri istefa verdi

Azərbaycanda kürdlərin lideri istefa verdi

Azərbaycanda fəaliyyət göstərən “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Kamil Həsənov vəzifəsindən istefa verib. Bu barədə redaksiyamıza verilən məlumatda bildirilir ki, Kamil Həsənovun səhhətində problemlər yarandığından, təşkilatın işini faktiki olaraq yetərli səviyyədə apara bilmirmiş. Uzun müddətdən bəri bu vəziyyətin davam etməsi isə təşkilatın bir çox üzvlərinin ciddi narazılığına gətirib çıxarıb.

Mənbənin dediyinə görə, dəfələrlə Kamil Həsənova istefa verməsinin ən düzgün addım olacağı barədə müraciətlər və tələblər edilsə də, müsbət nəticə əldə etmək mümkün olmayıb. Qurumun daxilindəki narazılıqlar o həddə çatıb ki, Kamil Həsənovun səhhətinə də mənfi təsir göstərib. Son vaxtlar səhhəti daha da ağırlaşdığından fevralın 2-də istefa verib.

Mənbənin sözlərinə görə, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinə kimin sədr seçilməsi məsələsi ətrafında ciddi müzakirələr gedir. Namizədlər sırasında aktivliyi ilə seçilən bir neçə kürd əsilli şəxsin adı daha çox çəkilir. Kürd və Azərbaycan dilində çap edilən “Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman, “Rojhat”-Azərbaycan Kürd Gənclər Təşkilatının sədri Nicat Cəbrayılov və Kəlbəcər Tarix Diyarşünaslıq Muzeyinin direktoru Bərzani Əsgərovu mərkəzin rəhbəri kimi görmək istəyənlər var. Onların hansının daha şanslı olmasına və tərəfdarlarının çoxluğuna gəlincə, mənbəmiz söylədi ki, hərəsinin özünə görə üstünlükləri var. Tahir Süleymanın ölkə daxilindəki kürdlərlə yanaşı, Şimali İraq Kürd administrasiyası ilə sıx əlaqələrinin olması, hətta Məsud Bərzani ilə isti münasibətlərə malik olması onu rəqiblərindən fərqləndirən üstünlük sayılır. Nicat Cəbrayılov isə gəncdir və ictimai proseslərə yeni qatılıb. Ona ola bilsin ki, gənclər dəstək verəcəklər. Bərzani Əsgərova gəlincə, onun da şanslarına təsir edən nüanslar var. Belə ki, Bərzani Əsgərov Azərbaycan və dünya kürdləri arasında xüsusi hörmət edilən məşhur şair Şamil Əsgərovun oğludur. Bərzani Əsgərovun qardaşı Həjar Əsgərov da kürdlər arasında, o cümlədən də PKKyönümlü çevrələrdə  məşhur isimlərdən biridir. Bu və digər faktorlar B.Əsgərova stavka üçün təsir edə bilər.

Deyilənlərlə bağlı “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin mətbu orqanı olan “Dənqeyi kürd” qəzetinin baş redaktoru və Mərkəzin İdarə Heyətinin üzvü Seymur Alxanlı ilə danışdıq. O, Kamil Həsənovun fevralın 2-də istefa verdiyi barədə məlumatı təsdiqlədi. Həmçinin bildirdi ki, K.Həsənov səhhətindəki problemlərə görə istefa verib. Sədr vəzifəsinə seçkinin nə vaxt olacağı və kimlərin namizədliyi məsələsinə gəlincə, S.Alxanlı bunları dedi: “Martın 2-də seçki konfransı keçiriləcək. Hələlik rəsmi namizədlər yoxdur. Ad çəkmək isə indi düzgün qarşılanmazdı. Rəsmi olaraq namizədlər irəli sürüləndə biləcəksiniz”.

S.Alxanlı şəxsən özünün sədrliyə iddiasının olmadığını dedi./müsavat.com/



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az